Amerikanın üç hərbi bazası raket hücumuna məruz qalıb
Suriyanın Deyr əz-Zor və Həsəkə əyalətlərində ABŞ-ın üç hərbi bazası ABŞ hərbçilərinə qarşı fəaliyyət göstərən ərəb qəbilə silahlıları tərəfindən raket atəşinə tutulub. AYNA xəbər verir ki, bu barədə “Fars” xəbər agentliyi məlumat yayıb.
Beş raket Amerika qüvvələrinin Koniko qaz yatağı ərazisindəki mövqelərinə, daha dördü isə Əl Ömər neft yatağı yaxınlığındakı ABŞ bazasında partlayıb. Ən azı bir raket Əl Şəddadi bazasındakı aerodroma düşüb.
Hadisə şahidlərinin sözlərinə görə, Konikodan səmaya qalın tüstü qalxıb.
Amerika hərbi komandanlığının Bağdaddakı nümayəndəsi hələlik bazalara hücum faktlarını təsdiqləməyib.
Suriyalı döyüşçülər öz bəyanatlarında vəd ediblər ki, onlar “harada olurlarsa olsunlar, bütün Suriya torpaqları işğalçılardan təmizlənənə qədər Amerika qoşunlarının qalalarını məhv etməyə davam edəcəyik”.
Bundan əvvəl Livanın “Əl-Əxbar” qəzeti ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Suriyadakı təsir zonasında qoşunları yenidən qruplaşdırmağa hazırlaşdığını yazıb. Nəşrin yazdığına görə, yeni əməliyyatın məqsədi əsas və strateji əhəmiyyətli təchizat yolu və İraqla sərhəd keçid məntəqəsi olan əl-Bukamal şəhərini nəzarətə götürməyə cəhd etməkdir. Beləliklə, Vaşinqton İranın İraq üzərindən mal çatdırmasının qarşısını almaq istəyir. Bu məlumatın rəsmi təsdiqi yoxdur.