Aşırı yalan, ağır cinayət!

Aktual

26.02.2022 - 10:27

Kimin üzərində daha çox qan var - cinayət törədənlərin, yoxsa onu səssizcə seyr edənlərin?

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə operativ iclasda Ukraynada “xüsusi əməliyyat”ın gedişatını müzakirə edib. Onun fikrincə, “əsas toqquşmalar millətçi dəstələrlədir”. O, belə deyib: “Ukraynadakı nasistlər rus qoşunlarının yaşayış mənzillərinə atəş açmağa sövq etməyi planlaşdırır, onlar bütün dünyada terrorçular kimi hərəkət edirlər”.

“Kiyevdə məskunlaşan və bütün Ukrayna xalqını girov götürən narkomanlar və neonasistlər dəstəsi ilə razılaşmalar gözləmirəm. Rusiya hərbçiləri cəsarətlə, peşəkarcasına və qəhrəmancasına hərəkət edirlər”, - deyə Putin iddia edib.

Dərhal sual yaranır: Zelenski KVN-də çıxış edəndə, onun filmləri Rusiya telekanallarında nümayiş olunanda, “Kvartal 95” Rusiya Federasiyasında qastrol səfərində olanda “neonasist” idi, yoxsa hələ yox? Nəsə düz gəlmir. Xüsusilə xatırlasaq ki, əvvəllər Putinin özü də Zelenski haqqında, yumşaq desək, bir qədər fərqli danışmışdı.

Bununla yanaşı, təbii ki, etnik yəhudi, yəni alman nasistlərinin dəhşətli cinayətləri nəticəsində əziyyət çəkən xalqın nümayəndəsi olan Volodimir Zelenskini “nasist” adlandırmaq - lap ağ eləməkdir. Və bu, “Roskosmos”un rəhbərinin Rusiyada ksenofobik əhval-ruhiyyəni yaymaqda ittiham olunan Dmitri Roqozin olmasına baxmayaraq deyilir.

Vaxtilə Rusiya Yəhudi İcmaları Federasiyası Roqozinin rəhbərlik etdiyi “Rodina” partiyasını cəmiyyətdə faşizmi yaymaqda ittiham etmiş, Moskvanın keçmiş meri Lujkov isə onu “qaraguruh” adlandırmışdı. Belə vaxtlar var idi. Rusiya Federasiyasında mağaza müdiri yox, bütöv “Roskosmos”a rəhbərlik edən birinin keçmişi belədir. Amma belə “xırda şeylər” Rusiya Federasiyasının Prezidentini narahat etmir.

O, ukraynalıların 73%-dən çoxunun prezident seçkilərində Zelenskiyə səs verməsindən utanmır. Yeri gəlmişkən, bunlar real 73% idi və ümumiyyətlə, Rusiya Federasiyasında olduğu kimi deyildi. Hər halda, qəribə mənzərə çıxır - Putin ukraynalıların özlərini özləri tərəfindən girov götürdüklərini iddia edir. Eyni zamanda, o, ukraynalıların üçdə ikisinin fikrini əhəmiyyətsiz hesab edir, lakin başqa heç nə təklif etmir. Çünki başqa heç nə yoxdur. Onun kiməsə təklif etməyi planlaşdırdığı başqa bir şey və ya şəxs heç vaxt Ukrayna Prezidenti kimi tanınmayacaq.

İndi rus işğalçılarına qarşı çıxanlar haqqında

Bunlar öz evlərini müdafiə etməyə məcbur olan adi ukraynalılardır. Onların arasında Sergey Pritula kimi dünənə qədər aktyor olanlar da var. Borislav Bereza kimi Ali Radanın keçmiş deputatı da. Onların arasında Kiyevin meri, parlaq boksçu Vitali Kliçko da var. Onların arasında politoloqlar, siyasətçilər, müxtəlif yaş və peşə sahibləri var. Onların tanışları olan ruslar, o cümlədən qohumları, eləcə də vaxtilə Ukraynaya gəlib onun gözəlliyinə qəzəllər oxuyanlar indi başlarını torpağa soxub susurlar.

Qorxurlar. Beləliklə, Avropanın tam mərkəzində dəhşətli cinayətin səssiz ortaqlarına çevrilirlər. O cinayətin ki, ona inanılmaz dərəcədə aldadıcı bir forma geydirilir. Rusiya hərbçiləri Kiyevin yaşayış məntəqələrini atəşə tuturlar. Kiyev və Ukraynanın digər şəhərlərinin küçələrindəki tankları işğalçılar, yəni ruslar sürür. Adi ukraynalıların maşınlarını əzirlər. Necə ki, 1990-cı ilin yanvarında Bakıda sovet tankları minik avtomobillərini əzirdi.

Onlar “Xarkovskaya” metrostansiyası yaxınlığındakı ərazi də daxil olmaqla, Kiyevi bombardman edirlər. Keçən il oradan mənzil aldım. Orada təmir başa çatdıqdan sonra qızım və oğluma göstərəcəyinə söz verdim. Bitirə bilmədim. Göstərə də bilmədim. İndi uşaqlarım və həyat yoldaşım yeni reallıqda yaşayırlar. Yemək, şam, su, dərman yığmalı və rus təyyarələrinin basqınlarından və bombardmanlarından gizlənmək üçün zirzəmiyə qaçmağa hazır olmağınız lazım olan yerdə. Milyonlarla ukraynalı bu reallığa qərq olub. Çünki Rusiya Prezidenti Vladimir Putin belə istəyirdi.

Hansı ki, əslində dayanmağı düşünmür. Belə ki, “Baza” xəbər verir ki, Çeçenistandakı Milli Qvardiyanın əməkdaşları Ukraynaya yola düşməyə hazırlaşırlar. Söhbət Milli Qvardiyanın 10 minə yaxın əməkdaşından gedir. Kadırovun şəxsi sifarişi qeyd olunur. Düzdür, Kadırov özü bunu təkzib edir: “Çeçenistan təhlükəsizlik qüvvələrini göndərmir, onlar Prezidentin qoyduğu tapşırıqları yerinə yetirməli olduqları yerə getməyə hazırdırlar və respublikadan gələn könüllülər istənilən ərazidə istənilən xüsusi əməliyyat keçirməyə hazırdırlar”.

Kadırov “Siyahıya görə, bizim dövlətimiz - Rusiya uğrunda könüllü döyüşməyə hazır olan 70 min insanımız var”, - deyə bildirib və “Döyüşçülərlə dünənki görüşü güc nümayişi adlandırmaq olarmı” sualına belə cavab verib: “O “Banderaçılara”, dönüklərə güc göstərməyə dəyməz. Çünki onlar döyüşçü deyillər”.

Və bu “döyüşçü olmayanlar” artıq mindən çox rus işğalçısını, onlarla rus təyyarəsini və tanklarını heyrətamiz dərəcədə məhv ediblər.

Amma qeyd etmək istəyirəm ki, Ramzan Axmatoviç hiyləgərlik edir. “Qafqazkiy uzel” yazır ki, Ramzan Kadırovun adından açılan “Instagram” hesabının storisində bir müddət əvvəl təyyarədən gözlənilən enişlə bağlı videokadrlar, habelə meşədə dua edən Çeçenistan təhlükəsizlik qüvvələri ilə çəkilmiş fotolar yer alıb. Video Rusiya Prezidenti Vladimir Putinin Ukraynada xüsusi əməliyyat keçirəcəyi barədə açıqlaması ərəfəsində yayımlanmışdı.

Bu və ya digər şəkildə həqiqət tezliklə bütün dünyaya bəlli olacaq. Və sual yaranacaq: çeçenlər niyə Ukraynaya döyüşməyə getdilər? Federal büdcədən maliyyə subsidiyalarının artırılmasına görəmi? Deməli, Qərbin sanksiyaları Rusiyanın iqtisadi çöküşünə gətirib çıxaracaq. Onlar tezliklə indiki qədər ödəyə bilməyəcəklər.

Üstəlik, Ukrayna heç vaxt müsəlmanlara pislik etməyib. O, milyonlarla insanın evinə çevrilib. Ukrayna tərəfində öz vətənlərini müdafiə edən çoxlu sayda azərbaycanlı və ümumilikdə müsəlman döyüşür. Belə çıxır ki, Kadırovun qatilləri də Ukrayna müsəlmanlarına qarşı döyüşməyə hazırlaşır.

Mən çox uzun müddət yazıma davam edə bilərəm. Ancaq hər şeyin nə qədər açıq olduğunu başa düşmək üçün artıq yazılanlar kifayətdir. Dünya Rusiyanın indi Ukraynaya qarşı törətdiyi dəhşətli cinayətin mühüm tərkib hissəsi olan dəhşətli yalanla üz-üzədir. Və Ukraynaya, ümumiyyətlə, heç kim kömək etmir. Və bu vəziyyətə baxanda anlamaq çətindir ki, kimin üzərində daha çox qan var - cinayət törədənlərin, yoxsa onu səssizcə seyr edənlərin?...

Müəllif: Əkbər Həsənov