Yeraltı saraylar nəqqaşının sərgisi keçiriləcək

Mədəniyyət

01.11.2019 - 20:04

Onun “Xətai”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov” stansiyalarının bədii tərtibatında monumental rəssam kimi fəaliyyəti 20 ildən artıqdır ki, Bakının yeraltı saraylarını rövnəqləndirir

 

Noyabr ayının 4-də yeraltı sarayların nəqqaşı, rəssam Xəlil Əliyevin Ağ şəhər qalereyasında sərgisi açılacaq. AYNA xəbər verir ki, üç gün davam edəcək sərgidə metro stansiyalarında Xəlil Əliyevin müəllifi olduğu bədii tərtibatdan nümunələr yer alacaq.


Qeyd edək ki, X.Əliyev əsərləri hər gün minlərlə tamaşaçı tərəfindən izlənilən xoşbəxt rəssamlarımızdan biridir. Onun “Xətai”, “Sahil”, “28 May”, “Nəriman Nərimanov” stansiyalarının bədii tərtibatında monumental rəssam kimi fəaliyyəti 20 ildən artıqdır ki, Bakının yeraltı saraylarını rövnəqləndirir, onlara xüsusi bir özünəməxsusluq verir.

 Xəlil müəllimin yeraltı sarayların bədii tərtibatıyla məşğul olması 1990-cı illərin əvvəllərində Bakı metropoliteninin bir neçə stansiyasının adında dəyişiklik edildiyi vaxt “Xətai” stansiyadan başlayıb. Stansiyanın divarına həkk edilmiş bütün bədii metal, keramika işləri Xəlil müəllimə məxsusdur. Xətainin bir büstü isə memar İbrahim Aşurovla Xəlil Əliyevin birgə əməkdaşlığının məhsuludur. Kompozisiyanın hər bir elementi Xətai dövrünün dərindən araşdırılması nəticəsində yaradılıb. Belə ki, dövrünün həm sərkərdəsi, həm şairi, həm hökmdarı olan Xətai şəxsiyyətinin hər üç yönü bu kompozisiyada öz əksini tapıb. Stansiyanı əsl saraya çevirən, Azərbaycan miniatür sənətinin nümunələriylə daha da zənginləşdirilən bu obrazlara baxdıqca, görkəmli şəxsiyyətin həyat xronikası, onun yaşadığı dövr gözlərimiz önündə canlanır.


2018-ci ildə əsaslı təmirə bağlanan “Xətai” stansiyasının tamamilə yeniləşməsilə yanaşı, bədii tərtibat və memarlıq dizaynının da yenidən restarvasiya olunmasına başlanıldı. Bu işlər metropolitenin xüsusi tamamlama işləri dəstəsinin iştirakı ilə peşəkar rəssamlar Zöhrab Cabbarov, Elçin Cabbarov, memar Cahangir Sadıxov tərəfindən həyata keçirilib. Xəlil müəllim bədii tərtibat işlərinin orijinallığına isə heç bir xələl gətirilməyib.

 

“Xətai” stansiyasının bədii tərtibatı üzrə işlər yekunlaşdıqdan sonra, tərtibatçı-rəssam 1991-ci ildə “Sahil” stansiyasında Xəzərin çılğın dalğalarının abstrakt təsviri olan “Sahil” adlı mozaik kompozisiyanı yaradıb. Elə həmin il sənətkara “28 May” stansiyasının bədii tərtibatı həvalə olunub. 1993-cü ildə Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, yazıçı, publisist və həkim Nəriman Nərimanovun adını daşıyan metro stansiyasının bədii tərtibatı yenə də Xəlil Əliyevə həvalə olunub. Rəssam bu stansiyada yaratdığı mozaik kompozisiyada görkəmli şəxsiyyətin ictimai-siyasi fəaliyyətinin bütün sahələrini peşəkarlıqla əks etdirib.


Tibbə, teatra, ədəbiyyata aid müxtəlif elementlərin fonunda yaratdığı Nəriman Nərimanovun mozaik portreti orijinallığını və canlılığını hələ də qoruyub saxlamaqdadır.
Sadaladığımız metro stansiyaların hər birinin bədii tərtibatında monumental rəssam kimi öz istedadını göstərən Xəlil Əliyev təsviri sənət sahəsində də uğurlu fəaliyyətini davam etdirir, müxtəlif poetik əsərlər yaradır.

 

O, Azərbaycan incəsənətinin inkişafında göstərdiyi xidmətlərə  görə 2011-ci ildə “Siyasət və gerçək uğur” siyasi araşdırmalar mərkəzinin təsis etdiyi Fəxri diplom, 2014-cü ildə isə “Dədə Qorqud” fondunun “Qızıl Ürək” medalı ilə təltif edilib.

Müəllif: Ayna.az