Yaponiyada yaralı Ukrayna əsgərləri müalicə olunacaqlar

Dünya

18.05.2023 - 12:40

Yaxın vaxtlarda müvafiq qərar rəsmən verilməlidir

Yaralı ukraynalı əsgərlər Yaponiyada Özünümüdafiə Qüvvələrinin xəstəxanalarında müalicə oluna biləcəklər. AYNA xəbər verir ki, bu barədə “Reuters” Yaponiya Liberal Demokrat Partiyasının (LDP) rəhbərlik etdiyi hakim koalisiyadakı mənbəyə istinadən məlumat yayıb.

Agentliyin həmsöhbətinin sözlərinə görə, yaxın vaxtlarda müvafiq qərar rəsmən verilməlidir.

Qeyd olunur ki, Yaponiya Özünümüdafiə Qüvvələrinin xəstəxanaları ilk dəfə olaraq müalicə üçün başqa ölkədən hərbi qulluqçuları qəbul edəcək. Materialda deyilir ki, ukraynalı döyüşçülərin müalicəsi ilə bağlı xərclərin böyük hissəsi də Yaponiya tərəfindən ödəniləcək.

Qeyd edək ki, bundan əvvəl Yaponiya hakimiyyəti Ukraynaya ölkənin enerji sistemini dəstəkləmək üçün 40 milyon dollar dəyərində avadanlıq vermək qərarına gəlib. Transformator yarımstansiyaları üçün enerji avadanlıqlarının ilk tədarükü 2023-cü ilin ikinci yarısına planlaşdırılır.

Müəllif: Ayna.az