Yaponlar ruslara qarşı “samuray döyüşü”nə hazırlaşır? – “Kuril bizimdir”

Dünya

13.03.2022 - 10:24

“Beynəlxalq aləmdə arzuolunmaz ölkə halına gələn Rusiya ciddi ərazi iddiaları ilə üzləşəcək”

Yaponiyanın Baş naziri Fumio Kisida II Dünya müharibəsindən sonra SSRİ-yə verilən Kuril adalarının Yaponiyaya aid olduğunu deyib. “Yomiuri Shimbun”un məlumatına görə, o, bu barədə parlament komitəsinin iclasında danışb: “Bunlar Yaponiyanın suverenliyinə tabe olan Yaponiyanın əzəli əraziləridir”.

Nəşr qeyd edir ki, hökumət “Rusiya qoşunlarının Ukraynaya daxil olmasından sonra və Yaponiya ilə Rusiya arasında şimal əraziləri məsələsi də daxil olmaqla, sülh müqaviləsi üzrə danışıqların aparılmasının dalana dirənməsi səbəbindən Rusiyaya qarşı siyasətinin kursunu tənzimləməyə məcbur olub”.

Sayt xatırladır ki, Şinzo Abenin rəhbərlik etdiyi əvvəlki hökumət Rusiya və Yaponiya arasında sülh müqaviləsi üzrə irəliləyiş əldə etmək ümidi ilə bu cür sərt ifadələrdən çəkinirdi.

Belə çıxır ki, yalnız indi Yaponiyada anlayıblar ki, adalarını sülh yolu ilə geri qaytara bilməyəcəklər? Baş nazir Kisida bu bəyanatla nəyə işarə edir? Ortada Yaponiyanın Rusiya ordusunun əsl potensialını artıq başa düşməsi və indi Rusiya Federasiyasından torpaqlarını geri almağa hazır olması faktı var? Yoxsa başqa bir şey demək istəyir?

AYNA-nın suallarını tanınmış ekspertlər cavablandırıblar.

Qazaxıstanlı politoloq Aydar Amrebayev:

“Hesab edirəm ki, bu presedent ümumilikdə dünyada və xüsusən də Rusiyanın Ukraynadakı müharibəsi ətrafında mövcud vəziyyətin, onun gedişatı və bütün dünya prosesi üçün əhəmiyyətinin nəticəsidir. Məsələn, Rusiya rəhbərliyinin qurulmuş beynəlxalq nizamı “sərhədlərin yenidən cızılması” baxımından dəyişmək istəyi, Rusiyaya qonşu olan ölkələr və xalqlar arasında münasibətlərin mahiyyətinə və məzmununa yenidən baxılması bu ölkənin xarici siyasətində kifayət qədər təhlükəli tendensiyadır. Bu, ən mənfi şəkildə, ilk növbədə, Rusiyanın özündə və onun əhalisində öz əksini tapa bilər və artıq göstərir.

Ən azı, Prezident Putinin bir sıra yeni müstəqil respublikalara verildiyi iddia edilən ərazilər şəklində qondarma “hədiyyələr” və revanşist istəkləri, Rusiyanın böyüklüyü və keçmişin “zorla bərpası” siyasəti ilə bağlı məlum tezislərini xatırlayaq”...

Düşünürəm ki, Yaponiyanın Baş nazirinin Rusiyanın bir vaxtlar “qardaş xalqlara” qarşı son dərəcə uğursuz strategiyası fonunda bu bəyanatı göstəricidir. Və xatırlasaq ki, bir sıra ölkələrin Rusiya Federasiyası ilə ərazi mübahisələri həll olunmayıb, o zaman Kreml üçün vəziyyət çox təhlükəlidir.

Rusiyanın beynəlxalq təcrid faktı, yeri gəlmişkən, Rusiyanın hazırkı rəhbərliyinin təşəbbüsü ilə dünya nizamına yenidən baxılması istiqamətində yalnız “ilk addım” ola bilər. Beynəlxalq arzuolunmaza çevrilən, əslində iqtisadi cəhətdən “failed states” - uğursuz dövlətlər kateqoriyasına salınan ölkə təkcə beynəlxalq sanksiyaların deyil, həm də ayrı-ayrı inkişaf etmiş “oyunçuların” iddialarının, o cümlədən ərazi iddialarının obyektinə çevriləcək”.

Azərbaycanlı politoloq, Cənubi Koreyanın Hankuk Xarici Tədqiqatlar Universitetinin professoru Rövşən İbrahimov:

“Yaponiya İkinci Dünya müharibəsi başa çatdıqdan sonra Rusiya ilə (əvvəlcə SSRİ ilə) sülh müqaviləsi bağlamadı və Kuril arxipelaqının 4 adası hələ də bu ölkələr arasında fikir ayrılığı məsələsi olaraq qalır. Təbii ki, Yaponiya Rusiya ilə döyüşmək fikrində deyil. Bundan əlavə, İkinci Dünya müharibəsindən sonra yaponlar hərbi güc üçün ciddi potensial yaratmaq hüququna malik deyillər - məhz 1945-ci ildə beynəlxalq müqavilələr nəticəsində onlara tətbiq edilən məhdudiyyətlərə görə.

Ona görə də təbii ki, Yaponiya heç bir halda adalarını geri qaytarmaq üçün Rusiyaya qarşı müharibəyə başlamaq niyyətində deyil. Burada söhbət yalnız ondan gedir ki, ola bilsin, onlar tərəfindən əvvəllər hansısa kompromislər təklif olunub, indi isə son hadisələr fonunda onlara yenidən baxılır.

Yəni Yaponiyanın heç bir hökuməti bu adalardan heç zaman imtina etməyib və məhz bu məqam Rusiya ilə fikir ayrılıqlarının əsası olaraq qalır, onların arasında hələ də sülh müqaviləsi yoxdur”.

Müəllif: Rauf Orucov