Deputat: “Cəmiyyət istənilən situasiyaya hazır olmalıdır”
Həkim: “Xüsusi təşvişə ehtiyac yoxdur, əvvəlki kimi sərt tədbirlərə əl atılmayacaq”
Azərbaycanda koronavirus infeksiyasına yoluxma sayı yenidən artmağa başlayıb. Aktiv xəstə sayı mindən artıq, gündəlik yoluxma sayı isə yüzlərlədir. COVID-19 infeksiyasından gündəlik ölüm faktları da qeydə alınır. Bu isə öz növbəsində əhali arasında təşvişə və narahatlığa səbəb olub. Narahatlıqlar var ki, qarşıdakı aylarda Operativ Qərargah karantin qaydalarını sərtləşdirəcək və yenidən əvvəlki dövrə qayıdacağıq.
Öz növbəsində Prezident İlham Əliyev yarım ilin yekunlarına həsr olunan müşavirədə bəyan etdi ki, Azərbaycan quru sərhədlərini bağlı saxlayacaq: “Bizim quru sərhədlərimiz bağlıdır və bağlı olmalıdır. Nə üçün? İnsanlar xəstələnməsinlər. Çünki ən çox bu xəstəliyin yayılma istiqaməti quru sərhədləridir. Ona görə biz sərhədlərimizi bağlı saxlayırıq və düz də edirik. Nə qədər lazımdırsa, o qədər də sərhədləri bağlı saxlayacağıq - quru sərhədlərindən söhbət gedir. Bunu edirik ki, insanların sağlamlığını qoruyaq, insanları itirməyək. Bizim məqsədimiz budur. Biz COVID dövründə milyardlarla vəsait ayırmışıq, indi mən bunu təkrarlamaq istəmirəm”.
Qeyd edək ki, pandemiyanın kəskin dövrlərində Azərbaycan bir neçə dəfə sərt qapanmalara gedib. Bəzi dövrlərdə isə vətəndaşlara evdən çıxmaq məhdudiyyəti qoyulub və regionlara giriş-çıxış qapanıb.
Karanatin qaydalarının yenidən sərtləşdiriləcəyi gözlənilirmi? İndi hər kəsi düşündürən sual budur. Və bundan doğan digər suallar var: Ölkəmizin yeni qapanmalara tibbi, iqtisadi və sosial baxımdan hazırlıq səviyyəsi nə yerdədir? Azərbaycan pandemiya sərtləşməsinə necə hazırlaşır və bu, baş verəcəyi təqdirdə hökumətin atacağı addımlar nədən ibarət olacaq?
Milli Məclisin üzvü Nəsib Məhəməliyev AYNA-ya deyib ki, karantin qaydalarının sərtləşdirilməsi koronavirusun artım dinamikasına bağlı olan məsələdir: “Görünən odur ki, dünyada koronavirusa yoluxma sayı artır və yeni ştamlar ortaya çıxır. Yoluxmanın artıdığı bir dövrdə Ümümdünya Səhiyyə Təşkilatı (ÜST) dünya ölkələrinə müraciət etdi. Həmin müraciətdə kütləvi məkanlarda tibbi maskalardan istifadə edilməsi tövsiyyə olunur. Təbii ki, Azərbaycanda da artım müşahidə olunur. Çox yaxşı olardı ki, soydaşlarımız kütləvi yerlərdə tibbi maskalardan istifadə etsinlər. Eyni zamanda şəxsi gigiyena qaydalarına riayət etsinlər”.
“Payıza doğru koronavirus infeksiyasının yenidən artacağı gözləniləndir. Çünki hər kəsə məlumdur ki, payız aylarında infeksion və respirator xəstəliklər çoxalır. Qeyd etmək istərdim ki, Azərbaycanın koronavirusla mübarizədə yaxşı təcrübəsi var. Ötən üç ildən artıq bir müddət göstərdi ki, Azərbaycan hökuməti qısa zaman kəsimində tibb ocaqlarını karantin qaydalarına uyğun şəkildə transformasiya etməyə nail oldu. O cümlədən əlavə modul tipli xəstəxanalar inşa edildi. Tibbi personalın təkmilləşdirilməsi, bilik və bacarıqlarının artırılması istiqamətində ciddi işlər görüldü. Bu baxımndan hesab edirəm ki, yoluxma sayı artarsa belə, bunun da öhdəsindən gələ biləcəyik”, - deyə həmsöhbətimiz bildirib.
Deputat hesab edir ki, iqtisadi baxımdan da Azərbaycan sərt karantin rejiminə hazırdır: “Karantin qaydalarının sərtləşdiyi dövrlərdə Azərbaycan hökuməti şüurlu şəkildə iqtisadi fəalllığı azaltdı. Biz iki yoldan birini - insanların sağlamlığını seçdik və məhz elə bu səbəbdəndir ki, digər ölkələrlə müqayisədə Azərbaycan daha az itki ilə bundan yayına bildi. Hökumət iqtisadi yardımlar, ehtiyacı olan vətəndaşların sosial problemlərinin həlli istiqamətində çox ciddi addımlar atdı. Bütün bunları nəzərə alaraq söyləyə bilərəm ki, biz bir dövlət olaraq istənilən fors-major şəraitdən çıxmağa qadir və qabilik”.
“Təbii ki, bunun baş verməsi arzuolunan deyil. Baş verməməsi üçün də insanlar arasında maarifləndirmə işləri təşkil edilməli, ictimai rəyə təsir imkanları olan şəxslər təbliğat işləri aparmalıdırlar. Virusun yenidən çoxalmasını və sərt karantin rejiminin tətbiq olunmasını istəmiriksə, tələb olunan bütün qaydalara riayət etməliyik. Bu xüsusda quru sərhədlərin bağlanmasını da qeyd etmək lazımdır. Cənab Prezident İlham Əliyev çox düzgün vurğuladı ki, quru sərhədlər virusun çoxalmasında müstəsna rol oynayır və nə qədər ki, bu təhlükə tam aradan qalxmayıb, sərhədlər bağlı qalacaq”, - deyə Məhəməliyev vurğulayıb.
Əlavə edib ki, dünyada yeni virusların meydana çıxması da istisna olunmur: “Koronavirusun çəkisi iki qram deyil. Lakin o qədər sürətlə yayıldı ki, bütün dünyanı cənginə aldı. Ondan sonra digər viruslar da peydə olunmağa başladılar. Mümkündür ki, qarşıdakı aylarda müxtəlif viruslar və COVID-19 ştamları meydana çıxsın. Dünyada gedən geosiyasi təsirlər uğrunda mübarizə, böyük dövlətlərin bir-birinə qarşı apardığı soyuq və pərdəarxası müharibə təminat vermir ki, yeni mənşəli viruslar meydana çıxmayacaq. Cəmiyyət olaraq istənilən situasiyaya hazır olmalıyıq”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla isə fərqli düşünür. Onun AYNA-ya dediyinə görə, koronavirusa yoluxma sayı artsa da, karantin qaydalarının sərtləşdiriləcəyi gözlənilmir: “Əhalidə təşviş var ki, yenidən əvvəlki dövlərə qayıda və sərt qapanmalara gedilə bilər. Əslində bu narahatlıq təbiidir. Çünki insanlar uzun müddət pandemiya səbəbindən evlərinə qapandılar, işsiz qaldılar, sosial problemlərlə üzləşdilər. Bu səbəbdən heç kəs istəmir ki, yenidən karantin qaydaları sərtləşdirilsin”.
“Hesab edirəm ki, yoluxma sayı qarşıdakı dövrlərdə artacaq. Hazırda üçrəqəmli həddə olan yoluxma sayının dördrəqəmli həddə qədər artacağını ehtimal etmək olar. Lakin əvvəlki dövrlərdən fərqli olaraq bu dəfəki ştamlar amansız və öldürücü təsirə malik deyil. Yəni, yoluxma çoxalsa da, ciddi fəsadları olmayacaq”, - deyə həkim söyləyib.
Onun fikrincə, yoluxanlar bu dəfə koronavirusu daha yüngül keçirəcəklər: “Çünki COVID-19 dəfələrlə mutasiyaya uğrayıb və artıq öldürücü təsir gücünü itirib. Digər yandan insanların çoxunda immunitet formalaşıb. Bəziləri bunu xəstəliyi keçirmək, bəziləri peyvənd olunmaq, bəziləri də hər ikisi ilə üz-üzə qalmaqla immunitet qazanıblar”.
Mütəxəssis qeyd edib ki, ÜST-nin tövsiyyəsi ilə yenidən “buster” doza ilə peyvəndləmə aparıla bilər: “Məlumdur ki, son aylarda koronavirusa yoluxma sayı ciddi şəkildə azalmışdı. Bu səbəbdən vaksinasiya tələbi qüvvədə olsa da, nəzarət aşağı səviyyədə idi. Çünki yoluxma çox deyildi. Artıq yoluxma sayı artır və payız aylarında respirator xəstəliklərin çoxalması ilə paralel bu, pik həddə çatacaq. Bu baxımdan “buster” dozanın vurulması tövsiyyəsi irəli sürülə bilər. Hətta mümkündür ki, bundan imtina edənlərə məhdudiyyətlər tətbiq edilsin”.
“Mövcud şəraitdə bəşəriyyət koronavirusa qarşı iki yolla mübarizə aparır. Bunlardan biri virusa yoluxmaqla immunitet əldə etmək, digəri isə kütləvi vaksinasiyadır. Lakin düşünmürəm ki, “evdə qal”, “SMS-icazə” sisteminin tətbiqi kimi ağır karantin sərtləşdirilmələrinə gedilsin. İctimai yerlərdə maska taxılması, xeyir-şər məclislərinə yenidən məhdudiyyətlərin tətbiq edilməsi ola bilər. Bu da yalnız o halda olacaq ki, gündəlik yoluxma minlərlə olsun”, - deyə Qeybulla diqqətə çatdırıb.
Əlavə edib ki, xüsusi təşvişə və narahatlığa ehtiyac yoxdur: “Azərbaycanın quru sərhədləri bağlıdır. Hava sərhədləri isə ciddi nəzarət altındadır. Bu baxımdan yeni ştamların Azərbaycanda kütləvi şəkildə yayılması gözlənilmir. Digər yandan artıq bu virusun əvvəlki kimi öldürücü təsir gücü yoxdur. Narahat olmaq yox, qoyulan tələblərə riayət etmək və peyvənd olunmaq kifayətdir”.