1446 nəfər iştirakçıdan 330 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb
“Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin İdarəetmə bacarıqları üzrə imtahanında iştirak etmiş 1446 nəfər iştirakçıdan 330 nəfəri yarımfinal mərhələsində iştirak hüququ qazanıb.
Müsabiqənin İşçi Qrupundan AYNA.AZ-a bildirilib ki, nəticələrə əsasən, keçid balı 555 T-bal təyin edilib. Onlardan 246 nəfəri kişi, 84 nəfəri isə qadındır.
Qarşıda iştirakçıları “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsi gözləyir. Yarımfinal mərhələsi iyulun 4-6-da baş tutacaq. Yarımfinal mərhələsindən sonra iyulun 18-20-də isə final mərhələlərinin keçirilməsi ilə beşinci “Yüksəliş” müsabiqəsi başa çatacaq.
Xatırladaq ki, “Yüksəliş” müsabiqəsi Prezident İlham Əliyevin 2019-cu il iyulun 26-da imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub. Prezident İlham Əliyev 2024-cü il dekabrın 18-də beşinci “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Sərəncam imzalayıb.