Kütləvi zəhərlənmə faktı ilə bağlı İsmayıllıya işçi qrupu ezam olunub

Hadisə

28.08.2019 - 12:08

İsmayıllıda toyda 33 nəfər zəhərlənib 

 

İsmayıllı rayonunda toyda kütləvi zəhərlənmə olub. AYNA-ya Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, zəhərlənmə ilə bağlı 33 nəfər xəstəxanaya müraciət edib.

 

Qeyd olunub ki, səhər saat 9.30 üçün xəstəxanada ikisi uşaq olmaqla 4 nəfər qalıb: "Onların yaxın zamanda evə buraxılacaqları gözlənilir. Qidadan zəhərlənmə ehtimalı ilə İsmayıllı Mərkəzi Rayon Xəstəxanasına müraciət edənlər həkimlərə bildiriblər ki, özlərini İsmayıllının Qəzli kənd sakini Müşfiq Sabəli oğlu Hüseynovun oğlu üçün keçirdiyi kiçik toy məclisində iştirak etdikdən sonra pis hiss ediblər".

 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən isə bildirilib ki, hadisə yerinə mütəxəssislərindən ibarət işçi qrupu ezam olunub.

 

Bildirilib ki, hadisənin hansı səbəbdən baş verməsinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalara başlanılıb: "Aparılan araşdırmaların nəticələri ilə bağlı geniş məlumat veriləcək".

Müəllif: Ayna.az