İki ölkənin prezidentləri Qəzza zolağı sakinlərinin köçürülməsinə qarşı çıxıblar
ABŞ Prezidenti Co Bayden və Misir lideri Əbdül Fəttah əs-Sisi Qəzza zolağı sakinlərinin köçürülməsinə qarşı çıxıblar. AYNA xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, ABŞ Prezidenti söyləyib: "Biz birlikdə işləmək öhdəliyimizi təsdiqlədik və mülki insanların həyatının qorunması, beynəlxalq humanitar hüquqa hörmət və Qəzzadakı fələstinlilərin Misirə və ya hər hansı digər bölgəyə köçürülməməsinin təmin edilməsinin vacibliyini müzakirə etdik".
Agentliyin məlumatına görə, Misir də fələstinlilərin köçürülməsi ilə bağlı mümkün qərara qarşı çıxır və münaqişənin İsrail və Fələstində tam dövlətlərin yaradılması yolu ilə həllində israrlıdır.
Qeyd edək ki, bundan əvvəl Fələstinin Siyasi Büro üzvü və HƏMAS-ın xarici siyasət idarəsinin rəhbəri Musa Əbu Mərzuk demişdi ki, fələstinlilərin Qəzza zolağından Misirin Sinay yarımadasına zorla köçürülməsi planı mümkün deyil.