Balıq və başqa su heyvanlarını tutmağa görə 109, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanıb
Respublikanın daxili işlər orqanları ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların və cinayətlərin qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, ötən il bu istiqamətdə keçirilən tədbirlər nəticəsində ağacların qanunsuz kəsilməsi faktı üzrə 85, balıq və başqa su heyvanlarını tutmağa görə 109, qanunsuz ovla bağlı isə 1 cinayət işi başlanıb.
Eyni zamanda, meşə qanunvericiliyinin tələblərini, yerin təkindən istifadə qaydalarını pozduqlarına və qanunsuz ov etdiklərinə, eləcə də mülki silahın daşınması qaydalarını pozduqlarına görə 938 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Onlara tətbiq olunan cərimələrin ümumi məbləği 42 min 20 manat təşkil edib.
Daxili İşlər Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublikanın şəhər və rayonlarında, meşə, park, müalicə-sağlamlıq, turizm zonalarının ərazilərində, su mənbələrinin və mineral bulaqların sanitar mühafizə zonalarında, Xəzər dənizinin sahil zolağında, çimərliklərdə məişət tullantılarının urnalardan kənar yerlərə atılması, sənaye və məişət tullantılarının qalaqlanması, su obyektlərinin çirklənməsi və zibillənməsi hallarının qarşısının alınması məqsədilə də tədbirləri davam etdirib.
Ötən il keçirilən birgə tədbirlər zamanı Bakıda və Abşeron rayonu ərazisində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) və 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması) maddələrinin tələblərini pozan 23 fiziki, hüquqi və vəzifəli şəxs müəyyənləşdirilib. Onların barələrində müvafiq tədbirlər görülüb və həmin hüquqi və fiziki şəxslərə 40 min 700 manat məbləğində cərimə tətbiq edilib.
Şəhər, rayon polis orqanları tərəfindən ötən il həyata keçirilən tədbirlər nəticəsində isə İnzibati Xətalar Məcəlləsinin 264-cü (su obyeklərinin mühafizə qaydalarının pozulması), 266.3-cü (məişət tullantılarının tutumlardan (urnalardan) kənara atılması) və 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddələrinin tələblərini pozan 3191 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Həmin şəxslərə tətbiq olunan cərimələrin ümumi məbləği 157 min 880 manat təşkil edib.