Və o GÜN! Zəfər mundirini belə geydik

Tarix

26.06.2021 - 14:10

Müvəqqəti hökumət ermənilərə və gürcülərə hərbi qüvvələr yaratmaq icazəsi versə də, azərbaycanlıların bu istəyi rədd edilmişdi

 

Müstəqillik dövrü tariximizdə bu bayrama həsr edilən bir çox təntənəli tədbir keçirmişik. Onlardan ən yüksək səviyyəlisi hərbi paradlar idi ki, burada silahlı qüvvələrimizin hərbi təminatından, xüsusi dəstələrinə kimi xalqa nümayiş etdirilirdi. Müharibə əzminin bitmədiyi və dövlətimizin gücü göstərilirdi.

 

Bu il bu bayramı xüsusi coşğu və qələbə ilə qeyd edəcəyik. Bizə hər dəfə verilən söz yerinə yetirildi. Sonuncu paradda ölkə başçısı xalqa qətiyyətlə söz vermişdi ki, Şuşada qaldırılan bayraq Azadlıq meydanına gətiriləcək. 10 dekabr zəfər paradında söz yerinə yetirildi. O şanlı tarix yazıldı və bu il 26 iyunu qələbə ilə qeyd edirik.

 

26 iyuna gedən yol

 

Azərbaycan Cümhuriyyətinin yaranması Rusiya İmperiyasının dağılması nəticəsində imperiyaya daxil olan xalqların azadlığa qovuşduğu dövrdə baş verdi. Lakin bizdəki azadlıq çox az xalqlardakı kimi, dövlət qurmaqla yekunlaşdı və fərqi də o idi ki, hələ imperiyanın qılıncının iti vaxtında belə, cümhuriyyəti quranlar bu yolda addım atırdılar.

 

Cümhuriyyətin yaradılması yolunda ilk mühüm addım 1917-ci il mart ayında Bakıda keçirilən Qafqaz müsəlmanlarının qurultayında atıldı. Bu zaman Qafqazda yaşayan bütün müsəlman xalqlarının muxtariyyət məsələsi irəli sürüldü və Rusiya çarını əvəz edən müvəqqəti hökumətə təqdim etmək üçün qətnamə də hazırlandı. Eyni zamanda, Azərbaycan nümayəndə heyəti muxtariyyət qazanan xalqların özünmüdafiə qüvvələrinin yaradılması bəndini də qətnaməyə əlavə etdi.

 

Qətnamə Petroqrada göndərildi və çarı əvəz edən müvəqqəti hökumət bu qətnaməni qəbul etməyərək, onu bölücülük, separatizm kimi qiymətləndirdi. Bundan sonra müvəqqəti hökumət Qafqazda da sabitliyin qalması üçün fikrini dəyişdirdi, qətnaməyə yenidən baxılması üçün 1917-ci il sentyabr ayından sonrakı dövrdə iclas çağrılacağı cavabını verdi.

 

İclasdan sonra azərbaycanlılara rədd cavabı verilsə də, ermənilər və gürcülərə hərbi qüvvələr yaratmaq icazəsi verildi. Baxmayaraq ki, ermənilərin Daşnaksütyun Partiyasının silahlı qrupları da vardı.

 

Bu dövrdə Azərbaycanda müsəlman əyalət şuraları yenə də fəaliyyət göstərirdi. Müəyyən işlər görülürdü. Aydınlar düşünürdülər ki, milli dövlətin yaranması üçün mütləq milli ordu lazımdır və bu yöndə işlər aparılmasına başlanıldı. Bunun üçün ilk ibtidai hərbi məktəblər təşkil edildi.

 

İkinci önəmli addım 1917-ci ilin sentyabr ayında Gəncədə müsəlman komitələrinin yığıncağında atıldı. Burada Petroqradda yerləşən müvəqqəti mərkəzi hökumətə qarşı daha bir etiraz qətnaməsi qəbul edildi.

 

1917-ci ilin noyabr ayında Zaqafqaziya Komissarlığının yaranması ora daxil olan hər bir xalqa öz milli müdafiə qüvvələrini yaratmaq səlahiyyəti verirdi. Həm də Qafqaz cəbhəsi dağılırdı və Ərzincan sülhünə görə çar ordusu Şərqi Anadoludan çəkilirdi. Bu da silah və hərbi təminat baxımından milli qüvvələrini formalaşdıran Qafqaz xalqlarına əlverişli şərait yaradırdı. Hətta azərbaycanlılar, gürcü və ermənilər Zaqafqaziya Komissarlığına və Qafqaz cəbhəsinin komandanına bu haqda müraciət də etmişdilər. Qərar müsbət dəyərləndirildi və bu hadisə Azərbaycanın milli qüvvələri tərəfindən sevinclə qarşılandı.

 

Bundan sonra, 11 dekabr 1917-ci ildə Fətəli Xan Xoyski “Zaqafqaziya  müsəlman qol ordusu” təşkil etmək üçün komissarlığa 7 bəndlik qətnamə layihəsi hazırlayıb təqdim etdi. Həmin qətnamədə təklif olunurdu ki, çar ordusunun vaxtilə Qafqaz cəbhəsinin 6-cı nişançı korpusu müsəlman qol ordusu (korpus) olaraq yenidən qurulsun. Bu təklif dəyərləndirildi və 19 dekabr tarixində əmr imzalandı. General-leytenant Əliağa Bəy Şıxlınski bu korpusa komandan təyin edildi.

 

Çar ordusunun Qafqaz cəbhəsinin silahları hər üç xalq arasında bərabər bölünməli ikən, bu silahlardan Azərbaycan korpusuna müxtəlif bəhanələrlə verilmirdi. Sonradan gəlinən razılığa görə, Gəncədə 219-cu alayın hərbi silah-sursatı burada yaradılacaq Tatar alayına təslim ediləcəkdi. Lakin alay komandanı əmri yerinə yetirməkdən imtina etdi. Bu zaman Gəncədə yerləşən müsəlman şurası güc tətbiq edərək korpusu tərk-silah etməyə müvəffəq oldu. Bütün hərbi ləvazimatlar ələ keçirildi.

 

Bundan sonra müsəlman korpusunda ciddi kadr islahatı və yenişləşmə həyata keçirilməsinə başlanıldı. Rəhbərlik komissarlığa müraciət edərək, xidmət edən zabitlərin rütbələrinin artırılmasına da nail oldu. Hər bir çətinliyə rəğmən, silahlı qüvvələr yaradıldı və milli dövlətin əsasının qoyulması yolunda üçüncü addım atılmış oldu.

 

Ə.Şıxlınski, S.Əfəndiyev kimi peşəkar hərbçilər milli ordunun tərkibini savadlı kadrlarla yeniləmək üçün milli hərb məktəblərinin açılması yönündə də bir sıra işlər görürdülər. Hətta general Şıxlinskinin imzası ilə polkovnik Mençukov Qafqaz cəbhəsinin baş komandanına məktub yazaraq Bakıdakı birinci diviziyanın tərkibində aşağı rütbəli hərbi kadrlar  yetişdirmək üçün müraciət də etmişdi. Bu müraciətə müsbət cavab verilmişdi, lakin təşkilati işlər bir az uzandığından və mart ayının sonunda Bakıda ermənilər tərəfindən törədilən soyqırım nəticəsində mürəkkəbləşən vəziyyətə görə bu məktəbin açılması gecikdi. Yalnız Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra hərbi məktəbin açılışı həyata keçdi.

 

1918-ci ilin əvvələrində tam tərkiblə formalaşan müsəlman korpusuna iki diviziya daxil idi. Bu diviziyaların hər birində dörd alay formalaşdırılmışdı. Bundan əlavə korpusda iki topçu briqada, üç müsəlman süvari alayı, müsəlman istehkam taboru, mortir parkı və digər birləşmələr vardı.

 

Çar Rusiyasının ordusunda xidmət edən zabitlər, hətta gerenallar da vətənə qayıdırdılar. Aydınlar xalqa çağırışlar edirdilər, vərəqələr paylanırdı. Yusif Vəzir Çəmənzəminlinin “Ən vacib işimiz milli qoşunumuzdur” məqaləsindəki çağırışı da bu işdə xüsusi rol oynadı və hərbi heyətə dəstək oldu.

 

26 iyun

 

1918-ci il 28 mayda Azərbaycan Cümhuriyyətinin yarandığı elan edildi. Təbii ki, ölkənin varlığı üçün qarşıya qoyulan əsas məqsədlərdən biri də  ordu quruculuğu idi. Bunun üçün Milli Hökumət üzvləri Müsəlman Korpusunun rəhbərləri ilə görüş keçirdi və korpusu yenidən təkmilləşdirmək üçün bir sıra danışıqlar aparıldı. Korpusu klassik rus hərb idarəçilik sistemindən  çıxarıb, Osmanlı hərb sistemində qurmaq razılaşdırıldı.

 

Nəhayət, həmin ilin 19 iyununda hərbi vəziyyət elan edildi. 26 iyun tarixində isə Müsəlman Korpusunun adı dəyişdirilərək Əlahiddə Azərbaycan Korpusu adlandırıldı. Korpusun komandanı yenə də Əliağa Bəy Şıxlınski təyin edildi.

 

Birinci hökumət kabinetində Hərbiyyə Nazirliyinin yaradılması nəzərdə tutulsa da, ikinci hökumət kabineti bu qərarı mövcud mürəkkəb vəziyyətlə əlaqədar ixtisara salmışdı. Lakin gec olmadan milli kadrlar yetişdirmək üçün Gəncədə ilk hərbi məktəb fəaliyyətə başladı. Osmanlı dövlətindən müəllimlər dəvət edildi. Əsgərlik yaşı 19-a endirildi və 11 iyul tarixindən gec olmayaraq, 19 yaşına çatmış azərbaycanlıların ordu sıralarına çağrılması haqqında qərar qəbul edildi. 

 

Xalqın da böyük coşğu ilə dəstək verməsi nəticəsində, qısa müddətdə korpusun heyəti genişləndi. Sonradan Əlahiddə Azərbaycan  Korpusunda xidmət etmək üçün çar ordusunda xidmət etmiş yüksək səviyyəli azərbaycanlı generallar, polkovniklər və digər rütbələrdən olan zabitlər müraciət etdilər. Onlar öz zəngin hərb təcrübəsi və qəhrəmanlıqları ilə korpusu inkişaf etdirərək, Bakının azad edilməsi yolunda Qafqaz İslam Ordusu ilə çiyin-çiyinə döyüşdülər. Bu yolda susuz qaldılar, ac oldular, amma zəfər qazandılar. Yenə də Milli Hökumət dövründə Qarabağda terrorçu quldur dəstələri üzərində misilsiz qələbələr qazandılar.

 

Əcdadın izi ilə 102 il sonra Azərbaycan milli ordusu o zəfəri bir daha təkrar etdi. Cümhuriyyət əsgərinin izində, milli ordumuzun sayəsində bu gün 26 iyun Silahlı Qüvvələr Gününü böyük fəxarət hissi ilə qeyd edirik.

 

Bayramımız mübarək, zəfərimiz əbədi olsun!

Müəllif: Şəhla Cabbarlı

Ramanada faciə

Dünən, 17:26 Hadisə