İran bizim olana sahib çıxmağımıza etiraz edir, amma ermənilərin törətdikləri vandalizmə susur
Ermənistan ərazisində tarix və mədəniyyət abidələrinin qəsdən dağıdılması onu göstərir ki, azərbaycanlıların uzun əsrlər boyu bu torpaqlarda yaşadıqlarının sübutu məhv edilirdi. UNESCO-nun ekspert missiyasının Azərbaycan və Ermənistana bu yaxınlarda elan edilmiş səfəri bütün dünyaya erməni vandalizminin mənzərəsini göstərəcək. UNESCO ekspertləri öz fəaliyyətlərində obyektiv olsalar, erməni vandallarının bu torpaqlarda azərbaycanlıların yaşadıqlarını sübut edən Ağadədə ziyarətgahını, Aşağı Şorca, Saral və Güllübulaq kəndlərinin müsəlman qəbiristanlıqlarını, Aşıq Ələsgərin Ağkilsə kəndindəki qəbirüstü abidəsini nə kökə saldıqlarını öz gözləri ilə görəcəklər.
Ermənilər bu və ya digər səbəbdən məhv olmaqdan xilas olmuş abidələri - Aqudinin məzar daşında olduğu kimi özlərininki kimi qələmə verirlər. İrəvan yaxınlığında yerləşən Əmir Saadın məqbərəsi “türkmən” abidəsi kimi təqdim olunur. Erməni plagiatları bu abidəni oğuzların qollarından biri - Orta Asiyanın müasir türkmənləri ilə əlaqələndirməyə çalışırlar, baxmayaraq ki, məqbərə şübhəsiz ki, Azərbaycan xalqının əcdadlarından biri olan oğuzların mirasıdır.
Erməni KİV-ləri xəbər verir ki, 2019-cu ildə Əmir Saad məqbərəsinin günbəzinin üstü uçub, içərisinə yağış və qar yağıb. “Türkmən” abidəsi kimi təqdim edilən məqbərə dövlət tərəfindən qorunan obyektlər siyahısına daxil edilsə də, tədricən dağıdılır.
Ermənistanda Azərbaycan xalqının tarixi-mədəni irsinin diqqətlə qorunan yeganə abidəsi İrəvanın Göy məscididir. Göy məscidin tikintisinə 1760-cı ildə başlanılıb və 1765-ci ildə Qacarlar sülaləsindən olan İrəvan xanı Hüseynəlinin dövründə başa çatdırılıb. Kompozisiyasına və memarlıq detallarına görə 1606-cı ildə Səfəvi şahı I Abbasın dövründə Gəncədə tikilmiş Cümə məscidinə bənzəyir. Məscidin adı günbəzinin göy rəngli şirəli kərpiclə örtülməsi ilə əlaqədardır. Göründüyü kimi, hətta dini binanın adı da Azərbaycan mənşəli olduğunu göstərir.
1747-ci ildə Nadir şahın öldürülməsindən sonra Əfşarlar dövləti süqut etdi, nəticədə İrəvan da daxil olmaqla müstəqil Azərbaycan xanlıqları yarandı. Bu dövrdə Hüseynəli xanın fərmanı ilə başlanan və sağlığında onun adını daşıyan Göy məscid tikildi.
1936-cı ildən Göy məscidin binasında İrəvan Tarixi Muzeyi yerləşirdi. Sonralar orada təbiət muzeyi yerləşdirildi və 1952-ci ildən astronomiya həvəskarları üçün kiçik ibadət zalında Planetarium fəaliyyət göstərməyə başladı.
1995-ci ildə İran ilə Ermənistan arasında müqavilə imzalanıb və bu müqaviləyə əsasən, Göy məscidin yenidən qurulması ilə bağlı bütün xərcləri İran hökuməti öz üzərinə götürüb. Yenidənqurma işləri İranın “Bunyad-e Mustazafan və Canbazan” (Müharibə Veteranları və Şəhidləri) xeyriyyə fonduna həvalə edilib və 2006-cı ildə başa çatdırılıb.
Yenidənqurma işləri məscid kompleksinin yalnız cənub-qərb və şimal hissələrində aparılıb. Məscidin 24 metrlik minarəsi, 28 hücrəsi, kitabxanası, böyük zalı, günbəzi və həyəti yenidən qurulub. Hazırda Ermənistan rəsmiləri Göy məscidi xarici qonaqlara “fars” məscidi kimi təqdim edirlər.
Lakin azərbaycanlılar İrəvan Göy məscidinin onların tarixi-mədəni irsi olduğunu unutmurlar. Bununla bağlı Avronest Parlament Assambleyasının iclasında iştirak etmək üçün İrəvanda səfərdə olan azərbaycanlı deputatlar Tahir Mirkişili və Soltan Məmmədov Göy məscidi ziyarət ediblər.
T.Mirkişili “Facebook” səhifəsində məscidin fotolarını paylaşaraq qeyd edib ki, bu dini tikili İrəvanda indiyədək qalan yeganə Azərbaycan abidəsidir: “Göy məscidi ziyarət etdik. Bildiyimizə görə, bu, İrəvanda qorunan yeganə Azərbaycan abidəsidir. Divarlarda başqa dövlətə aid yazılar olmasına baxmayaraq, məscidin divarları, memarlığı, ruhu bizimdir. Ümid edirik ki, bu məsciddə əsl sahiblər tezliklə namazlarını qılacaqlar. Axı azərbaycanlıların duaları həmişə xoş niyyətlə olur və eşidilir”.
Bu paylaşım Ermənistanda ağrılı reaksiyaya səbəb olub. Yerli mətbuat bu xəbəri azərbaycanlı deputatların “fars məscidini mənimsəməsi” başlığı altında yayıb. İranın Ermənistandakı səfirliyi isə bu məsələ ilə bağlı bəyanat yayıb və orada məsciddəki farsca yazılara diqqət yetirərək, dini binanı İran mədəniyyətinin bir hissəsi kimi təsnif edib.
Bununla bağlı ingilis tədqiqatçısı Tomas de Vaalın “Qara bağ” kitabından bir parçanı qeyd etmək istərdim. İrəvan Göy məscidinə həsr olunmuş beşinci fəsildə o, aşağıdakıları qeyd edib: “Ermənilərin öz şəhərlərindəki Azərbaycan məscidini asanlıqla yer üzündən silə bilməsini linqvistik bir hiylə ilə izah etmək olar: Ermənistan azərbaycanlılarını, belə çıxır ki, Ermənistanın tarixindən asanlıqla silmək olar, çünki XX əsrə qədər “azərbaycanlı” sözü ümumiyyətlə, işlədilməyib və bu xalqın nümayəndələri “tatarlar”, “türklər” və ya sadəcə olaraq “müsəlmanlar” adlandırılıblar. Halbuki onlar nə fars, nə də türk idilər. Onlar türkdilli şiələr - Səfəvilər sülaləsi dövründə imperiyanın təbəələri idilər. Bir sözlə, onlar indi “azərbaycanlı” dediklərimizin əcdadlarıydılar. Belə ki, ermənilər İrəvandakı “fars məscidi” haqqında danışanda “fars” adı bu məsciddə 1760-cı illərdə tikiləndən bəri burada namaz qılanların əksəriyyətinin əslində azərbaycanlılar olduğunu unutdurmağa hesablanıb”.
Kitabdan bu çıxarış İrəvandakı Göy məscidin mülkiyyətinə dair dəqiq cavab verir. Azərbaycanlılar 2019-cu ildə Şuşadakı Yuxara Gövhərağa məscidində olduğu kimi, iranlı mütəxəssislər tərəfindən aparılan “bərpa”dan sonra onların ibadət yerlərində nə baş verdiyini birbaşa bilirlər. Görülən işlər zamanı bu binanın fars binası kimi təqdim edilməsi üçün məscidin ilkin görünüşü dəyişdirilib.
Əgər İran səfirliyi öz etirazını bildirirsə, o zaman ermənilərin 20-ci əsrdə bu dini tikilini Azərbaycan xalqının tarix-mədəniyyət abidəsi hesab edərək, Göy məscidi üç dəfə yandırması barədə də heç olmasa bir kəlmə desin.