Milli Azərbaycan Ədəbiyyatı Muzeyində elmi sessiya keçirilib
Fevralın 26-da Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunan “Xocalının dünyaya çatan harayı” mövzusunda elmi sessiya keçirilib.
Muzeydən AYNA.AZ-a bildirilib ki, tədbirdə muzeyin direktoru akademik Rafael Hüseynov 33 il əvvəl baş vermiş Xocalı faciəsinin miqyasından, dəhşətli nəticələrindən, siyasi və hüquqi mahiyyətindən danışıb. Bildirib ki, Xocalı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifəsi, qəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində baş vermiş vəhşilik aktıdır. Xocalı qətliamı dünya tarixində dinc əhalinin qətli kimi dərin iz qoymuş soyqırımı hadisələrinin ən sonuncusudur.
“Dünyaya çatan Xocalı əks-sədası” mövzusunda məruzəsini təqdim edən direktor Xocalının qabaqcadan hazırlanmış plana əsasən işğal olunduğunu söyləyib. Akademik Rafael Hüseynov qeyd edib ki, 1991-ci ilin noyabrında artıq şəhərə gedən bütün yollar ermənilər tərəfindən nəzarətə götürülmüş, ətrafla əlaqə kəsilmiş, insanlar çətin vəziyyətdə qalmışdı. Xocalılardan bəziləri şəhəri tərk etsə də, təxminən 2500 insan öz doğma evlərində qalmışdı. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn bütün normalarını pozaraq, mühasirədə olan Xocalı şəhərinin dinc sakinlərinə qarşı ağır hərbi texnikadan istifadə edərək görünməmiş qəddarlıqla repressiyalar həyata keçirmişdir.
Akademik Rafael Hüseynov təkcə Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş dəhşətli cinayət nəticəsində 613 dinc azərbaycanlının milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirildiyini, onlardan 63-nün uşaq, 106-nın qadın, 70-nin yaşlı olduğunu bildirib. Diqqətə çatdırıb ki, faciə nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə onlardan birini itirib.
Uzun illərdir Azərbaycan dövlətinin Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması istiqamətində sistemli iş apardığını deyən məruzəçi bildirib ki, bütün dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımının əsl mahiyyəti yalnız Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra açıqlanıb, 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib və 26 fevral “Xocalı soyqırımı və milli matəm günü” elan olunub. O, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılmasının Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə hər zaman mühüm yer tutduğunu vurğulayıb, artıq dünyanın 18 parlamentinin Xocalı faciəsini soyqırımı hadisəsi kimi tanıdığını söyləyib.
Akademik Rafael Hüseynov, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində reallaşdırılan tədbirlərin əhəmiyyətindən danışıb. Qeyd edib ki, Xocalı faciəsi barədə dünya ictimaiyyətinə dolğun və geniş məlumatlar verilməsində “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının fəaliyyəti yüksək qiymətə layiqdir.
O, 2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, güclü ordumuzun rəşadəti sayəsində 44 günlük Vətən müharibəsində tarixi ədalətin bərqərar olduğunu, 2023-cü ilin sentyabrında birgünlük antiterror tədbirləri nəticəsində isə ərazi bütövlüyümüz və suverenliyimizin tam bərpa olunduğunu bildirib. Məruzəçi Xocalının, Qarabağın və Şərqi Zəngəzurun əsl sahiblərinə qaytarıldığını, şəhidlərin qanının yerdə qalmadığını deyib. Direktor hazırda Xocalıda yeni həyatın başlandığını, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını, Böyük Qayıdışa dair Dövlət Proqramının uğurla həyata keçirildiyini qeyd edib.
25 fevral 2025-ci il tarixində ölkə Prezidenti İlham Əliyev tərəfindən "Xocalı şəhərində Xocalı Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında" Sərəncamın imzalandığını vurğulayan akademik Rafael Hüseynov Bakıda soyqırımlarımızın tarixini əks etdirən muzeyin yaradılmasının da zəruri olduğunu bildirib. O, soyqırımı muzeylərinin Azərbaycan xalqının gələcək nəsilləri üçün qan yaddaşının qorunmasına və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşməsinə xidmət edən mükəmməl tarixi abidə oduğunu söyləyib.
Tədbir muzey əməkdaşlarının çıxışları ilə davam edib.
