ABŞ və Filippin birgə hərbi təlimlərə başlayır

Dünya

22.04.2024 - 13:25

Pekin birgə təlimləri tənqid edib, bunun gərginliyi artırdığını və regional sabitliyi pozduğunu açıqlayıb

Bu gün Filippin və ABŞ qoşunları Manila və Pekinin dəniz sərhədləri ilə bağlı mübahisə etdiyi Cənubi Çin dənizində dəniz təlimləri də daxil olmaqla üç həftəlik birgə döyüş təlimlərinə başlayıb. AYNA “Reuters”ə istinadən bildirir ki, təlimlər aprelin 22-dən mayın 10-dək davam edəcək.

Çinin Cənubi Çin dənizində aqressiv davranışı fonunda Manila ilə müdafiə əlaqələrini gücləndirən Fransa və Avstraliya ilk dəfə Filippin ərazi suları xaricində keçiriləcək dəniz təlimlərinə qatılacaq.

Filippinin heç bir ölkəni hədəf almayacağını bildirdiyi təlimə hər iki tərəfdən 16 700 hərbçi qatılacaq.

Pekinin Cənubi Çin dənizində artan təzyiqinin mübahisəli dəniz ərazisinə iddialı olan Manilanı və orada fəaliyyət göstərən digər dövlətləri, o cümlədən ABŞ-ı narahat etdiyi bildirilir.

Pekin birgə təlimləri tənqid edib, bunun gərginliyi artırdığını və regional sabitliyi pozduğunu açıqlayıb.

Təlim zamanı ABŞ qoşunları və onların Maniladakı həmkarları Tayvan və qərbdəki Palavan əyaləti yaxınlığında düşmən tərəfindən işğal edilmiş adaların geri alınmasını simulyasiya edəcəklər.

Yada salaq ki, Cənubi Çin dənizinin mübahisəli hissəsində Çin Xalq Respublikası və Filippin sahil mühafizəçiləri qarşıdurmaya girib və nəticədə Çin və Filippin gəmiləri toqquşub.

Filippin Prezidenti Ferdinand Markos bildirib ki, ölkəsi Çin sahil mühafizə gəmilərinin təcavüzünə cavab verəcək.

Müəllif: Ayna.az