Nadir şahın xanımı-qatili: Eşqdən intiqama doğru

Tarix

30.05.2021 - 22:50

Şahlar devirən, hökmdarlar taxta çıxaran “Şahhiran”, “Şahbanu”

 

Tarixşünaslığımızda Səfəvilər dövrünün sonu şah 3-cü Abbasın ölümü və Nadir şahın yeni xanədan quraraq, hakimiyyətə gəlməsi ilə yekunlaşır. Nadir şahın, Zəndlərin və Qacarların dövründə Səfəvi xanədan mənsublarının mücadiləsindən, bir-biriləri ilə düşmənçilik, yaxud da əməkdaşlıqlarından demək olar, bəhs edilmir. Bu yazıda Səfəvi soyunun həm diplomat, həm döyüşçü, həm də Nadir şah Əfşarın qatili olan həyat yoldaşı, 22-ci və sonuncu qızılbaş şahbanusu Raziyyə bəyimin tarixindən bəhs edilir.

 

Raziyə bəyim Şah Sultan Hüseynin on bir qızından üçüncüsü olaraq 1700-cü ildə paytaxt İsfahan şəhərində dünyaya gəlib. Saray tərbiyyəsindən əlavə mükəmməl təhsil alıb, bacarlıqlı, istedadlı xanım olaraq böyüyürdü. Dövlət işləri ilə yaxından tanış olur, bəzi qərarların verilməsində iştirak edirdi. Bu səbəbdən də atası Sultan Hüseyn ona etimad edərək, müəyyən yaşa gəldikdə onu gürcü taxtının varisi ilə evləndirməyə qərar verdi.

 

Raziyə sultan bu təklifi anlayışla qarşıladı. Şərqdə əfqanlarla, bəluclarla müharibə aparan dövlət üçün şimal-qərb sərhədlərin qorunması üçün diplomatik izdivac lazım idi. Həm də gənc sultanın nənəsi, Sultan Hüseynin anası gürcü knyazının qızı olduğu üçün Səfəvilər bu taxta iddialı idilər.

No description available.

Raziyə bəyim üç il gürcü şahzadəsi ilə sadəcə sözdə evli oldu. Lakin 1722-ci ilin 8 mart  tarixində əfqan gilizayların lideri Mir Üveyis Xan Xottakinin Səfəvilər üzərində qələbəsi, paytaxt İsfahana doğru irəliləməsi Raziyə bəyimi narahat etmişdi. O, təcili olaraq Gürcüstandan Gəncəyə gəldi. Bir neçə gün Gəncədə qalıb, əhali arasındakı təşvişi yatırtmaqla məşğul olduqdan sonra, çaparla Astaraya, oradan da cənuba doğru hərəkət etdi. Mart ayının sonunda artıq Mazandran şəhərinə yetişdi. Lakin əfqanlara satılmış hakimlər onun arabasını pusquya salaraq həbs etdilər.

 

Raziyə bəyim meydanda edam ediləcəkdi ki, bu zaman Qacar tayfasının tanınmış sərkərdəsi Fətəli xan Qacar onu Mazandran hakiminin əlindən aldı və edamdan qurtardı. Bundan sonra İsfahana varan Raziyə bəyim qardaşı II Təhmasibi oradan qaçıraraq Qəzvinə göndərdi. Həmin qarışıqlıq ərəfəsində Fətəli xanın vasitəsi ilə Raziyə xanım sərkərdə Nadir xan Əfşarla tanış oldu. Sultan Hüseynin təslim olması, ailə üzvləri ilə birlikdə öldürülməsi Raziyə xanımı sarsıtmışdı. O, bütün gücünü səfərbər edərək, əfqanlara qarşı mübarizəyə öndərlik edənlərdən oldu.

 

Qardaşı II Təhmasib taxta çıxandan sonra isə ordu komandanı olan Nadirqulu xan Əfşarla bacısı Raziyə bəyimi evləndirdi və ona “Şahhiran” titulu verərək, təntənəli surətdə səltənət naibəsi elan etdi.

 

1732-ci ildə səltənətdə baş verən qarışıqlıqlar Nadirqulu xan Əfşara imkan verdi ki, şah II Təhmasibi devirib, yerinə oğlu körpə Abbası taxta çıxarsın. Artıq Raziyə xanım səltənətin əldən getdiyinə inandı və bunu Nadir xanın xəyanəti kimi qiymətləndirdi. Onlar bir müddət ayrı da yaşadılar.

 

Bu zaman Raziyə bəyim Nadir xandan olan iki oğlunu - Hüseyn Mirzə və Sam Mirzəni gizlətdi. Lakin 1736-cı ildə özünü şah elan edən Nadirqulu xan yenidən Şahhiran Raziyə bəyimlə nigahını təzələdi. Buna səbəb Nadirin Şəfəvi dövlətinin qalmasını istəyən qüvvələrin üsyanından çəkinməsi idi. Hətta, o, Raziyə xanımı səltənətin Şahbanusu elan etdi.

 

Lakin Nadirin xəyanəti onu məyus etmişdi. Şahın Hindistana səfəri zamanı xəbər yayıldı ki, Hindistanda ağır xəstəlik yayılıb və Nadir şah vəfat edib. Yenidən Səfəvilərin hakimiyyətə gələcəyi iddiası gücləndi. Bundan təşvişə düşən Nadir şahın oğlu Rzaqulu xan həbsdə olan II Təhmasibi və oğulları İsmayıl Mirzə ilə sonuncu şah III Abbası öldürtdürdü. Təhmasibin xanımı Şəhpuri bəyim isə canına qəsd etdi.

 

Bu hadisə Raziyə bəyimi dərindən sarsıtıdı və o, intiqam almağa başladı. İlk qisası Nadirin qardaşı İbrahim xanı Şirvan üsyanında göndərdiyi cəllad tərəfindən öldürtməsi oldu. İkinci qisası öz övladlarından seçmədiyi Rzaqulu xanın xəyanətini bağışlamaması və Nadirin əli ilə kor etdirməsi idi. Az sonra Rzaqulu xanı da müəmmalı surətdə öldürtdürdü. Ardınca Nadir şahın ən yaxınında olan və güvəndiyi sərkərdələrini aradan götürdü. Onun qəzəbindən qorunmaq üçün isə övladlarını gizlətmişdi. Lakin Nadir şah 1743-cü ildə onu saraydan sürgün edib, övladlarını tələb etdi.

 

Bundan sonra Nadir şahın imperiyasında üsyanlar baş qaldırırdı, bölgələrdə mərkəzdənqaçma siyasəti güclənirdi. Şahın düşmənləri ilə birgə ona qarşı sui-qəsd planı hazırlayan Raziyə bəyim nəhayət bu istəyinə də 1747-ci ildə nail ola bildi.

 

Nadirin ölümündən sonra imperiyada qarşıdurmalar baş qaldırdı. Artıq hər bölgə ayrılıb, özünə yeni xanlıq qururdu. Belə vəziyyətdə Əfşarlar Səfəvilərlə razılaşaraq, Süleyman şah Səfəvinin qız nəvəsi, Sultan Hüseynin bacısı oğlunu II Süleyman Səfəvi adı ilə hakimiyyətə gətirdilər. Lakin bir il sonra onu hakimiyyətdən salaraq, 1750-ci ildə Sultan Hüseynin digər qızı Məryəm sultanın oğlu İsmayıl Mirzəni Şah III İsmayıl adı ilə taxta çıxardılar. 3 gün sonra onu da devirib, Abadan bölgəsində bir qalada həbsə atdılar. Hakimiyyəti isə Kərim xan Zənd və  Şahhiran Raziyə bəyim birlikdə idarə edirdilər.

 

1773-cü ildə III İsmayıl həbsxanada vəfat etdi. Bundan sonra Zəndlərlə Qacarlar arasında mübarizə başlandı. Raziyə bəyim isə yaşlanmış, yorulmuş və geri çəkilmişdi. O, bütün varidatını götürüb Kərbəla ziyarətinə getdi. Burada bir sıra hücrələrin inşasını həyata keçirdi. Kərbəla camaatına köməklik etdi, orada qaldı. 1775-ci ildə 75 yaşında ikən Kərbəlada İmam Hüseyn Məqbərəsində namaz qıldığı yerdə vəfat etdi.

 

Onun kiçik rübailər və xatirələr yazdığı da məlumdur. Xatirələrinin birində Nadir şahdan üzgünlüklə bəhs edərək, onun Səfəvilərə qarşı xəyanəti, şahbanu kimi ona hörmət etməyərək, Səfəvilərin bütün kişi soyunu məhv etməsinin nəticəsində qəddarlaşdığını, sevgisinin öldüyünü məyusluqla ifadə edir. Onun qüruruna toxunan əsas məqam isə Nadir şahın oğlu Rzaqulu xanın Şah II Təhmasibi və oğullarını öldürməzdən əvvəl Nadir şahın əvvəldən belə planının olduğunu, hətta bu haqda bir neçə il əvvəl yazılı fərmanının olduğunu Raziyə bəyimə göstərməsi olmuşdu.

 

Beləliklə, Raziyə bəyimin ölümü ilə Azərbaycan tarixində daha bir xanədan mənsubu hökmdar xanımın ömür dəftəri bağlanır. İran tarixinə isə yeni bir səhifə açılır.

Müəllif: Şəhla Cabbarlı