Onun idarə etdiyi “KİA” markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib
Bakıda “Yaponçik” adı ilə tanınan kriminal avtoritet saxlanılıb. AYNA xəbər verir ki, bu barədə oxu.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Sentyabrın 11-də Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları, əvvəllər oğurluqda şübhəli bilinən, 1982-ci il təvəllüdlü Həsənli Rauf Orxan oğlunu saxlayıblar. Onun idarə etdiyi “KİA” markalı avtomobilin baqaj hissəsində aparılan axtarış zamanı 1 kiloqram 100 qram marixuana aşkar edilib.
Bundan əlavə, saxlanılan şəxsin üstündə də narkotik aşkarlanıb. Narkotikin satış üçün nəzərdə tutulduğu bildirilir. Hazırda saxlanılan şəxsin başqa cinayətlərdə iştirakının olub-olmadığı müəyyənləşdirilir.
Qeyd edək ki, R.Həsənli özünü, 2009-cu il oktyabrın 9-da sui-qəsd nəticəsində həyatını itirən Moskvadakı mütəşəkkil cinayətkar qrupun lideri, “qanuni oğru” Vyaçeslav İvankov (“Yaponçik”) əfsanəsinə bənzədir.
Əvvəldən “Yapon” olaraq tanınan cinayətkar (gözləri qıyıq olduğuna görə belə deyilib), sonradan “Yaponçik” adlandırılıb.