Ankara - İrəvan danışıqları uzun çəkəcək: Bu, sadə proses deyil 

Aktual

31.12.2021 - 10:27

Toğrul İsmayıl: "Ölkələr arasında uzun müddətdir ki, yığılmış problemlər var, onları həll etmək lazımdır"

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesi üçün hər iki ölkənin müəyyən etdiyi xüsusi nümayəndələrin ilk görüşü Moskvada keçiriləcək. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir bildirib ki, görüşün Moskvada keçirilməsi Ermənistan tərəfinin istəyidir. Türkiyə ilə Ermənistan arasında normallaşma prosesini dəyərləndirən Çavuşoğlu, hər iki tərəfin xüsusi nümayəndələr təyin etdiyini xatırladıb və belə davam edib: "Bizim təəssüratımıza görə, ilk görüş Moskvada keçiriləcək, Ermənistanın bu istiqamətdə istəyi var. Lakin ilk görüşdən başqa, biz birbaşa təmasların olmasını istəyirik".

İki ölkə arasında qarşılıqlı çarter reyslərinin tezliklə başlayacağına diqqət çəkən Çavuşoğlu Ermənistan və Türkiyə arasında qarşılıqlı səfərlər də daxil olmaqla birbaşa təmas qurulmasının və münasibətlərin normallaşması üçün atılacaq addımlar üçün yol xəritəsi müəyyən edilməsinin lazım olduğunu söyləyib.

"Ermənistanla münasibətlərin normallaşdırılması prosesində Azərbaycanla məsləhətləşmələr və koordinasiya vacibdir. Ümid edirəm ki, Ermənistan bu istiqamətdə davam edəcək. Ermənistanın mesajları müsbətdir, lakin əməliyyatları görmək istəyirik. Üçtərəfli olaraq addımları da ata bilərik", - Çavuşoğlu vurğulayıb.

Münasibətlərin normallaşması üçün yeni addımların atılmasının vacibliyini vurğulayan XİN başçısı əlavə edib ki, bu, Qafqazın sabitliyi, sülhü və rifahı üçün lazımdır: "Ona görə də onlar xüsusi nümayəndələrin burada ilk görüşü üçün yol xəritəsi ilə bağlı fikir mübadiləsi aparacaqlar. Bundan sonra onların mütəmadi olaraq görüşməsinin faydalı olacağını düşünürəm”.

Ermənistan tərəfi də nümayəndələrin Moskvada görüşəcəyini təsdiqləyib. Bu ölkənin Xarici İşlər Nazirliyindən bildirilib ki, ilk görüşün Moskvada keçiriləcəyinə qərar verilib. "Görüşün konkret tarixi bəlli deyil", - deyə XİN-dən qeyd olunub. 

Türkiyə və Ermənistan arasında münasibətlərin bərpa olunmasının perspektivləri ilə bağlı AYNA-ya danışan Türkiyənin Kahramanmaraş Sütçü İmam Universitetinin professoru, politoloq Toğrul İsmayıl deyib ki, Türkiyə Ermənistanla münasibətlərini normallaşdırmaq prosesində addımlarını Azərbaycanla müzakirə edərək atır. 

Politoloqun sözlərinə görə, rəsmi Ankara Azərbaycanın maraqlarını nəzərə alır: "Eyni zamanda, onu demək lazımdır ki, proses o qədər də, sadə deyil. Ölkələr arasında uzun müddətdir ki, yığılmış problemlər var, onları həll etmək lazımdır. Bu baxımdan, ölkələrin normallaşma müddəti üçün xüsusi nümayəndə təyinatları müsbət haldır. Nümayəndələrin görüşləri mütəmadi xarakter alacaq. 

İlk təmasın Moskvada baş tutması ilə bağlı razılıq, hesab edirəm ki, heç də təsadüf deyil. Rusiyanın rolu da nəzərə alınır. Xatırladım ki, Ermənistan Türkiyə ilə münasibətlərin bərpa olunması prosesində Rusiyadan kömək istəmişdi. Görünür, Rusiya buna müsbət yanaşdı. Vacib məqamdır ki, Kreml məsələyə isti münasibət göstərdi". 

"Münasibətlərin normallaşması üçün uzun danışıqların gedəcəyi bəllidir. Diqqətçəkən məqam ondan ibarətdir ki, hər iki tərəf ilkin olaraq iqtisadi məsələləri, iqtisadi əlaqələri gündəmə gətirirlər. İqtisadi sahədə əlaqələrin bərpa olunması, hazırkı vəziyyətdə çarter reyslərinin təşkili kimi məsələlər ilkin addımlardır. Belə addımlar yavaş-yavaş normallaşmaya təkan verəcək", - T.İsmayıl qeyd edib. 

Professor hesab edir ki, burada ən çətin məsələ Ermənistanın həm Türkiyəyə, həm Azərbaycana qarşı ərazi iddialarıdır: "Eyni zamanda, qondarma "soyqırımı" iddialarını İrəvanın gündəmdə saxlaması, Azərbaycanla barışın, qalıcı sülhün əldə edilməsinə o qədər də isti yanaşmamaları və digər məsələlər prosesin ləngiməsinə səbəbdir. Əlbəttə, bunlar vacib məsələlərdir. Ona görə də normallaşma prosesinin müddəti bir qədər uzun olacaq". 

"Bütün hallarda isə Türkiyə-Ermənistan arasında müzakirələrin başlaması lazımlıdır. Bu, Azərbaycan üçün də önəmlidir. Çünki Türkiyə ilə Ermənistan arasında münasibətlərin bərpa olunması Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına təkan verəcək", politoloq vurğulayıb. 

"Yenə deyirəm, tez bir zamanda müsbət nəticələrin əldə ediləcəyinə inanmıram. "Bu gün danışıqlar başladı, bir aydan sonra diplomatik münasibətlər tam bərpa olunacaq", demək sadəlövhlük olardı. Amma zamanla prosesin sürətlənəcəyinə, yaxşı nəticələr əldə olunacağına ümid edirəm", - T.İsmayıl əlavə edib. 

Müəllif: Anar Bayramoğlu