Muəllif:

ÖLÜMÜN XƏSTƏLİK OLACAĞI ERANIN ASTANASINDA

Xeyli vaxtdır illər əvvəl ölmüş atasının diriləcəyi xəyalı ilə yaşayır. Hər keçən gün o anın yaxınlaşdığını hiss edir. Əslində buna heç xəyal demək də olmaz. Çünki elm və müasir texnologiyalar 2030-cu ilə qədər  insanın həyatdan getmiş yaxınıyla bağlı xatirələrini onun DNK nümunələri ilə birləşdirib vəfat edənin virtual versiyasını yaradacaq. Modern dünyanın son nailiyyətlərinə baxanda bu yazdıqlarım heç də fantastika kitabından gətirdiyim iqtibas deyil, gerçəkliyin tam özüdür.

İlk baxışda ağlasığmaz səslənən bu fikirlər dünyanın ən tanınmış futuroloqlarından biri, hazırda Google korporasiyasının texniki məsələlər üzrə direktoru Rey Kursveylə (Raymond Kurzweil) aiddir. Məşhur ixtiraçı alım, “Ruhi maşınlar dövrü”, “Şüur necə yaradılmalı” və b. bestsellerlərin müəllifi olan 69 yaşlı “super zəka”nın şəksiz nüfuzu və şöhrətidir ki, Google onu süni intellekt üzrə araşdırmaların rəhbəri təyin edib. Bu təyinatda onun indiyə qədər etdiyi elmi-texniki “kəhanətlərinin” 86 (!) faizinin həyata keçməsinin də rolu az deyil…

2030-cu ilə qədər “nanorobotlar” beynimizi buludlara bağlayaraq (robotların insanın sinir sistemini virtual reallığa inikas etdirmələri) insan oğlunun “matritsa” (!) kimi virtual dünyada yaşamasına yol açacaqlar. Kursveyl nanorobotların insanın təbii immun sistemi üzərindəki çalışmaları nəticəsində onun ömrünü radikal dərəcədə uzadacağını proqnozlaşdırır. 2030-a qədər bütün ölümcül xəstəliklər üzərində qələbə çalınacaq. Və ölümlər artıq xəstəlik olaraq qəbul ediləcəklər ki, nanorobotların əsas vəzifəsi də onları müalicə olacaq. “Ölümü müalicə etmək” kimi yeni qavram çıxacaq meydana.

Heç bir dini qəbul etməyən yəhudi əsilli amerikalı alım üçün ən önəmli dönüş tarixi isə 2045-ci ildir. Kursveylə görə o zaman sinqulyarlıq dövrü başlayacaq – süni intellekt bioloji təkamülün inkişaf sürətini keçəcək, süni zəkanın hesablama gücü insan şüurundan milyard (!) dəfə yüksək olacaq. Bu dövrdən sonra insan bir də heç vaxt əvvəlki kimi olmayacaq. İnsan növ kimi fərqli olacaq.

Sinqulyarlıq dövrü başlayana qədər isə Kursveyl özünəməxsus bir qidalanma və həyat tərzi ilə yaşayır. 35 yaşına qədər sağlamlığına barmaqarası baxan alim, diabet 2 tipinə yaxalanınca həkim dostu Terri Qrosmanla birgə hazırladığı sistemdən kənara çıxmır. O, gündə (!) 250 ədədə yaxın müxtəlif vitamin və həb, 10 fincan yaşıl çay, 2 qədəh qırmızı şərab içir, ona venadan xüsusi qarışım yeridirlər. Kursveyl bu şəkildə qəbul etdiyi preparatlara ildə 1.6 milyon dollar pul xərcləyir. O, krionika kompaniyasının üzvüdür, yəni Kursveyl öldüyündə onun cansız bədəni maye azotlu xüsusi kapsulda saxlanılacaq ki, gələcəkdə tibbin inkişafı ilə yenidən dirildilsin.

Kursveyl “Sinqulyarlıq yaxındadır: insan biologiyanın sərhəddini nə vaxt keçəcək” adlı kult halına gəlmiş kitabında insan həyatının yaxında kardinal şəkildə dəyişəcəyini deyir, bunun utopiya və antiutopiya olmadığına vurğu yapır. “Yeni dövr hər şeyi dəyişdirəcək, ən əsası da insanın həyata və ölümə baxışını”, – belə deyir 69 yaşlı dahi.

İnanılması çətin olsa da belədir – biz sinqulyarlıq erasında süurumuzu beynimizdən kompyuterimizə “köçürəcəyik”. Bu kəhanəti “Yaşayan ən böyük zəka sahibi” professor Stiven Hoking də qəbul edir: “İnsan beynini nəzəri olaraq bilgisayara kopiyalayıb ölümdən sonrakı həyatı əldə etmək olar. Lakin bunun üçün bir az zaman lazımdır”.

Əgər insanın şüuru virtual gerçəkliyə “yüklənəcəksə”, onda o insan təbii ki, virtual bədənə də sahib olacaq. Kursveylə görə virtual bədən şübhəsiz ki, bədən üzvləri ilə detallandırılacaq, lakin şüurun var olması üçün bədənin illah da indiki kimi qırılqan, kövrək bioloji örtüyə malik olması şərt olmayacaq. Yəni insan öz virtual bədənini dəyişdirib, istədiyi şəklə sala biləcək…

* * * * *

Bəzən çox qibtə edirəm qonşularımıza. Hələ ipi 4.0 kimi şeyləri eşidincə paxıllıqlarını da çəkirəm. Onlar modern dünyadan bir xeyli geridə qalıblar. Bunu etiraf etmirlər, amma zəmanəyə ayaq uydurmaq üçün çabalayır, sayları sürətlə azalan ağıllı adamları nəsə bir şeylər etməyə təşəbbüs edirlər.

ipi 4.0 rusların yeni diskussiya platformudur. Bu platform Rusiyada 4-cü sənaye inqilabı, ona ilham verən fikirlər əsasında yaranıb. Abbreviaturasındakı i – industry , p – people, sonuncu i – ideas deməkdir. 4.0 isə 4-cü sənaye inqilabını göstərir.

4-cü inqilabın konsepsiyası 2011-də Hannover Sənaye Yarmarkasında açıqlanmış, əsas vurğu kiberfizika sistemlərinə, yəni “ağıllı detallarla” “ağıllı fabriklərin” inteqrasiyasına edilmişdi. Alman sənayeçiləri hazırladıqları bu konsepsiyanı hökümətlərinə təqdim edərək Dünyanın yeni tərəqqi strategiyasını müəyyən etdilər. Almanlar istehsalla kiberfiziki sistemləri bir bütün halına gətirməklə 4-cü sənaye sıçrayışının bünövrəsini qoydular…

Hər şey 300 il əvvəl — 1-ci Sənaye inqilabı ilə başlamışdı. İlk buxar makinaları və əl əməyindən texnikaya keçiş yeni bir dövrün başlanğıcı oldu. XIX əsrin sonundan fabrik və zavodların “konveyer+elektrik enerjisi=kütləvi istehsal”ı ilə 2-ci inqilab dövrü başlamış oldu. XX əsrin sonlarında istehsal proseslərinin avtomatlaşdırılması ilə 3-cü Sənaye inqilabını başlatdı. Lakin bu inqilabın ömrü uzun olmadı. Çünki insan oğlu Əlahəzrət İnternetlə texnologiya ilə zəka arasındakı sərhəddi sildi, müasir elm virtual aləmlə fiziki dünyanı birləşdirdi. Və 4-cü Sənaye inqilabı Yer Kürəsinin, hətta Kainatın belə çöhrəsini dəyişməyə başladı.

Rusların ipi – 4.0 platformunun ən önəmli qonaqlarından biri britaniyalı professor, futuroloq Ceyms Vudhayzen (James Woudhuysen) idi. O, dünyada bir çox elmi-texniki yeniliyi doğru təxmin edən futuroloq kimi keçib elm tarixinə. Vudhayzen İnternet TV-nin 1993-də yaranacağı haqda doğru təxmində bulunmuşdu.

Professor Vudhayzen mühazirəsində 4-cü Sənaye inqilabının Qərbdə yayılmasının ləng getdiyini deyir, robotlaşdırmanın hələki geniş tətbiq olunmadığına çəkir diqqətləri. Buna baxmayaraq məhz robotlaşdırma 4.0 Sənayesinin ən inkişaf edən sferasıdır və burada avanqard rolu Almaniya və ABŞ oynayır.

Dünya üzrə istehsal edilmiş robotların sayı hələlik cəmi 250 mindir. Yaxın gələcəkdə Çin, Yaponiya və Cənubi Koreya bu sahədə ən iddialı ölkələr olacaqlar. Vudhayzen bir çox futuroloq kimi Rusiyanın bu sahədə “oyundan kənarda” qaldığını deyir. Bunu Moskvada  dilə gətirməsi rusları böyük xəyal qırıqlığına uğratdı. Çexiya kimi kiçik bir ölkənin robot istehsalını 40 % artıraraq iddialı ölkələr siyahısına girməsini isə ruslar ümumiyyətlə həzm edə bilmirlər.

* * * * *

Vudhayzen Moskvada rus mediasına bir-neçə müsahibə verdi. Hazırlıqlı rus jurnalistləri suallarında tez-tez Rey Kursveylin fikirlərini dilə gətirir, dünyanın bu şəksiz avtoritetinin futuroloji proqnozlarından danışırdılar. Qonaq isə hər fürsətdə Kursveylin bir çox fikrini təkzib etməyə çalışır, onun uzunömürlülük kimi kəhanətlərini ciddiyə almadığını deyirdi. Qısacası, dünya ağzını açıb bu iki “vunderkind”in elmi mübahisələrinə və dünyanın bu qədər qısa zaman içində hardan haraya gəldiyinə  baxır.

Başqa, fərqli bir gələcəyə doğru gedirik. Gedişimiz buna hazır olub olmayacağımızdan asılı deyil. Daha dünənə qədər fantastika kitablarında oxuduqlarımız artıq həyatımızın ayrılmaz bir parçasına çevrilib. Və insanlar, ölkələr, hökümətlər zamanın bu çağırışına cavab vermək üçün sabahın yeni texnologiyalarını yaratmaq üçün müştərək hərəkətə başlayıblar.

Ölümün xəstəlik olacağı eranın başlaması güman ki, artıq 5-ci Sənaye inqilabına təsadüf edəcək. Məqaləni bitirərkən yadıma əziz müəllimim və elmi rəhbərim, görkəmli alim akademik Azad Mirzəcanzadənin Moskvadakı bir seminarda aspirantları önündə çıxışı düşdü. Auditoriyada Azad müəllimin Sovetin müxtəlif yerindən müxtəlif millətlərdən olan aspirantları var idi. Bu böyük dissident-alim elmin gələcək inkişafı haqda danışarkən Sənaye inqilablarını xatırlatdı və bir az pauza verərək:”Baxın, sənaye inqilablarının üçü də eyni coğrafiyalarda baş verib”,- dedi. Oturduğum partanın yanından keçərkən mənə göz vuraraq Azərbaycan dilində:”Deyə bildim?”,- dedi. O baxışlarını heç unutmuram. Gözlərində dərin bir kədər var idi…

İşıqlar içində yat, Böyük İnsan…

 

nebioglu.i@gmail.com

www.twitter.com/ibrahimnebioglu

 

 

 

 

Звёзд: 1Звёзд: 2Звёзд: 3Звёзд: 4Звёзд: 5Звёзд: 6Звёзд: 7Звёзд: 8Звёзд: 9Звёзд: 10 (16 оценок, среднее: 9,88 из 10)
Oxunma sayı: 969