Ankara ilə İrəvan arasında bir ilk – Azərbaycanın da marağı ortadadır

Siyasət

13.01.2022 - 15:14

Deputat: “İlkin mərhələdə ciddi nəticələr gözlənilməsə də, növbəti mərhələnin təməl daşı kimi qiymətləndirilə bilər”

Politoloq: “Türkiyə Ermənistanla bağlı məsələlərdə tələsik addımlar atmaqda maraqlı deyil”

Yanvarın 14-də Moskvada Türkiyə ilə Ermənistan arasında ilk rəsmi görüş keçiriləcək. Türkiyəni bu danışıqlarda xüsusi təmsilçi Sərdar Kılıc, Ermənistanı isə parlamentin vitse-spikeri Ruben Rubenyan təmsil edəcək.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Ermənistan üzrə xüsusi təmsilçi təyin edilən S.Kılıc təcrübəli diplomatdır və uzun müddət qardaş ölkənin ABŞ-da səfiri olub. Ruben Rubinyan isə Türkiyədə yaşayıb və “Qrant Dink Fondu”nun maliyyə dəstəyi ilə orada araşdırmalar aparıb. İddialara görə, 31 yaşlı erməni diplomat türk dilini yaxşı bilir.

Rusiya paytaxtında baş tutacaq ilk rəsmi təmas Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasına, Azərbaycan-Türkiyə-Ermənistan yaxınlaşmasına hansı töhfələri verəcək? Bu görüşün nəticələri necə olacaq?

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Türk Şurasının və TÜRKPA-nın keçmiş Baş katibi Ramil Həsən AYNA-ya deyib ki, Şuşa Bəyannaməsinin imzalamasından sonra Azərbaycan və Türkiyə prezidentləri Ermənistana sülh və barış əlini uzatmağa hazır olduqlarını bəyan etdilər: “Bunun ardınca Türkiyənin milli müdafiə naziri Hulusi Akar açıqlama verdi ki, Azərbaycan və Türkiyənin barış təşəbbüslərinə Ermənistan müvafiq reaksiya verməlidir ki, bölgəyə, o cümlədən Ermənistanın özünə də sülh, əmin-amanlıq və təhlükəsizlik gəlsin. Bütün bunlar, əslində irəliyə doğru addımlar atmaq üçün verilmiş mesajlar idi”.

“Bu baxımdan Moskvada gözlənilən görüş təqdir olunmalıdır. Mənim şəxsən tanıdığım və böyük təcrübəyə malik olan Sərdar Kılıcın xüsusi nümayəndə təyin olunması isə çox müsbət hadisədir. Sərdar Kılıc çox təcrübəli diplomatdır və qardaş ölkəni ABŞ kimi mühüm dövlətdə təmsil edib”, - deyə həmsöhbətimiz bildirib.

Onun sözlərinə görə, Türkiyənin Ermənistana təyin etdiyi xüsusi nümayəndə Azərbaycanla münasibətlərə ciddi önəm verir: “Onun fəaliyyətinə yaxından bələd olan biri kimi deyə bilərəm ki, Sərdar Kılıc 44 günlük Vətən müharibəsində, ondan əvvəl və sonra Azərbaycana daim dəstək nümayiş etdirib və Türkiyənin Azərbaycanla müttəfiqliyinə xüsusi önəm verib. Belə bir peşəkar diplomatın Türkiyə-Ermənistan əlaqələrinə məsul şəxs kimi təyinatı mühüm məqamlardandır”.

R.Həsən xatırladıb ki, Moskva görüşü ilk rəsmi təmasdır: “Bu, həm də altılıq formatının inkişafı istiqamətində atılan ilkin addımdır. Hesab edirəm ki, Türkiyə və Ermənistan arasında münasibətlərin inkişafı, eyni zamanda Azərbaycan və Türkiyə ilə Ermənistan arasında yaxınlaşma cəhdi kimi də qiymətləndirilə bilər. Baxmayaraq ki, görüş öncəsi erməni tərəfi cəbhədə növbəti təxribatlar törətdi. Azərbaycan Ordusunun əsgərinin şəhid olması Ermənistanın növbəti təxribat cəhdidir. Təbii ki, bu, təsadüfi deyil və Ermənistanın daxilində olan bəlli güclər tərəfindən həyata keçirilib”.

“Görüş öncəsi Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun verdiyi açıqlamalar da diqqətdən yayına bilməz. Türkiyə xarici siyasət idarəsinin rəhbəri açıq şəkildə bildirib ki, “biz Ermənistanla münasibətləri Azərbaycanla razılaşdırılmış şəkildə bərpa etmək niyyətindəyik”. Bu isə öz növbəsində müttəfiqlik ruhuna uyğun bir açıqlamadır. İlkin mərhələdə bu görüşdən ciddi nəticələr gözlənilməsə də, altılıq platformasının təməl daşı kimi qiymətləndirilə bilər. Gələcəkdə mümkündür ki, Azərbaycan, Türkiyə, Rusiya və Ermənistan arasında da görüşlər baş tutsun. Çox təəssüf ki, Ermənistanın Baş naziri Nikol Paşinyan müstəqil siyasət yürütmək iqtidarında deyil və məhz elə bu səbəbdən də Azərbaycanın sülh və barışıq təşəbbüslərinə təkbaşına qərar verə bilmir”, - deyə deputat vurğulayıb.

Strateji Araşdırmalar Mərkəzinin (SAM) sabiq direktoru, politoloq Fərhad Məmmədov da AYNA-ya açıqlamasında bildirib ki, Ermənistan-Türkiyə münasibətləri 44 günlük Vətən müharibəsindən sonra yaranan yeni geosiyasi reallığın bir parçasıdır: “Ümumiyyətlə, bu formatın yaranması gözlənilən idi. Lakin Türkiyənin açıq-aydın mövqeyi var ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması Azərbaycanla Ermənistanın münasibətlərinin səviyyəsindən asılı olacaq. Belə bir formatın olması onu göstərir ki, Türkiyə Ermənistanla bağlı məsələlərdə tələsik addımlar atmaqda maraqlı deyil. Rəsmi Ankarada hesab edirlər ki, dərin və geniş müzakirələrin aparılmasına ciddi ehtiyac var. Bu, bir başlanğıcdır və heç şübhəsiz ki, davamı olacaq”.

Politoloqun sözlərinə görə, bu görüş tanışlıq xarakteri daşıyır: “Məlumdur ki, Türkiyə ilə Ermənistan arasında uzun müddətdir diplomatik münasibətlər mövcud deyil. Türkiyə dəfələrlə qeyd edib ki, Ermənistanın işğalçılıq faktına görə, bu ölkə ilə münasibətləri bərpa etməyəcək”.

“Artıq qeyd etdiyim kimi, müharibədən sonra regionda yeni siyasi reallıq yaranıb. Gələcək gündəliyin formalaşması istiqamətində müzakirələrin aparılacağı qənaətindəyəm. Hər iki tərəfin öz ilkin şərtlərini irəli sürməsi ilə xarakterik olan bu görüş eyni zamanda gələcək münasibətlərə də işıq salacaq. Bundan sonra Türkiyə, həm də Ermənistan real situasiyanı qiymətləndirərək, münasibətlərin bərpası prosesinə buna uyğun şəkildə rəvac verəcək”, - deyə Məmmədov fikrini tamamlayıb.

Müəllif: Azər Niftiyev