Xocalıda “rus şöhrəti”, büstlərin verdiyi mesajlar və Nevski faktoru

Tarix

14.11.2021 - 22:33

Axı, Azərbaycan Suriya deyil, müstəqil dövlətdir və Qarabağ Azərbaycandır...

Azərbaycan xalqı Zəfər Gününü və Dövlət Bayrağı Gününü qeyd edib, 10 noyabr tarixinə keçid edirdi ki, Xocalıda Rusiyanın on görkəmli şəxsiyyətinə büst-heykəl qoyulması xəbəri ilə qarşılaşdı. Rusiya Şöhrət Xiyabanı adlanan guşə Xocalıda yerləşən rus hərbi şəhərciyində salınsa da, Xocalı hələ də sağalmaz yaramız olduğu üçün bu hadisə haqlı suallar yaradır.

Niyə Xocalı? Təbii ki, siyasi şərhçilər, ədəbiyyatçılar və digərləri - hər kəs sahəsinə uyğun olaraq bu hadisəni şərh etdi. Biz isə tarixə geridönüş edəcəyik. Heykəli qoyulan şəxslərin bir tarixi var. Rusiya tarixində isə görkəmli şəxsiyyətlər çoxdur. Məhz Qarabağdakı büstlər bizə nə deyir?

Nəzər yetirdiyimizdə onlar arasında yazıçı, şair, tarixçi, dövlət xadimi və digərləri var. Hər birinin əsəri, yaxud xidməti hansısa mesajı ehtiva edə bilər, lakin iki şəxsin adı diqqətimizi çəkir - Aleksandr Nevski və həm yazıçı, həm də hərbçi olan Denis Davidov.

Denis Davidov Rusiyanın partizan qəhrəmanlarındandır. Həm 1806-1812-ci illər rus-türk müharibələrində iştirak edib, həm də Fransa ilə 1812-c ildə Borodino döyüşündə dövləti üçün fədakarlıq göstərib. 1823-cü ildə  ordudan ayrılsa da, 1826-cı ildən etibarən yenidən orduya qayıdıb. Bu dəfə ikinci Rusiya-İran müharibəsində iştirak edib. 1831-ci ildə isə Polşada qiyamı yatırıb, general-leytenant rütbəsinə layiq görülüb və istefaya gedərək, yaradıcılıqla məşğul olub.

Büstlər arasında daha çox diqqət çəkən isə Aleksandr Nevskinin büstüdür. Nevski Rusiya tarxi üçün çox önəmli şəxs olub, rus hərbçilərinin örnək aldığı komandandır. Hətta onun daha bir heykəli 2021-ci ilin əvvəlində Suriyanın Lazikkiyə şəhərində, 2015-ci ildən etibarən fəaliyyət göstərən Rusiya hərbi bazasının önündə ucaldılıb. Nə təsadüfdürsə, ruslar orada da kilsə tikib, heykəl ucaltdılar, Qarabağda da. Hər ikisi Cənub Hərbi Dairə komandanlığının təşbbüsü ilə.

Kimdir Aleksandr Nevski?

Aleksandr Novqorod knyazının taxta namizəd olan oğlu idi. Lakin onun ulduzu 1240-cı ildə Neva çayı sahilində baş verən döyüşdən sonra parladı. Rusiyanın şimalına təhlükə olan isveçlilərin hücuma keçəcəyini xəbər alaraq, onlara qarşı hücuma keçdi və qəti qələbə qazandı. Bu münasibətlə kilsə və knyaz ona “Nevski” ləqəbi verdilər. İkinci qələbəsini isə 1242-ci ildə donmuş Çud gölü üzərində “Tevton” və “Livoniya” ordeni adlanan alman-isveç birləşmələrinə qarşı baş verən və tarixdə “Buz döyüşü” adlanan döyüş zamanı qazandı, düşmənlərinin Novqoroda hücum etməyəcəyinə təminat aldı.

Aleksandr Nevski haqqında Rusiyada zaman-zaman müxtəlif xalq rəvayətləri yayılıb. Lakin onu rəsmi olaraq bir də çar I Pyotr yada salır. 1700-1721-ci illəri əhatə edən “Şimal müharibəsi” gedişində, İsveçin 1710-cu ildə sərt qış zamanı məğlub edilməsi və kralın qaçması Rusiya üçün böyük qələbə idi. Bundan sonra I Pyotr özünü Aleksandr Nevskinin sələfi elan edərək, kilsənin də dəstəyini alaraq, onu “Müqəddəs Aleksandr” elan etdi və yeni salınacaq Peterburq şəhərində adına kilsə inşa etdirməyə başladı. Ardınca Peterburq şəhərinin rəsmən təməli qoyuldu.

A.Nevskinin sümükləri Novqorod xarabalıqlarından çıxarılaraq Petrerburq şəhərinə gətirildi və dəfn edildi. 1724-ci ildə I Pyotr “Müqəddəs Aleksandr Nevski hərbi ordeni”nin təsis edilməsi haqqında fərman verdi. Lakin onun ölümü ilə bu fərman icra edilmədi. Daha sonra imperatriçə Yekaterina onun hazırlanmasını əmr etdi. 1917-ci ildə Rusiya imperiyası ilə birlikdə bütün ordenlər kimi “Nevski ordeni” də tarixə qovuşdu. Bu ali orden ilə imperiya tarixində 30 nəfər təltif edilmişdi.

1942-ci ildə İosif Stalin ani bir qərarla ordenə yenidən həyat verdi. O, Aleksandr Nevskiyə Rusiyanın Ən Böyük Milli Qəhrəmanı adı verərək, tez bir zamanda adına orden təsis edilməsi haqqında fərman imzaladı. Orden SSRİ ordusunda xidməti ilə seçilən ən yüksək, peşəkar zabitlərə veriləcəkdi. Lakin SSRİ dağılanda bu orden yenidən tarixə qovuşdu. 2010-cu ildə isə bir daha ali mükafatlar sırasına daxil edildi.

Mətbuatın yazdığına görə, Rusiya Şöhrət Xiyabanı Rusiyanın bütün ərazilərində inşa ediləcək layihədir. Amma Rusiyanın, başqa dövlətin deyil! Suriya dövlətini deyə bilmərik, axı Azərbaycan müstəqil dövlətdir və Qarabağ Azərbaycandır!

Azərbaycan ictimaiyyətini bir sual haqlı olaraq düşündürür: Qarabağda tikilən kilsələrə görə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə, Dövlət Əmlak Komitəsinə, yaxud mədəni xiyabanlara, guşələrə görə Mədəniyyət Nazirliyinə, ən azından Xocalı Rayon İcra Hakimiyyətinə xəbər verilibmi?

Müəllif: Şəhla Cabbarlı