Sözün əsl mənasında mədəniyyət hadisəsi
Həm musiqisevərlər, həm də haqqında söhbət açacağım tədbirin səbəbkarları bu ünsiyyəti uzun müddət idi gözləyirdi. Fevral ayının 3-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən Gənclər Günü münasibətilə tərtib edilən “Yeni gənclik” musiqi proqramları çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Zəhra Quliyevanın bədii rəhbəri olduğu “Detaşe” violinoçular ansamblının konserti keçirildi. 2007-ci ildən fəaliyyət göstərən kollektiv yaranışının ikinci on illiyini yaşayır.
Konsert öncəsi səhnədən tamaşaçıları salamlayan Zəhra xanım çıxışında əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasətinin indi İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirildiyini qeyd elədi. Rəhbəri olduğu “Detaşe” violinoçular ansamblının məhz gənclərdən ibarət olduğunu vurğulayan professor onlara böyük ümid bəslədiyini, gələcəkdə doğma vətənlərini uğurla təmşil edəcəklərinə inandığını söylədi.
Xüsusən bu sırada kollektivin konsertmeysteri, Prezident mükafatçısı Zərrin Əliyeva, beynəlxalq müsabiqələr laureatları Şükufə Rəsulova, Xədicə Mirqulamlı, Osman Mustafazadənin uğurları barədə dinləyiciləri məlumatlandırdı. Həmçinin bugünkü görüşün fərqli bir ab-havada, Ali Baş Komandanın qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik rəhbərliyi və xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə 44 günlük müharibə nəticəsində Azərbaycan ordusunun qazandığı ən şanlı və şərəfli qələbəsi - ərazi bütövlüyünun bərpası kimi möhtəşəm hadisədən sonra baş tutduğunu xüsusi vurğuladı. Uzun illər acısını yaşadığımız həsrətin qalibiyyət sonluğu uğrunda canından keçən hər bir şəhidin ruhu qarşısında baş əydiyini, qazilərimizin sağalaraq ayağa qalxmalarını Tanrıdan dilədiyini dilə gətirən Zəhra xanım səhnəni yetirmələrinin ixtiyarına buraxdı.
Tamaşaçıların alqış sədaları altında səhnəyə çıxan kollektiv konserti görkəmli alman bəstəkarı Qeorq Fridrix Hendelin “Passakaliya” nömrəsi ilə açdı. Bəstəkarın 7 saylı sol minor, klavesin süitasının son bölümü olan həmin əsər Qərbi Avropa klassik irsindən bu günümüzə qədər gəlib çatan populyar mövzulardan biridir. Sarabanda, Çakona kimi qədim rəqslər qrupuna aid olan Passakaliya (ispan mənşəli rəqsin tərçüməsi “küçə yürüşü” deməkdir) da dəyişməz bas özəyin (basso ostinato) üzərində qurulan variasiya ardıcılığından ibarətdir. İfaçılarımızın təfsirində Passakaliyanın məzmunundakı qəhramanı və patetik ruh olduqca inandırıcı səslənərək musiqi axşamının prelüdüyası kimi dinləyiçiləri gecənin axarına köklədi.
Növbəti kompozisiya isə XIX əsr romantizminin görkəmli nümayəndəsi, Avstriya bəstəkarı Frans Şubertin Lya major Adagiosu idi. Asafyevin sözləri ilə desək, “həyatın təzadlı dönəmini əksər insanların duyduğu kimi” öz əsərlərində əks etdirən Şubert burada da üslubuna sadiq qalmışdı. Serenada təbiətli mahnıvari pyesin üçsəsli versiyası mövzunun əsasını təşkil edən işıqlı məhəbbət ruhunun parlaq açımını şərtləndirirdi.
Ardınca alman bəstəkarı Karl Bomun “Daimi hərəkət”i op.187, romantik auraya bir qədər xəfiflik gətirdi. Qeyd etmək istərdik ki, əsərin adından göründüyü kimi musiqi mator xüsusiyyətlidir. Melodiya hərəkəti eyni notun ikili təkrar şəkilində qısa səs hasiletmə üsülu ifa olunması ilə həyata keçirilir. Belə halda ansambl ifaçıları arasında həssas sinxronluq vacib amildir.
Növbəti əsər yenidən F.Şubert yaradıcılığına qayıdışla diqqəti cəlb etdi. Bu dəfə isə melodiyanın füsunkarlığı ilə heç kimi biganə qoymayan “Ave Mariya” səsləndi. Yəqin bir çoxları yeniyetmə Lobertino Lorettinin təfsirində həmin bəstəni dinləyiblər. İstedadlı pianoçu Səbinə Muradovanın həssas təvsirində səhnə tərəf müqabillərinin tarazlı ansambl mizanı ilk xanələrdən çox məharətlə alınırdı.
Daha sonra müasir alman bəstəkarı İoahim Yohovun “Antonionun yuxusu” adlanan və italyan sənətkarı Antonio Vivaldiyə həsr edilən kompozisiya dinləyicilərə təqdim olundu. Bu əsər ümumən proqram boyu royalın iştirakı olmadan səsləndirilən yeganə numunə idi. İfaçılar solist səviyyəsində yazılan partiyaların öhdəsindən uğurla gəldilər.
Ardınca Ustad Zəhra Quliyeva səhnəyə çıxdı. Hər çıxışında repertuar fərqliliyi ilə seçilən professor bu dəfə də əqidəsinə sadiq qaldı. Avstriyalı xanım bəstəkar Mariya Tereza fon Paradis kiçik yaşlarından görmə qabiliyyətini itirməsinə baxmayaq nikbin ruhu və əyilməz qüruru ilə sevdiyi sənəti-musiqiyə bağlılığı ilə hamını heyrətləndirmişdi. Yeddi yasında Perqolezinin “Stabat Mater” əsərində orqanda özü ifa etməklə oxuyan qızın çıxışı konsertdə iştirak edən imperatriçəni riqqətə gətirdiyindən istedadlı uşağın təhsilini davam etdirmək üçün təqaüd ayırmasını tapşırır. Zəhra xanımın ifasında bəstəkarın postoral ritmli “Siçiliana” pyesinin məzmununda işıqlı intonasiyalar insanın fiziki qüsurlarına baxmayaraq qarşısına qoyduğu məqsədə özünə inamla və əyilməz əqidə ilə hərəkət etməsinə çağırır. İfa zamanı iki fərdin - xanım bəstəkar və xanım təfşirçinin mövcud əsər çərçivəsində ruhi bağlılığı aydın duyulurdu.
Növbəti əsər sözün əsl mənasında maraqlı mədəniyyət hadisəsi oldu. Deməli alman bəstəkarı İ.Yohovun “Antonionun yuxusu” bəstəsi birinci dəfə 2019-cu il noyabrın 27-də Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının böyük zalında uğurla ifa olunub. Zəhra xanım konsertin videoyazısını bəstəkara göndərdikdən sonra, İ.Yohov “Detaşe”çilərin böyük ustalığına valeh olaraq məhz onlara həsr edəcəyi əsər yazmağa söz verir. Nəticədə məhz həmin axşam üçün bəstələnən “Vals” adlı həzin kədərli kompozisiya ilk dəfə olaraq səsləndi.
Nəhayət, səhnə solistlərin ixtiyarına verildi. Əvvəlcə dinləyiçilər önünə Süküfə Rəsulova və Xədicə Mirqulamlı təqdim olundular. Hər ikisi keçən il magistr pilləsini uğurla başa vurublar. Eyni zamanda ABŞ-da keçirilən gənc duetlər müsabiqəsinin Qran-Pri mükafatı laureatlarıdır. Həmçinin yeni formlaşan gənclərdən ibarət “Avanqard” kamera orkestrinin üzvləridir. Söhbət açdığımız duetin ifasında italyan bəstəkarı və violin ifaçısı A.Vivaldinin İki violin və orkestr üçün D-dur konsertinin III hissəsi fortepiano müşayiəti versiyasında səsləndi.
İtaliyalı virtuoz instrumental konsert janrının bilavasitə yaradıcısıdır. Solist və orkest arasında dialoq prisipinə əsaslanan janr əsrlərin musiqi həyatının bütün çevrilişlərinin içindən keçməklə bu günümüzə qədər gəlib çataraq öz aktuallığı qoruya bilib. Hal-hazırda dünya violin ədəbiyyatı repertuarında müxtəlif üslub yönümlü bəstəkarlar tərəfindən yaranan və yüksək estetik dəyərlərə malik olan nümunələrlə yanaşı Vivaldinin konsertləri sevilə-sevilə ifa olunur. Xüsusi olaraq vurğulamaq istərdim ki, Şükufə və Xədicənin Səbinə Muradaova ilə musiqili dialoqu inandırıcı görünürdü.
Növbəti səhnəyə çıxan BMA-nın III kurs tələbəsi Osman Mustafazadə sənət yollarının sirlərini inamla və yorulmadan öyrənməklə irəliləyən gənclərdən biridir. O, 2019-cu ildə Amerika Birləşmis Ştatlarında, Nyu-Yorkda yerləşən və dünyada ən nüfüzlu klassik musiqi məkanlarından biri sayilan “Carnegie Hall”-da keçirilən “Golden Classical Music Awards” adlı beynəlxalq müsabiqədə, violin naminasıyasında I yeri qazanaraq oxuduğu təhsil ocağında ilkə imza atmışdı.
Osman tərəfindən əvvəlcə Niyazinin “Xosrov və Şirin” operasından Şirinin ariyası səsləndi. Niyazinin dolğun melodik kantilena üslubunda yazılan əsəri Osman tərəfindən bütün çalarların açımı ilə diqqət cəlb edirdi. Yayın geniş çərçivədə hərəkəti, üstəlik fasiləsiz vibrasiya ilə sinxronluğu müxtəlif diapazonlarda yerləşən parçaların bir cümlə çərçivəsində əlaqələnməsini şərtləndirirdi.
Növbəti kompozisiya XIX əsrin sonu-XX əsrin ortalarında zəngin konsert həyatı ilə və ümumən fövqəladə istedadı ilə diqqəti cəlb etmiş avstriyalı violin ifaçısı və bəstəkarı Frits Kreyslerin “Çin tamburini” op.3 pyesi oldu. 10 yaşında Vyana konsertvatoriyasını qızıl medalla bitirən Kreysler romantizm dövrünün son mogikan ifaçılarından biri idi. O, bir bəstəkar kimi digər həmkarlarından fəqli olaraq miniatür kompoziyalara üstünlük verirdi. Osmanın təfsirində səslənən “Çin tamburini” 1910-cu ildə yazılıb. Əsərin kökündə qədim fransız rəqsinin formasında çin musiqisi üçün xarakterik pentatonika intonasiyalı zəngin cümlələrin virtuoz ifa fəndləri ilə sintezi durur. Osman çox sərbəst şəkildə texniki çətinliklərin öhdəsindən gəlirdi.
Solistlərin çıxışından sonra səhnəyə tam tərkibdə qayıdan “Detaşe”nin ifasında səslənən fransız bəstəkarı Qabriel Forenin “Oyanış” romansı axşama romantik ab-hava gətirdi. Ardınca macar bəstəkarı İ.Bramsın “6 saylı Macar rəqs”i və M.Lermantovun “Çovğun” pyesinə rus bəstəkarı Q.Sviridovun musiqi illustrasiayası silsiləsindən “Romans” nömrəsi idi. Moldav bəstəkarı Yevqeni Doqanın rejissor Emil Latyanunun “Mənim mehriban, zərif məxluqum” kinofilminə yazdığı məşhur “Vals”ı isə UNESCO tərəfindən rəsmi olaraq XX əsrin ən yaxşı beş melodiyasından biri kimi siyahıya salınıb.
Konsert proqramının sonuna yaxın Ü.Hacıbəylinin “Koroğlu” operasının II hissəsindən “Qızların iki rəqsi” axşama xüsusi özəllik gətirdi. 1938-ci ilin aprelin 5-də Moskvanın Böyük Teatrında Üzeyir bəyin operasının parlaq premyerası paytaxtın bir çox görkəmli mədəniyyət xadimlərinin diqqətini cəlb edərək müsbət rəylər yaratmışdı. O zamanlar teatrın priması, balerina Olqa Lepeşinskaya məhz II hissədə rəqqasələrin təbii və valehedici plastikasını məxsusi vurğulamışdı.
Musiqi axşamının apafeozu Tofiq Quliyevin “Sevgi valsı” oldu. Bəstəkarın məhəbbətlə nurlanmış hamıya tanış intonasiyaları konsertdə dinləyiçilərinə ünvanlanan sevginin nişanəsi idi. Bəli, həmin axşam musiqisevərlər hər biri özü ilə bir sevgi payı apardı. Sonuncu nömrənin ardınca alqışlanan kollektiv təkrar səhnəyə dönərək əvvəlcə Eduard Qradeskinin “Reqtaym” və Qara Qarayevin “İldırımlı yollarla” baletindən “Ehtiraslı qızın rəqsi”ni ifa etməklə çıxışlarını bitirdilər. Həmin axşam dinləyicilər zərif, amma olduqa istedadlı gənc xanımlardan ibarət “Detaşe” violinoçular ansamblı vasitəsilə müxtəlif coğrafi paralellərdə yaşayan fərqli üslublu bəstəkarların musiqi dünyasına səyahət etdilər.
Müstəqil Azərbaycanın musiqi sənəti gənc, istedadlı kadrların ildən-ilə püxtələşən peşakarlığı nəticəsində durmadan inkişaf edir. Təcrübəli ustadların nəzarəti altında sistematik formada baş tutan tədrisin uğurlu nəticələri göz qabağındadır. Düşünürəm, fevralın 2-də Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumunda Dövlət başçısının: “...Biz azad ölkədə yaşayırıq, sabitlik olan ölkədə yaşayırıq, özünə güvənən ölkədə yaşayırıq. Biz haqlı olaraq fəxr edirik ki, Azərbaycan vətəndaşlarıyıq və gənclər həm öz gələcək həyatını düzgün müəyyən etmək üçün və eyni zamanda, dövlətə maksimum xeyir vermək üçün fəal olmalıdırlar. Mən bu sözləri deməklə, eyni zamanda, Azərbaycan gənclərinə həm ürək sözlərimi deyirəm, həm də təşəkkür sözümü deyirəm...” sözləri bizim “Detaşe” ansamblının üzvlərinin gələcək fəaliyyəti üçün möhkəm stimuldur.
Yavər Neymətli,
Sənətşünaslıq üzrə fəlsəfə doktoru