Zelenski: “Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük” - VİDEO

Aktual

24.04.2022 - 03:07

Ukrayna Prezidenti: “Azərbaycanın dəstəyini hər zaman hiss etmişik”

Ukrayna Prezidenti Volodimir Zelenski dünən Kiyev metrosunun stansiyalarından birində ölkə və xarici ölkələrin jurnalistləri üçün mətbuat konfransı keçirib. AYNA xəbər verir ki, “Baku” TV-nin müxbiri Ukrayna Prezidentindən Azərbaycanın Ukraynadakı müharibədə rolunu necə qiymətləndirdiyini, Azərbaycanın Qarabağda apardığı hərbi əməliyyatlardakı təcrübəsindən nə qədər yararlandığını və “Bayraktar”ların Rusiyaya qarşı müharibədəki rolunu necə qiymətləndirdiyini soruşub.

Suallara cavab verən V.Zelenski bildirib ki, Ukraynanın istər Azərbaycan, istərsə də Türkiyə ilə yaxşı münasibətləri var: “Türkiyə vasitəçi kimi çıxış etməyə hazır olan ölkələr arasında lider olmaq istəyini nümayiş etdirir. Türkiyə açıq-aydın bəyan edir ki, təhlükəsizlik təminatçısı ölkələrindən biri olacaq”.

Ukrayna Prezidenti Azərbayacan Prezidenti İlham Əliyevin Ukraynanı hər zaman dəstəklədiyini diqqətə çatdırıb: “Azərbayacan Prezidenti İlham Əliyev həmişə Ukraynanı dəstəkləyib və dəstəkləyir. Azərbaycan bizə humanitar, tibbi yardım edib. Düşünürəm ki, silah baxımından Azərbaycanın Ukraynaya yardım etməsi çətindir. Bu, doğrudur. Bunu anlamaq mümkündür, çünki onların Qarabağ məsələsi var. Bu məsələ tarixi və mürəkkəbdir. Azərbaycan az ölkələrdəndir ki, biz onları başa düşürük”.

“Bayraktar”ların roluna toxunan Ukrayna Prezidenti bildirib ki, ölkəsi Türkiyə ilə müştərək dron istehsal edir.

“Biz bu texnikadan istifadə edirik. Lakin mən “Bayraktar”lara və ümumiyyətlə bütün hərbi texnikalara olan hörmətimə rəğmən sizə səmimi olaraq dəmək istəyirəm ki, bu, başqa bir müharibədir. Bütün mütəxəssislər deyir ki, bu müharibəni daha əvvəl baş verən heç bir hərbi əməliyyatlarla müqayisə etmək olmaz. Buna oxşar müharibə olmayıb. Dronlar kömək edə bilər, amma onlar nəticəyə birbaşa təsir etmir. Rusiya daha əvvəl digər ölkələrin ərazisində apardığı heç bir müharibədə bu qədər dağıntılar həyata keçirməyib. Bu sayda hərbi texnikanın cəlb edilməsi, bu qədər işgəncə, zorakılıq heç bir zaman törədilməyib. Allah etsin ki, bir də heç yerdə olmasın. Tale belə gətirdi ki, bu cinayətləri durdurmaq vəzifəsi ukraynalıların canı bahası hesabına, bizim üzərimizə düşdü”.

Müəllif: Ayna.az