ABŞ dövlət katibi Panamaya səfər edəcək

Dünya

23.01.2025 - 13:08

Həkimlər Klinikalar SEO Xidməti

Rubio Qvatemala, El Salvador, Kosta Rika və Dominikana da səfər etməyi planlaşdırır

ABŞ-ın yeni dövlət katibi Marko Rubio ilk xarici səfərini Panamaya edəcək. AYNA xəbər verir ki, bu barədə “Bloomberg”ə məlumatlı mənbə bildirib. Onun sözlərinə görə, səfər gələn həftə baş tutacaq.

Rubio həmçinin Qvatemala, El Salvador, Kosta Rika və Dominikan Respublikasına səfər etməyi planlaşdırır.

“Bloomberg” qeyd edir ki, bir qayda olaraq, Dövlət Departamenti rəhbərinin ilk xarici səfəri üçün ABŞ-ın müttəfiqi seçilir. Agentlik xatırladıb ki, Rubionun sələfləri Antoni Blinken və Reks Tillerson müvafiq olaraq Yaponiya və Almaniyaya səfər ediblər.

Rubionun bu səfəri ABŞ Prezidenti Donald Trampın Panama kanalı ilə bağlı açıqlamaları fonunda baş tutacaq.

Tramp bildirib ki, Panama hakimiyyəti kanaldan istifadəyə görə həddindən artıq yüksək tariflər müəyyən edib və Çin onun iş rejiminə öz təsirini göstərir. Tramp kanalın “səhv əllərə” keçməsinə imkan verməyəcəyini vurğulayıb.

Tramp yanvarın 20-də andiçmə mərasimindəki nitqində kanalın Panamaya verilməsinin “axmaq hədiyyə” olduğunu deyib və “onu geri almağı” ABŞ-ın planı adlandırıb.

Panama Prezidenti Xose Raul Mulino Trampın iddialarını “yalan” adlandırıb və onları rədd edib. Mulino vurğulayıb ki, "Panama kanalı Panamaya aiddir və bundan sonra da Panamaya məxsus olacaq". Əlavə edib ki, bu, "ABŞ-ın güzəşti və ya hədiyyəsi" deyil.

Öz növbəsində Panamanın BMT-dəki Daimi Nümayəndəliyi Trampın bəyanatları ilə bağlı təşkilatın baş katibi Antonio Quterreşə şikayət məktubu göndərib. Məktubda qeyd olunur ki, BMT Nizamnaməsinə uyğun olaraq, ölkələr “öz beynəlxalq münasibətlərində hər hansı dövlətin ərazi bütövlüyünə və ya siyasi müstəqilliyinə qarşı güc tətbiq etmək təhlükəsindən çəkinməlidirlər”. Sənəd BMT Təhlükəsizlik Şurasının 15 üzvünə paylanıb.

Panama kanalı Sakit okeandakı Panama körfəzini Karib dənizi və Atlantik okeanı ilə birləşdirir. Kanal qlobal dəniz ticarətinin təxminən 3%-ni təşkil edir. Hər il oradan 14 minə qədər gəmi keçir. Asiyadan ABŞ-a avtomobil və digər ticarət mallarının idxalı və Amerika mallarının, o cümlədən mayeləşdirilmiş təbii qazın (LNG) ixracı üçün kanal vacibdir.

Çin kanala nəzarət etmir, lakin Honq-Konqda yerləşən “Hutchison Holdings”in törəmə şirkəti kanalın girişlərində yerləşən Balboa və Cristobal adlı iki limanı idarə edir. Trampın açıqlamalarından sonra Panama hökuməti Honq Konq şirkəti ilə bağlı araşdırmalara başlayıb. 1997-ci ildə İngiltərə Honq-Konqun Çinə qaytarılması ilə sonuncuya iki limana nəzarət verilib.

Müəllif: Ayna.az