Övladını itirən aktrisa nazirə müraciət etdi<font color=red> </font>

Mədəniyyət

29.07.2019 - 20:53

"Qəsdən məni bu vəziyyətə saldı"

 

Daha əvvəl də məlumat verdiyimiz kimi Azərbaycan Dövlət İrəvan Teatrının aktrisası Şəbnəm Cəbrayılova 3 aylıq övladının bətnində ölməsinə görə teatrın direktoru İftixar Piriyevi günahkar bilir. AYNA xəbər verir ki, Şəbnəm Cəbrayılova direktorun ona qarşı etdiyi haqsızlıqlar və övladının ölümünə necə səbəb olması barədə yazdığı məktubu redaksiyamıza göndərib. Aktrisa Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edərək günahkarın cəzalandırılmasını istəyir.

 

AYNA aktrisanın məktubunu olduğu kimi təqdim edir:

 

"3 iyul tarixində Gəncə şəhərinə qastrol səfərinə yola düşdük. “Qazel” markalı çox narahat avtobusu aktyor yoldaşımız çox naşı idarə edirdi. Bunun nəticəsi olaraq tamaşa öncəsi özümü çox narahat hiss elədim. Ağrılara dözüb tamaşanı oynadım. Vəziyyətimin get-gedə ağırlaşdığını hiss edib Bakıya qayıdanda həmin avtomobilə minməyib taksi ilə evə qayıtdım. Vəziyyətim get-gedə ağırlaşırdı. İmkanım olmadığına görə lazım olan dərmanları ala bilmirdim. Çünki axırıncı pullarımı Gəncə səfərinə gedəndə səhər saat 6-00 da teatrda olmağım üçün çağırdığım taksiyə və yolda lazım ola biləcək tibb ləvazimatlarına, qalanını isə Gəncədən qayıdan zaman mindiyim taksiyə xərcləmişdim.

 

Soruşa bilərsiz ki, niyə teatra taksi ilə gəlməliydin? Çünki, rəhbərlik qabaqcadan bizə bildirmişdi ki, səhər saat altıda mütləq teatrda olmaq lazımdır. Metronun məhz bu vaxt açılacağını söyləyəndə mənə dedilər ki, bizə dəxli yoxdur. Hansı yolla olursa olsun uzağı 6-15 də teatrda olun. Bu sizin problemdir, özünüz həll edin. Bir qadın olduğum üçün sağlamlıq durumum haqqında truppa müdiri Müdvər Nemətovaya məlumat verdim. Xeyli keçəndən sonar mənə yazdı ki, vəziyyətin barədə direktora məlumat verdim. O isə dedi ki, narahat olmasın, sağlamlığın qorusun, o biri qastrollara dublyoru gedəcək. Məni qastrola gedəcək aktyorların siyahısından çıxardılar. Sevinib göstərdikləri “qayğıya” görə minnətdarlığımı bildirdim. Bu səs yazıları məndə var.

 

Vəziyyətim düzəlmirdi. Həkimə müraciət etdim. 20 iyul tarixində mənə teatr rəhbərliyinə təqdim etmək üçün arayış verdilər. Truppa müdiri ilə əlaqə saxlayıb mənim yüngül işə keçirilməyim haqqında həkim arayışımı direktorun təsdiq etməsi üçün teatra gəlməli olduğumu bildirdim və nə vaxt işdə olacağını soruşdum. Onu da qeyd edim ki, İrəvan teatrı əsaslı təmir olunur. 35 kvm sahəsi olan kirayələnmış qaraj tipli, şəraitsiz və bu istidə kondinsioneri olmayan bir otaqda məşqlər edirik. Mənə bildirdilər ki, hec bir həkim kağızı lazım deyil. Sən artıq direktorun əmri ilə əmək intizamını pozduğuna görə ayın 19 dan işdən azad olunmusan.

 

İ.Piriyevin mənə göstərdiyi “atalıq qayğısının” səbəbini anladım. Mənə səhhətimi nəzərə alıb şifahi olaraq icazə verib, məşqlərdən azad edib, arxada isə saxta sənədlər tərtib etməkdə mahir olan işçiləri ilə əmək intizamını pozmağım haqqında aktlar tərtib etdirib. Rəsmi olaraq hamilə olduğumu biləndən 5 gün sonara iyulun 25 də qərarla məni işdən azad etdi. Dərin stress keçirdim. Təkcə ona görə yox ki, məni qərarla işdən çıxardılar.Həm də ona görə ki, 3 arvaddan 5 uşağı olan İftixar Pitiyev hamiləliyin ilkin dövrünün ana üçün nə qədər təhlükəli olduğunu bilməmiş deyil. Qəsdən məni bu vəziyyətə saldı. Uşağımı iyulun 27 də itirdim. Bu barədə daha heç nə demək istəmirəm.

 

Ancaq İ.Piriyevin nəzərinə bir məsələni çatdırmaq istəyirəm. Uşaq qatili erməni Zori Balayan Xocalıda əsir düşmüş azərbaycanlı uşağın dərisini kəsib onun 7 dəqiqəyə öldüyünü sübut etdiyinə görə fərəhlənirdi. Sən isə məni qanunsuz və insanlıqdan kənar əməllərlə aldadıb stress vəziyyətinə saldın. Əlinə həna qoya bilərsən. Böyük bir kəşf etdin. Kəşf etdin ki, ananı stress vəziyyətinə salmaqla onun bətnindəki uşağı 7 günə öldürmək mümkündür. Mən sənə heç nə demirəm, çünki Allah hər şeyi bilir. Səni heç Allaha da tapşırmıram. Çünki, balalarına yazığım gəlir. Amma Zori Balayan əqidəli bir adam olduğunu nəzərinə çatdırıram.

 

Mətbuat vasitəsiylə Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət edirəm: Əbülfəs müəllim! Mən körpəliyimdən ata-anadan yetim qalmışam. Uşaq vaxtlarından ehtiyac içində böyümüşəm. Bir il bundan qabaq ailə qurmaq qismətim oldu. Kirayədə yaşayıram. Çəkdiyim əziyyətlərin cavabı olaraq taleyim və Allahım məni mükafatlandırmışdı. İ.Piriyev o mükafatı əlimdən aldı Yalvarıram, “Uşaq qatilinə” çevrilmiş, psixi durumları yerində olmayan İ.Piriyev kimi işçinizin bəd əməllərinin qarşısın alın. Teatrda işləyən, gələcəkdə ana olacaq qızların mənim halıma salmasına ona bir daha imkan verməyin! Axı Siz də atasınız! Məni bir övladınız kimi qəbul edib halıma yanın! Bir neçə ay bundan qabaq Xocalı hadisəsindən bəhs edən “Ölüm həsrəti” tamaşasında uşağı öldürülmüş ana obrazı yaratmışdım. İndiki halımda dərk etdim ki, o ananın keçirdiyi istirabları tamaşaçıya çatdırmaq üçün daha nələri edə bilərdim. Həyat mənə dərs verdi".

 

Qeyd edək ki, sözügedən teatrın direktoru İftixar Piriyev bundan əvvəl də müxtəlif aktyorların şikayəti ilə gündəmə gəlib. 

Müəllif: Ayna.az