Almaniyada daha bir azərbaycanlı intihara cəhd etdi

Hadisə

17.10.2019 - 22:54

Almaniyada 53 yaşlı azərbaycanlı özünə kəsici alətlə xəsarət yetirib

 

Azərbaycana qayıtmaq istəməyən daha bir həmvətənimiz özünə xəsarət yetirib.

 

AYNA xəbər verir ki, bu barədə Almaniyada yaşayan azərbaycanlı hüquqşünas, “Legat” inteqrasiya mərkəzinin rəhbəri Əlövsət Əliyev məlumat yayıb.


O bildirib ki, hadisə oktyabrın 14-də Almaniyada Izerlon şəhərində baş verib. Azərbaycana qayıtmaq istəməyən 53 yaşlı kişi özünə kəsici alətlə  xəsarət yetirib.


Sığınacaq üçün müraciət ərizəsinə imtina cavabı verildiyinə görə deportasiyası planlaşdırılan 53 yaşlı azərbaycanlı kişinin yaşadığı mənzilə deportasiyanı icra edən əməkdaşlar gəliblər. Lakin o, qapını açmayıb və içəri daxil olduqları təqdirdə, özünü bıçaqla öldürəcəyini bildirib. Merkişer rayon polisinin verdiyi məlumata əsasən, bundan sonra hadisə yerinə xüsusi təyinatlı polis çağırılıb və onlar mənzilə daxil olmağa müvəffəq olublar. Lakin polislər onun əlindən bıçağı alanadək  o, artıq özünə bir neçə dəfə xəsarət yetirib. Bundan sonra azərbaycanlı xəstəxanaya çatdırılıb.


"Bilirik ki, bu, birinci hal deyil. Həmvətənlərimiz daha çox deportasiyadan, bəzi hallarda isə həqiqətən Azərbaycanda onu gözləyən təhlükədən xilas olmaq üçün özlərinə qəsd etməyə və bu yolla da ölkəyə deportasiyadan xilas olmağa çalışırlar. Bu ilin sentyabrında Almaniyadan deportasiyaya etiraz edən və özünə qəsd edən  iki hadisə qeydə alınıb. Onlardan biri tək özünə, ikincisi isə özünə və əlavə 4 nəfər ailəsinə qəsd etmək istədiyi zaman polis tərəfindən dayandırılmışdır. Hazırda hər iki fakta görə araşdırma aparılır. nBizdə olan məlumatlara istinadən bildiririk ki, bu son hadisə də daxil olmaqla, 2018-2019-cu illərdə 19 nəfər həmvətənimiz özünə və ya ailə üzvlərinə qəsd etməklə deportasiya "təhlükəsindən" xilas olmağa çalışıb. Onlardan bəziləri bu yolla deportasiyanın qarşısını ala bilsələr də, bəziləri sonradan  könüllü olaraq qayıdıblar və ya üçüncü ölkəyə gediblər. İntiharlar nəticəsində ölənlər də var, cəzaçəkmə müəssisəndə olanlar da, xəstəxanalarda müalicə olunanlar da. Bir daha bildiririk ki, özünə qəsd xilas yolu deyil. Həqiqətən Azərbaycanda həyatınıza təhlükə varsa, o zaman 3-cü ölkəyə getmək istəyinizi bildirin və Aİ üzv olmayan və sizdən viza tələb olunmayan istənilən ölkəyə gedə bilərsiniz", - deyə Ə.Əliyev qeyd edib.

Müəllif: Ayna.az