"Təəssüf ki, Cessna təyyarəsində olanların hamısı həlak olub”
Mayın 29-da Xorvatiyada radarlardan itmiş Cessna idman təyyarəsinin qalıqları tapılıb. AYNA xarici mediaya istinadən bildirir ki, ölkənin mülki müdafiə idarəsinin məlumatına görə, göyərtədə olanların hamısı həlak olub.
Xorvatiyanın uçuşlara nəzarət xidməti bazar günü göyərtəsində dörd nəfərin olduğu idman təyyarəsinin yerli vaxtla saat 11:45-də radarlardan itdiyi barədə mülki müdafiə idarəsini məlumatlandırıb. Həmin gün aparılan axtarışlar nəticəsiz qalıb.
Bu gün təyyarənin axtarışlarına daxili işlər orqanlarının, dağ xilasetmə xidmətinin 400-dən çox əməkdaşı, kinoloqlar, hərbçilər yanğınsöndürənlər, həmçinin yerli ovçular cəlb olunub. İntensiv axtarışlar nəticəsində təyyarənin qalıqları – quyruq hissəsi, kabinəsi və füzelyajı havadan dronla aşkarlanıb.
"Təəssüf ki, Cessna təyyarəsində olanların hamısı həlak olub”, - deyə mülki müdafiə idarəsinin direktoru bildirib.