Addım-addım imperiyaya doğru və ya növbəti hədəf haradır?

Dünya

23.02.2022 - 22:49

Dmitri Zolotuxin: "Putinin qərarları tamamilə proqnozlaşdırıla bilən və məcburi xarakter alır"

Vitali Andrievski: "Putin Rusiya imperiyasını yenidən qurmağı qarşısına məqsəd qoyub"

2008-ci ildə Vladimir Putin Gürcüstanın ərazilərini işğal edərək, Abxaziyanın və Cənubi Osetiyanın "müstəqilliyini" tanıdı. İndi o, eyni şeyi Ukraynadakı iki separatçı qurumla da edib. İstər-istəməz özünüzə sual verəcəksiniz - sırada kim var? Postsovet məkanında iki “hazır” ərazi qalır ki, Kreml istəsə, eyni ssenarini reallaşdıra bilər. Bunlar Dnestryanı bölgə və Dağlıq Qarabağın bir hissəsidir ki, orada artıq Rusiya hərbi kontingentləri yerləşdirilib. Putini onlarla da eyni yolla davranmağa vadar edəcək nəsə baş verə bilərmi? Və Moskva bunu praktikada həyata keçirə bilirmi? Axı, hər iki ərazi Rusiya Federasiyası ilə həmsərhəd deyil.

Bəli, hələ Qazaxıstanın şimal bölgəsi də var ki, orada Rusiya Federasiyasının rəhbərliyi də süni şəkildə separatçı əhval-ruhiyyə yaratmaq və vəziyyətdən istifadə etmək iqtidarındadır - 1990-cı illərin lap əvvəlindən belə bir ehtimaldan danışılır.

Tanınmış ekspertlər yaranmış vəziyyətlə bağlı fikirlərini AYNA ilə bölüşüblər:

Dmitri Zolotuxin, Ukraynanın keçmiş informasiya siyasəti nazirinin müavini, Post-İnformasiya Cəmiyyəti İnstitutunun direktoru, Kiyev-Mogilyan Akademiyasının müəllimi:

- Putinin qərarları tamamilə proqnozlaşdırıla bilən və məcburi xarakter alır. Dərhal vurğulamaq lazımdır ki, Abxaziya, Cənubi Osetiya, eləcə də, qondarma "LXR" və "DXR"-in tanınması Putinin istədiyi üçün deyil, ABŞ-ın təzyiqi və uğurlu “yumşaq güc” siyasəti nəticəsində baş verib. Putinin nə qədər güclü və müdrik olması barədə uzun müddət mübahisə etmək olar, lakin onun fəaliyyətinin əksəriyyətini məhz onun öz strategiyası deyil, Qərb və NATO diktə edir. Hazırda onun başqa yolu yox idi və o, geosiyasi oyunda “stavkalar”ın növbəti yüksəlişi ümidi ilə Donetsk və Luqansk vilayətlərinin (ORDLO) müəyyən rayonlarını "müstəqil" kimi tanımağa məcbur olub.

Eyni zamanda, unutmaq olmaz ki, daha mühüm təhlükələr var – məhz Belarusun faktiki "anşlyusu" və Aleksandr Lukaşenkonun “puşilinizasiyası” (yəni Belarus Prezidentinin "DXR" lideri Denis Puşilin kimi itaətkar marionetkaya çevrilməsi), eləcə də Qazaxıstan üzərində tam nəzarət. İndi heç nə Putinə “DXR" və "LXR”in KTMT-yə daxil edilməsinə mane olmur. Növbəti mərhələdə isə Ermənistan Baş naziri Nikol Paşinyanın Qazaxıstanda KTMT qoşunlarından istifadə məsələsində itaətkarlığına görə əvəzini ödəmək qalır.

Bu kontekstdə təbii, düşünmək lazımdır ki, Dağlıq Qarabağ münaqişəsi həm Ermənistandan, həm də Azərbaycandan təzyiq və üstünlük əldə etmək vasitəsi kimi Putinə sərfəlidir. 

Dnestryanıya gəlincə, məncə, çox şey Moldovanın siyasi rəhbərliyinin mövqeyindən və Avropa İttifaqının dəstəyindən asılı olacaq. Lakin Putinin Dağlıq Qarabağla bağlı planları Bakı və Ankaranın “LXR" və "DXR”in tanınmasına necə reaksiya verəcəyindən asılı olacaq.

Vitali Andrievski, tarix elmləri doktoru, Effektiv Siyasət İnstitutunun direktoru (Moldova):

- Qısaca cavab versək, o zaman bir söz bəs edər - ola bilər. Ancaq bu, oxucular üçün kifayət etməyəcək, ona görə də daha ətraflı danışacağam.

Putin Rusiya imperiyasını yenidən qurmağı qarşısına məqsəd qoyub. Ya da SSRİ-ni - amma kommunist ideologiyası olmadan.
Bu gün onun üçün əsas məqsəd Ukraynadır. Amma tarixdən bilirik ki, işğalçıya dünya ictimaiyyəti tərəfindən reaksiya verilməyəndə, onun iştahı artır. Və biz hələ bilmirik ki, o, Ukraynanı ələ keçirə bilsə, ona nə mane ola bilər.

Dnestryanı ona kifayət etməyəcək, o, bütün Moldovanı istəyəcək. Sonra Belarus və Qazaxıstan. Sonra bəlkə də, təkcə Abxaziya və Cənubi Osetiyanı deyil, bütün Gürcüstanı ilhaq etmək istəyəcək. Daha sonra Özbəkistan. Sonra da təkcə Dağlıq Qarabağ deyil, həm də Azərbaycan və Ermənistan. Bəli, onun bunu bacaracağına inanmıram. Çox güman ki, Ukraynada onun dişləri qırılacaq. Amma bu cür cəhdlərin mümkünlüyünü də istisna etmək olmaz. Buna görə də ayıq olmaq lazımdır. Ehtiyatlı igidin anası ağlamaz. 

Müəllif: Rauf Orucov