Tariximizə qıymayın! - FOTOLAR

Tarix

03.07.2022 - 10:31

Keçmişimizin qoruya bilmədiyimiz Sultanbud səhifəsi

Onu Sultanbud təpəsi adlandırsaq da, əslində zəngin tariximizin bir parçasını əsrlər boyu sinəsində  mərdliklə qoruyub saxlayan bir kurqandır. O kurqan ki, haqqında dillər əzbəri olmuş onlarca rəvayət danışılıb, o kurqan ki, ətrafında Xan qızı Natəvanın daim ziyarət etdiyi oğlu Mir Cabbar ağanın mülkü olub, o kurqan ki, bir çox ciddi və yaddaqalan tarixi hadisələrə şahidlik edib və ən nəhayət, adı “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin” siyahısına da düşüb.  

Onu da əlavə edim ki, Xan qızı Natəvanın Sultanbuddakı oğlunun mülkünü dəfələrlə ziyarət etməsi və hər gəlişində qonşu Quzanlı və digər kəndlərdən olan qohumlarıyla birgə fikir mübadiləsi aparması sadaladığımız faktlar sırasında özünəməxsus yeri tutur.

Yeri gəlmişkən, Həmidə xanım Cavanşirin “Xatirələrim” kitabında belə bir məqamı xatırlatmaq istərdim. Müəllif yazır: “Mən ona Mir Cabbar ağanın evində dayə işləməyə zəmanət verdim”.

Burada söhbət Olqa Alekseyevna adlı inqilabçı xanımdan gedir. Belə ki, bu xanım inqilabdan əvvəlki illərdə  Rusiyanın Qazan şəhərində həbsdən qaçaraq Tiflis şəhərinə, ordan da Kəhrizli kəndinə pənah gətirir. Və Həmidə xanıma işlə bağlı müraciət edir. O da oz növbəsində zəmanətlə xanımı dayə kimi Mir Cabbar ağa Ağamirovgilə göndərir.

Əslində Həmidə xanım Cavanşirin doqquz sözlük cümləsində çox mətləblərə aydınlıq gətirilir. Və onlardan ən əsası həmin ərazinin Xan qızının oğlunun mülkü olmasıyla bağlıdır. Təpənin kənd səmtində olan sol tərəfində Mir Cabbar ağanın ikimərtəbəli və o dövr üçün dəbdəbəli   mülkünün Çar Rusiyasının, sonradan isə bolşeviklərin daim diqqət mərkəzində olduğunu da unutmaq olmaz. Qeyd edim ki, şahidlərin sözlərinə görə, çox güman ki,  Mir Cabbar ağanın mülkünün təpənin ərazisində deyil, sadəcə ona yaxın yerdə inşa edilməsi də məhz təpənin (kurqanın) maddi-mədəni irs nümunəsi kimi qorunmasına xidmət etməsiylə bağlı olub.

Bununla yanaşı Sultanbudun sıx saqqız meşəsi həmin illərdə bolşeviklərin Qırmızı ordusuyla mübarizədə əli hər yerdən üzülən mərd oğulların sığındığı  yer olub. Bu barədə geniş məlumatlar Xan qızının nəvəsi Əbülfət ağa Ağamirovun indiyədək çap olunmayan xatirələrində yer alsa da, kəndimizin ahıl yaşlı insanlarıyla söhbətlərimdə bu fikirləri eşitmişdim. Xoş təsadüfdən əldə etdiyim o əlyazmaların surətlərini oxuyan zaman Xan qızının qanını daşıyan insanların necə mərd və Vətənini sevən bir insan olduqlarının bir daha şahidi oldum.

Unutmaq olmaz ki, Sultanbud  təpəsi kurqan olaraq qədim tarixi gizlətmiş olsa da, onun əhatəsində olan saqqız meşəsi onlarca qaçağın və döyüş ruhlu insanların həm də hazırlaşdığı yer olub. Əbülfət ağanın da yazdığı kimi həm Tərtər, həm də Bərdə istiqamətində Qızıl Ordu hissələriylə aparılan döyüşlər başlanğıcını məhz Sultanbuddan götürmüşdü.

Yevlax və Bərdədən Ağdama gedən yolun biri də məhz Sultanbuddan keçirdi. Həmin vaxt daimi olaraq axan Xaçın çayının  Sofulu kəndi tərəfindəki burulan hissəsində olan “Yol evi”nin sonradan Sultanbuda köçürülməsi də ərazinin strateji baxımından çəkisinin artmasıyla bağlı olub. Sofulu kəndi isə hazırda Quzanlı qəsəbəsi ərazisində vaxtı ilə mövcud olmuş kolxoz fermasının yerində olub. Kifayət qədər böyük bir kənd olan Sofulu kəndi sonradan hansısa səbəbdən ləğv edilmiş, əhalinin qalan hissəsi isə Quzanlı kəndinə köçürülmüşdü.

Bu arada bir haşiyə çıxım ki, Çar Rusiyası, xüsusən də bolşeviklərin hakimiyyəti zamanı onlara tabe olmayan və ya onlara qarşı müqavimət göstərən hər bir şəxsin və onun ailə üzvlərinin həyatda sağ qalmaq şansı sıfıra bərabər olub. Bununla yanaşı bu şəxslərin həm də sahib olduğu əmlakın sıradan çıxarılmaqla məhv edilmək təhlükəsi ilə daim üz-üzə qalmaları da faktdır. Məhz sovet dövrünün qılıncının, hətta, tiyəsinin kəsdiyi bir vaxtda öz əlimizlə həm Mir Cabbar ağanın mülkü sökülmüş, həm Sultanbud meşəsinin qara günləri başlatmış, həm də Sofulu kəndinin sakinləri didərgin salındığından kəndin qalan sakinləri Quzanlı kəndinə köçürülmüşdü.    

Əldə etdiyim ən maraqlı məqamlardan biri də Sultanbudun saqqız meşəsinin aqibətiylə bağlı olub. Unutmayaq ki, saqqız ağacı təbiətin nadir ağaclarından olmaqla, hazırda adı “Qırmızı kitaba” salınıb.

1930-cu ildə Sultanbud təpəsi ətrafındakı saqqız meşəsini qorumaq və mühafizəsini təmin etmək məqsədiylə Sultanbudun saqqız meşəsinin qoruq elan edilməsi haqqında qərar qəbul edilib. Ancaq təəssüf ki, bu qərarın icrası o illərdə qeyri-müəyyən səbəblərdən kağız üzərində qalıb. Sonralar Sultanbud meşəsi ərazisində, 1982-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin qərarına əsasən, xususi qorunan mesə sahəsi yaradılıb.

Bu gün adı “Qırmızı kitab”a salınan saqqız meşəsinin çox faciəli durumda  olması, meşənin sağlamlaşdırılması üçün müvafiq orqanlar tərəfindən addımın atılmaması təəssüf doğurur. Həqiqətən meşənin mühafizəsinin təşkili, habelə yeni meşə zolağının salınması əslində atılası vacib olan addımlardandır. Belə bir vaxtda Sultanbud saqqız meşəsinin qorunması müvafiq orqanların əsas məqsəd və vəzifələrindən olmalıdır. Nə isə. Qayıdaq Sultanbud kurqanına.

Bu yaxınlarda doğma  kəndimdə olarkən Sultanbud təpəsini bir daha  ziyarət etdim. Təpədə əsaslı tikinti işlərinə start verilmişdi. Təpənin yuxarı başındakı Bayraq meydanına bitişik dəmir beton konstruksiyadan ibarət monolit tikinti aparılmaqda idi. Aşağıdan yuxarıya isə pilləkənlərin hörgüsü artıq başa çatdırılmışdı.

Kənd sakinləriylə söhbət etdim. Öyrəndim ki, kurqanda aparılan tikinti işlərinin əsas məqsədi böyük həcmli “Dəmir yumruq” abidəsinin ucaldılması ilə bağlıdır. Bünövrənin qazıntısı zamanı iri və ən əsası qədim daş parçalarının ətrafa dağıldığının şahid oldum. Əvvəlki illərdə əkilmiş bir çox ağacların yerinin dəyişdirilməsi də diqqətimdən qacmadı. Qarşıma çıxan kənd sakinləriylə söhbətləşdim. Hiss olunurdu ki, kənd sakinləri təbii olmayan, qədim zamanlarda əl gücünə salınan kurqanda tikinti işlərinin aparılmasının onlar üçün qiymətli bir yer olan təpəyə ciddi ziyan vuracağından ehtiyatlanırlar. Əslində ehtiyatlanmağa səbəb də var. Çünki inşa edilən ərazidə çökmələr indidən hiss edilməkdə idi.

Vaxtı ilə ərazidə yüngül konstruksiyada inşa edilən Bayraq meydanının məhz bu təpədə quraşdırılmasına qəlbimdə narazı olsam da, Ağdam nisgili, üstəlik həmin illərdə işğal altında olmuş ərazilərdən Azərbaycanımın üçrəngli bayrağının şövqlə dalğalanmasından qürur duyduğumdan, bir növ atılan bu addımla razılaşmışdım və bu bayrağın  tezliklə doğma Qarabağımızın bütün guşələrində dalğalanacağına inanırdım və qəti əmin idim.

O illərdə Sultanbudda ucalan bayraq əslində mənfur ermənilərə həm də bir siqnal idi. Amma bu gün tam tədqiq edilməmiş və deyildiyi kimi əllə salınan bir təpədə, əslində isə, kurqan üzərində belə ağır həcmli abidənin ucaldılması nə qədər məntiqə uyğundur? Layihə müəllifləri bunu necə izah edəcəklər, mənə maraqlıdır.

Əslində isə təklif edərdim ki, “Dəmir yumruq” abidəsi Xaçın çayın Qərvənd istiqamətindəki körpünün yanında, münaqişə vaxtı bizim sonuncu postumuz olmuş ərazidə qoyulsun. Nəzərə alaq ki, Bərdə-Ağdam mağistral avtomobil yolu və dəmiryol xətti məhz həmin ərazidən keçir. Ağdama və ümumilikdə Qarabağa da girişin məhz həmin ərazidən keçdiyini də  unutmamalıyıq. Deməliyəm ki, həmin ərazi hazırda erməni sakinlərinin məskunlaşdığı kəndlərdən yaxşı görünür və bu onlara həm də təkrar dərs olardı.

Yekun olaraq xatırladım ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin” siyahısının 2 nömrəli əlavəsində Sultanbud kurqanı 701 nömrədə qeyd edilməklə tunc dövrünə aid kurqan kimi qeydiyyata alınıb. Belə olan halda niyə müavfiq orqanların gözü qarşısında bu cür addım atılır, başa düşülən deyil. Sadəcə bu abidənin niyə məhz kurqan üzərində olması təklifini irəli sürənın fikirlərini başa düşmürəm. Bəlkə ideya müəlliflərinin və layihəni hazırlayanlarının bu qərardan xəbərləri yoxdur. Bu fikrə inanmasam da, əgər həqiqətən xəbərləri yoxdursa, artıq xatırlatdıq. 

Bizim məqsədimiz Azərbaycanın maddi-mədəni irs nümunələrinin qorumasına və onun gələcək nəsillərə olduğu kimi çatdırılmasına  çalışmaqdır. Mənə elə gəlir ki, bir çox tarixi hadisələrə şahidlik etmiş Sultanbud təpəsinin və ətrafındakı saqqız meşəsinin buna haqqı çatır.

O ərazidə tikinti işlərini aparmamışdan əvvəl, düşünürəm ki, arxeoloji qazıntıların aparılmasına nail olmaq lazım idi.  İnanıram ki, qazıntılar zamanı həqiqətən oradan elə bir maddi-mədəni irs nümünələri tapıla bilərdi ki, gələcəkdə ərazi bütövlükdə açıq havada müzeyə çevrilərdi.

Son olaraq etiraf edək ki, tariximizin qoruya bilmədiyimiz Sultanbud səhifəsi haqqında ürək sözlərimizi deyib ürəyimizi bir növ “boşaltdıq”. Qalır bu addımı atanların yazılanlara reaksiyası.

Hər halda bu barədə mərkəzi və yerli icra orqanlarının rəhbərləri, xüsusən də Mədəniyyət Nazirliyi, Ekologiya və Təbii Sərəvtlər Nazirliyi, habelə Ağdam Rayon İcra Hakimiyyətinin rəhbərliyi ölkə başçısı cənab İlham Əliyevin bununla bağlı sərt reaksiyasını gözləmədən maddi-mədəni irsimizə edilən təcavüzün qarşısını alacaq və tikinti işlərinə son qoymaqla yanaşı, onu əvvəlki vəziyyətinə qaytarmaq barədə gec də olsa düşünəcəklər.

Ən əsası Sultanbud ərazisindəki həm kurqanın, həm də meşənin bugünkü real vəziyyətini öyrənmək üçün Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin, habelə Ağdam RİH-in təmsilçilərinin iştirakıyla komissiya yaradılmaqla mövcud vəziyyətə həm qiymət verilməli, həm vəziyyətdən çıxış yolları müəyyən edilməli, həm də maddi-mədəni irsimizə qarşı təcavüz edənlərin qanun qarşısında cavab vermələri üçün addım atmalıdırlar.

Hər halda düşünməyə dəyər...

Vüqar Tofiqli,

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai birliyinin sədri,

Xüsusi olaraq AYNA üçün

Tariximizə qıymayın! - Tariximizə qıymayın! - Tariximizə qıymayın! - Tariximizə qıymayın! - Tariximizə qıymayın! - Tariximizə qıymayın! - Tariximizə qıymayın! -
Müəllif: Ayna.az