“Tramp əvvəlki prezidentlik dövründə üç dəfə amerikalı əsgərlərin Suriyadan çıxarılması barədə göstəriş vermişdi”
ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp vəzifəyə gəldikdən sonra Amerika qoşunlarını Suriyadan çıxarmağa başlaya bilər. AYNA xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər “TV100”ün efirində deyib.
“Tramp əvvəlki prezidentlik dövründə üç dəfə amerikalı əsgərlərin Suriyadan çıxarılması barədə göstəriş vermişdi. Amma sonra bu qərarlar seçkiqabağı hadisələrlə üst-üstə düşdü və məsələ həllini tapmadı. İnanıram ki, Tramp indi bu mövzuya çox diqqət yetirəcək. İnanıram ki, o, Amerika əsgərlərini Suriyadan və bölgədən çıxara bilər”, - Gülər bildirib.
F-16 döyüş təyyarələrinin alınması və F-35 problemi ilə bağlı Tramp administrasiyası ilə əməkdaşlıq perspektivləri ilə bağlı sualı cavablandıran Gülər bildirib ki, hazırda “Amerikalı tərəfdaşlarla münasibətlər çox müsbətdir və heç bir geriləmə olmayacaq”.
“Biz 40 F-16 təyyarəsi, həmçinin Almaniyanın uzun müddət müqavimət göstərdiyi əlavə 40 “Eurofighter Typhoon” təyyarəsi almaq istəyirik. Amma sonda NATO-dakı dostlarımız - İngiltərə, İtaliya, İspaniya və Almaniya bu məsələyə müsbət töhfə və müsbət cavab verdilər”, - deyə Gülər bildirib.