Yer-göy lərzəyə gələn zaman: bilək və agah olaq

Cəmiyyət

14.06.2024 - 16:34

Həkimlər Klinikalar SEO Xidməti

Səid Səfərov: “Son dövrlərdə ildırımdan ölüm hallarının artmasına təsir edən əsas amillərdən biri odur ki...”

Aramsız yağış, dolu, sel, daşqın hadisələri kimi ildırım çaxması da fəlakətlə nəticələnə bilir. Elə son günlərdə ildırım vurması nəticəsində vəfat edənlərlə bağlı xəbərlər də əhali arasında müəyyən qədər narahatlıq yaradıb. Son günlərdə Gəncədə bir, Şəmkirdə iki nəfər, eləcə Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu ildırım vurması nəticəsində vəfat edib.

Axır vaxtlarda ildırım vurması halları niyə artıb? Bu təbii fəlakətdən özümüzü necə qoruyaq? AYNA mövzuya aydınlıq gətirməyə çalışıb.

AMEA Coğrafiya İnstitutunun Xəzər dənizinin Hidrometeorologiya şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib ki, son dövrlərdə ildırım çaxması nəticəsində insanlar arasında ölüm hallarının çoxalması yalnız ildırım hadisələrinin sayının artması ilə bağlı deyil: “Məsələn, ola bilsin, müəyyən bir vaxt ərzində yüz dəfə ildırım çaxsın, amma bundan ölən olmasın, lakin ola da bilər ki, həmin dövr ərzində 20 dəfə ildırım çaxsın və bunun 5-i dağıntılar və insan tələfatı ilə müşayiət olunsun”.

O bildirib ki, yaranma xüsusiyyətlərinə görə ildırımlar müxtəlif xarakterli olur: “Bir halda ildırım qonşu buludlar və ya eyni bir buludun müxtəlif hissələri arasında baş verən elektrik boşalmaları nəticəsində yaranır. Belə hallarda ildırım hava nəqliyyatı üçün çox təhlükəli olsa da, yerüstü obyektlər və canlılar, o cümlədən insanlar üçün ciddi təhlükə yaratmır. İldırım buludla yer arasında baş verən elektrik boşalması ilə əlaqədar olduqda isə daha təhlükəli olur”.

“Belə hallarda daha hündür obyektləri, o cümlədən hündür qüllələri, ağacları, şiş qayalıqları, hündür binaları, elektrik stansiyalarını və yarımstansiyaları ildırım vurması ehtimalı daha böyük olur. Bu səbəbdən vacib əhəmiyyət daşıyan obyektlər xüsusi mühafizə qurğuları ilə, daha doğrusu, ildırım ötürənlərlə təmin olunmalıdır. Buludla yer arasında baş verən boşalma nəticəsində yaranan ildırımlar çox olduğu zaman onların canlılara və obyektlərə zərər vermə ehtimalı yüksək olur. İldırımlı havada ildırım ötürücülərinə əllə toxunmaq, hündür ağacların yanında dürmaq təhlükəlidir”, - deyə həmsöhbətimiz söyləyib.

Səfərovun sözlərinə görə, son zamanlar yerlə bulud arasında baş verən ildırımların daha tez-tez baş verməsinin əsas səbəblərindən biri də intensiv yağıntıların güclü küləklə müşayiət olunmasıdır: “Hazırda insanların həyat tərzinin vacib elementinə çevrilən mobil telefonlar özlərinin əhəmiyyətli və müsbət cəhətləri ilə yanaşı, ildırım hadisələrinə daha həssas olmaları ilə də xarakterizə olunur. Hesab edirəm ki, son dövrlərdə bütün dünyada, o cümlədən ölkəmizdə ildırımdan ölüm hallarının artmasına təsir edən amillərdən biri də budur. Buna görə də ildırımlı hava şəraitində mobil telefonlardan imkan daxilində az istifadə olunması tövsiyə olunur. Mobil telefonlar xüsusilə də, buludla yer arasında baş verən ildırımlara qarşı çox həssasdır”.

“Əvvəllər Bakıda ildırım nadir hallarda müşahidə olunardı. İndi isə şəhərdə hündür binaların və digər obyektlərin tikilməsi onun ənənəvi oroqrafiyasını dəyişməklə konvektiv proseslərin və onlarla əlaqədar ildırım hadisələrinin nəzərəçarpacaq artmasına şərait yaradıb”, - deyə mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) ildırım təhlükəsi ilə əlaqədar əhaliyə müraciətində də bildirilib ki, ildırım zamanı qazı bağlamaq, elektrik cihazlarını şəbəkədən ayırmaq lazımdır. Bununla yanaşı evin pəncərə və qapılarını örtmək, pəncərənin qarşısında dayanmamaq, telefonla danışmamaq, elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq gərəkdir. Daldalanmaq üçün hündür ağacların altında gizlənməmək, ildırım düşməsinin ağacların hündürlüyü ilə düz mütənasib olmasını nəzərə almaq tövsiyə edilib. Həmçinin düzəngahdasınızsa, yüksək nöqtə kimi ildırımı cəlb etməmək üçün çuxurda çöməlib dizlərinizi qucaqlayaraq oturmaq, yüksəklikdəsinizsə, çökək yerə enmək, su hövzəsində çimirsinizsə və ya qayıqdasınızsa, dərhal sahilə çıxmaq tövsiyə edilib.

Eyni zamanda FHN bildirir ki, metal əşya ilə təmasın təhlükəli olduğunu (o cümlədən, saat, sırğa, üzük, idman əşyaları və s.) yadda saxlamaq, avtomobildəsinizsə, hərəkəti dayandırmaq, onu tərk etmədən şüşələri qaldırıb ildırımın bitməsini gözləmək, bağlanan şüşələri olmayan nəqliyyat vasitəsindəsinizsə (bəzi kənd təsərrüfatı texnikası, motosiklet, velosiped və s.), dərhal düşmək və ən azı 30 metr aralanmaq, qrup halındasınızsa, aranızda, ən azı, 1,5 metr məsafə saxlamaq və təhlükə zamanı 112-yə zəng etmək tövsiyə edilib.

Müəllif: Banu Çiçək