“The Wall Street Journal”: ABŞ dünya siyasətinin aparıcı oyunçuları ilə münaqişəyə girmək üçün kifayət qədər sursat və silah istehsal etmir
ABŞ Rusiya və Çinin təmsil olunduğu “böyük dövlətlər”lə yeni qarşıdurma dövrünə hazır deyil. AYNA xəbər verir ki, bu barədə “The Wall Street Journal”ın məqaləsində qeyd edilib.
Bildirilib ki, son onilliklərdə ABŞ əsas diqqətini Yaxın Şərq ölkələrində üsyançılara yönəldib. Lakin bu gün ölkə dünya siyasətinin aparıcı oyunçuları ilə münaqişəyə girmək üçün kifayət qədər sursat və silah istehsal etmir.
Nəşr Yaxın Şərqdəki terror qruplaşmalarına qarşı mübarizə dövründə ABŞ-ın daha az raket və sualtı qayıq istehsal etməyə başladığına diqqət çəkib.
“Tayvanla bağlı münaqişə baş verərsə, Vaşinqtonun uzaqmənzilli raketlərinin təxminən bir həftə ərzində tükənəcəyi məlumdur. Həmçinin ölkədə hərbi xidmətin cəlbediciliyi azalıb, səsdən sürətli silahların hazırlanmasında isə Rusiya və Çindən geri qalır”, - məqalədə qeyd olunub.
Nəşrin proqnozuna görə, yeni silah növləri yaratmaqla Vaşinqton yalnız 2030-cu ilə qədər bu iki ölkə üzərində texnoloji üstünlük təmin edə biləcək, lakin Tayvanla bağlı Pekinlə münaqişə daha erkən başlaya bilər.
Bununla yanaşı, jurnalistlər ABŞ-ın hərbi xərclərini hər il artırdığını, ölkənin silahlı qüvvələrinin əsas rəqiblərindən üstün olduğunu qeyd ediblər.