“Konstitusiyada dəyişiklikdən bir neçə gün sonra sülh sazişi imzalanacaq"
“Ermənistan Konstitusiyasında dəyişiklik edildikdən sonra Azərbaycanla sülh müqaviləsi bir neçə gün ərzində imzalanacaq”. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu iddianı Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə səsləndirib.
"Mən Azərbaycanla danışıqlarda iştirak edirəm və mənim fikrimcə, Konstitusiyaya dəyişiklik edilərsə, müqavilənin imzalanması bir neçə gün məsələsidir", - deyə o bildirib.
Xatırladaq ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasına düzəlişləri şərt kimi qoyub. Konstitusiya dəyişiklikləri və ya referendum təşəbbüsü üçün hakim partiya parlamentdə üçdə iki səs çoxluğu tələb edir. 7 iyun 2026-cı il seçkilərindən sonra səslərin 49,81%-ni alan “Vətəndaş Müqaviləsi” Partiyası tələb olunan konstitusiya çoxluğunu əldə edə bilməyib.