Təlimdən yararlanmaq üçün müvafiq sürücülük kateqoriyasına malik olan şəxslər müraciət edə bilərlər
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən “1000 yeni avtobus sürücüsü” layihəsinə başlanılıb.
AYNA-dan AYNA-ya bildirilib ki, Dövlət Məşğulluq Agentliyi və işəgötürənlərlə görüş keçirilib, mövcud vəziyyət təhlil edilib. Layihə çərçivəsində ictimai nəqliyyat sektoru üçün 1000 sürücü ilə təlimin təşkili nəzərdə tutulub. Daşıyıcı şirkətlərlə danışıqlar aparılıb və təlimləri uğurla başa vuracaq sürücülər üçün 700 iş yeri barədə razılıq əldə edilib.
Təlimdən yararlanmaq üçün müvafiq sürücülük kateqoriyasına malik olan şəxslər müraciət edə bilərlər. İştirakçılara avtobusların idarə edilməsi, təhlükəsizlik tədbirləri və sərnişinlərə keyfiyyətli xidmət göstərilməsi mövzuları aşılanacaq. Praktiki məşğələlər isə mürəkkəb şəraitdə avtobusları idarə etmək təcrübəsinin inkişaf etdirilməsinə imkan verəcək. İştirakçılar avtomobil nəqliyyatı ilə sərnişindaşıma sahəsində normativ hüquqi aktlar, sürücülərə və avtobuslara dair ümumi tələblər, davranış mədəniyyəti və hərəkət təhlükəsizliyi kimi mövzularda biliklər əldə edəcəklər. Həmçinin onların psixoloji vəziyyəti və stresin öhdəsindən gəlmək bacarıqları təkmilləşdiriləcək. Simulyasiyalar iş yerində təhlükəsizlik protokollarına riayət etməyi təşviq etmək və onlara müxtəlif fövqəladə vəziyyət ssenarilərində necə hərəkət etməyi öyrətmək üçün aparılacaq.
Hazırlıq tədris kabinetlərində, təlim meydançasında və simulyator (avtotrenajor) otaqlarında müvafiq sahə üzrə yüksəkixtisaslı, təcrübəli müəllim və təlim ustaları tərəfindən keçiriləcək. Hazırlığı müvəffəqiyyətlə bitirənlərə etibarlılıq müddəti 5 il olan şəhadətnamə təqdim ediləcək.
Təlimlərdə iştirak etmək istəyənlər Bakı şəhəri, Ziya Bünyadov prospekti, 39C ünvanında yerləşən Təlim-Tədris Mərkəzinə, həmçinin AYNA-nın “1181” çağrı mərkəzinə müraciət edə bilərlər.