Almanları bizimki sağaldır, biz “yaxşı həkim” axtarışındayıq – TƏƏSSÜF

Cəmiyyət

23.12.2021 - 20:57

Kimsə həkimi firma dərmanları yazmağa məcbur etmir, kimsə həkimi şəxsi düşüncəsinə görə sıxışdırmır, bir həftəlik kurs görən kimsə özünə “uzman” adı vermir

Qohumum 7 il əvvəl Almaniyaya gedəndə çoxu onu qınamışdı. Hətta gənc qız olduğundan valideynlərinə “qızı təkbaşına “nemeslər”in içərisinə necə buraxırsan”, “istəsə, burada da yaxşı iş tapıb işləyə bilər”, “qızın nə işi var Almaniyada” kimi qınama cümlələri sərf etmişdilər.

Stereotiplərlə zəngin “xeyir-dua”lara baxmayaraq həmin gənc qız Bavariyada təhsilini bitirdi və gecə-gündüz xəstəxanada “aşağı mərtəbə”dən başalayaraq həkim peşəsini uğurla davam etdirdi. Gözünə döndüyüm qızımız bu yay alman həmkarı ilə ailə qurdu və beləcə xoşbəxt olduğunu bəyan etdi. Qoy bizim də alman kürəkənimz olsun, nəyi pisdir ki...?

Qızımız ölkəsini, doğmalarını arxasında qoyub xaricə gedəndə özü də gözəl bilirdi ki, böyük risk edir və qurban verdiklərinın ardınca nəhəng fədakarlıqları olacaq. Onun hədəfi birdəfəlik getmək deyildi, çoxu kimi ixtisaslaşıb geri gələcəkdi. Amma…

İllər ərzində elə hey istəyirdi dönsün. İldə bir dəfə Vətəninə tələsən gənc torpağına gələndə, həftəsi tamam olmamış alman dəqiqliyi, qanunları, ədaləti üçün ora tələsirdi. Cəhdləri və səbrləri boşa getdi, anladı ki, burada yaşaya bilməz. Artıq oranın tərbiyəsini necə götürübsə, qayıdıb burada sadəcə hər şeyi puç edəcəkdi. Seçimində haqlı idi. Çox yerdə sosial ədalətsizliyi, səhiyyədəki nöqsanları bilə-bilə ona çətin olardı.

Bu dəfə yenə də Almaniyaya gedəndə ona “xeyir-dua” verənlər susmayacaqdılar. Vallah, heç susmadılar da. “Ay qız, orda işin varsa, niyə geri dönürsən, ağlın olsun” dedilər. Hətta mən onu alman ilə ailə qurmağa belə, sövq edirdim. Bilirdim ki, başqa cür də ola bilməz. O boyda əziyyətinə, fədakarlığına alman kişisi qiymət versə də, qoy versin.

Bu uğur hekayəsinin qəhrəmanı qız olmasaydı, lap qarşı cinsdən olsaydı da, inandırım sizi, yenə ətrafdan qürbətə beləcə yola salacaqdılar - gedəndə “getmə”, qayıdanda “qal” deyənlər. “Getmə” deyənlərin çoxu, əmin olun ki, ürəyi kiməsə yandığından, ya narahatlıqdan demir. Bizim insanlar cəsarətli, əzmkar insanlara çox qibtə edirlər, yəqin bunun da səbəbi yediyimiz keyfiyyətsiz qidalardandır.

Hazırda Almaniyada 1028 nəfər azərbaycanlı həkim (2019-cu ildə bu rəqəm 877 nəfər olub) fəaliyyət göstərir. Hər dəfə sosial şəbəkədə Almaniyada yaşayan soydaşlarımızla bağlı qruplara baxanda onlarla fəxr edirəm. Amma fəxarətim bir az da üzüntümə qarışır. Çünki Almaniyada təhsil alıb qayıtmayanların çoxu mənim qohumum kimi seçim edib. Bu seçim çoxuna adi gələ bilər, yaxud “bəxtəvərdir”, “xoşbəxtdir” kimi qibtə olunar. Almaniyada işləyən həkimlərin çoxu bizdəki bərbad səhiyyə sisteminin dolayı yolla qurbanlarıdır. Qənaətimdə dramatikləşdirmə edirəm, amma bu, bir faktdir.

Seymur Kərimli, Kəmalə Şıxlı, Vüqar Əhmədov, Xuraman Əliyeva, Emil Qəhrəmanov, Fərid Əhmədli, Ülvi Şərif… Almaniyadakı həkimlərimizin hamısının ad-soyadını yazmasam da, onların çoxu yad yerin xəstəxanalarında şöbə müdirləri vəzifəsindədir. Öz əziyyətləri hesabına həmin yerlərə gəliblər. Tibb sahəsi kimi çətin peşə, alman dilini bilmək, tibbi terminləri əcnəbi dildə öyrənmək, özünü yerli həkimlər arasında fərqləndirmək böyük uğurdur. Amma böyük əməyin sonunda rahatlıq, hüzur var. Həmin rahatlığın tərifini verə bilərəm.

Orada kimsə həkimi firma dərmanları yazmağa məcbur etmir, kimsə həkimin boynuna pasiyentin məcburi bahalı müayinələrini qoymur, demir ki, xəstəni lazım oldu-olmadı bahalı tibbi aparatlara sal... Kimsə həkimi şəxsi düşüncəsinə görə təqib etmir, həkimlər arasında rəqabət əvəzinə yaltaqlıq xəstəliyi yoxdur. Ən əsas isə, həkim ali peşə sahibidir, onun sözünə və təlimatına böyük hörmət var. Xəstə bir həkimlə sağalır. Yaxşı və məsləhətli həkim axtarışında canından olmur.

Biri var həkim, bir də var mütəxəssis həkim. “Yaxşı həkim” telekanallarda reklam olunmur. Həkimin titulları sağlam və həqiqidir. Bir həftəlik kurs görən özünə “uzman” adı vermir. Ona görə də Almaniyada hər kəs həkim ola bilmir. Bizdəki kimi, böyrəyinin yerini bilməyənə diplom paylamırlar. Orada bizdəki kimi onlayn dərslə həkim “düzəltmirlər”.

Ona görə də, həkimlərimizin xaricə köçü davam edir. Və bu, bir həyəcan təbilidir: ya köçü dayandırmalıyıq, ya da gedənlərin geri dönməsi üçün dəyişməliyik…!

Müəllif: Raminə Eyvazqızı