Ukrayna Prezidenti: "Onları bizə verin və ya satın"
"Sizin minlərlə döyüş təyyarələriniz var, amma birini də olsa bizə verməmisiniz".
AYNA-nın xəbərinə görə, bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Ukrayna ilə bağlı fövqəladə sammitində onlayn çıxışı zamanı deyib.
Zelenski vurğulayıb ki, nəzərə çarpan yardımlara baxmayaraq, Ukrayna hələ də müdafiə üçün lazım olan qədər silah qəbul etmir. O, Ukraynanın aviasiya vasitələri ilə yanaşı, digər silahlara da ehtiyac duyduğunu xatırladıb.
"Ukrayna təyyarələr üçün sizə müraciət etdi. Beləcə, biz bu qədər insan itirməyəcəkdik. Sizin minlərlə döyüş təyyarəniz var. Onlardan biri də olsa bizə verilmədi. Biz tanklar üçün müraciət etdik. Biz şəhərlərimizi mühasirədən azad edə bilərdik. Mariupol, Berdyansk, Melitopol... O şəhərlər ki, Rusiya yüz minlərlə insanı əsir saxlayaraq süni aclıq yaradır. Sizin ən az 20 min tankınız var. Ukrayna 1%-ni istədi. Bütün tanklarınızın 1%-ni. Onları bizə verin və ya satın. Amma bizə aydın cavab verilmədi", - deyə Ukrayna Prezidenti bildirib.