Xankəndiyə gələn Pekresin gizli tarixçəsi və rus kəşfiyyatı ilə şübhəli əlaqə

Siyasət

19.01.2022 - 18:49

“Əgər bir gün Pekres Prezident olarsa, bu yazışmalar qızıldan qiymətli olacaq”

Fransada apreldə keçiriləcək prezident seçkilərinə bir neçə ay qalıb və bu ölkədə artıq səslər uğrunda mübarizə daha da sərtləşib. Xüsusilə də erməni əsilli Fransa vətəndaşlarının səsləri uğrunda.

Fransa mətbuatının yazdığına görə, hazırkı Prezident Emmanuel Makronun qarşıdan gələn seçkilərdə ən ciddi rəqibi sağ mərkəzçi Respublikaçılar Partiyasının namizədi Valeri Pekresdir. İctimai rəy sorğularına görə, Pekres ikinci turda Makrona mane olmaq üçün ən ciddi şanslara malikdir və müəyyən şərtlər daxilində onu məğlub da edə bilər.

Erməni əsilli Fransa vətəndaşlarının ona səs verəcəyinə (ki, onların sayı 600 min nəfərə yaxındır) əmin olmaq üçün bu şəxs hətta bu yaxınlarda Azərbaycanın qanunvericiliyini pozaraq işğal altında olan Xankəndiyə də gedib. Beləliklə, Pekres erməni lobbisini razı salmaq canfəşanlığı ilə ondan əvvəl Ermənistana səfər etmiş Fransa prezidentliyinə digər namizəd Erik Zemmuru da ötüb keçib.

Hiyləgər Pekres, hətta Azərbaycan Prezidenti İlham Əliyevin yerli telekanallara verdiyi və Xankəndiyə qanunsuz səfərinin qeyd olunduğu müsahibədən də yararlanıb. İlham Əliyevin Azərbaycan hakimiyyətinin Pekresin səfərindən xəbəri olsaydı, onu geri buraxmayacaqları ilə bağlı sözləri ətrafında qalmaqalı qızışdıran namizəd Fransa hökumətini bu “təhlükə”yə rəsmi cavab verməyə çağırıb.

Erməni lobbisi, Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası (CCAF) və “Şərq xristianları təhlükədədir” təşkilatının Koordinasiya Şurası (CHREDO) canfəşanlıqla arzuladıqları namizədin müdafiəsinə qalxdılar. Onlar İlham Əliyevin Pekresin qanunsuz səfəri ilə bağlı bəyanatlarını pisləyən birgə bəyanat yayıblar. Hətta Fransa hakimiyyəti qarşısında şərt qoyurlar - əgər Bakı izahat və üzr istəməsə, o zaman Fransa səfirini geri çağırmalı, azərbaycanlı diplomatı Parisdən qovmalıdır.

Bir sözlə, “Buldozer” ləqəbi ilə tanınan və beynəlxalq hüquq prinsiplərinə məhəl qoymayan Pekres erməni lobbisinin köməyi ilə yaxşı piar-kampaniya keçirdi. Lakin onun Xankəndiyə qanunsuz səfəri onun üçün neqativ nəticə də verə bilər. Məsələ ondadır ki, Fransa prezidentliyinə namizəd sərbəst və gizli şəkildə Qarabağa Rusiya sülhməramlılarının nəzarətində olan Laçın dəhlizi ilə gedə bilib. Bu hal Pekresin Rusiya xüsusi xidmət orqanları ilə müəyyən əlaqəsinə işarədir.

Məşhur Sovet pioner düşərgəsi Artekdəki tətillərini, daha sonra Fransanın SSRİ-dəki səfirliyində təcrübə keçməsini, sonradan Qərbə qaçan və DTK zabiti olduğu üzə çıxan jurnalist Sergey Jirnovla dostluğuna dair onun zəngin tərcümeyi-halına nəzər salsaq, artıq müvafiq nəticələr çıxırmaq üçün əsaslar yaranır.

Yeri gəlmişkən, Jirnov onunla apardığı yazışmaları saxlayır və birmənalı şəkildə zarafat edir ki, “bir gün Pekres Prezident olsa, bu yazışmalar qızıldan baha olacaq”. Bu yaxınlarda Fransanın "La Letter Patriote" nəşri Valeri Pekresin əri Jeromun “Alstom” şirkətinin “General Electric”-ə satışı ilə bağlı onlardan qanunsuz olaraq iki milyon avro almaqda şübhəli bilindiyinə dair araşdırma dərc edib. Həmin illərdə Valeri özü büdcə naziri vəzifəsini tuturdu.

Qeyd edək ki, Valeri Pekres hazırda Rusiyanın “Zarubejneft” neft-qaz holdinqinin Direktorlar Şurasında oturan Fransanın keçmiş rusiyapərəst Baş naziri Fransua Fiyonun kabinetində ali təhsil və elmi tədqiqatlar naziri, büdcə naziri və mətbuat katibi vəzifələrində çalışıb. Qərb mətbuatının rusofil adlandırdığı Fiyon Fransa hökumətinə rəhbərlik etdiyi illərdə tez-tez Moskvaya gedib-gəlirdi. Yeri gəlmişkən, 2017-ci il prezident seçkilərində Fransua Fiyonun namizədliyi Respublikaçılar Partiyası tərəfindən dəstəklənib. Hazırda Pekresi dəstəkləyən partiyadan söhbət gedir.

Makron hələ də namizəd olub-olmayacağı barədə səssizliyini qoruyur, lakin “Ipsos” sosioloji sorğu mərkəzinin son sorğusuna əsasən, o, ikinci müddətə yenidən seçilmək şansını yüksək saxlayır. Belə ki, sorğunun nəticələrinə görə, Makron seçkilərin birinci turunda səslərin 26%-nə arxalana bilər. Pekres sorğuda üçüncüdür - seçicilərin 16%-i ona səs verməyə hazırdır.

Gördüyümüz kimi, Ermənistan-Azərbaycan münaqişəsi Fransa siyasətinə də öz töhfəsini verir. Makron seçkidə qalib gəlsə, Ermənistanın Baş naziri Nikol Paşinyanın Pekresə Xankəndiyə getməsinə və erməni lobbisinin rəğbətini qazanmasına icazə verdiyini nəzərə alacaq. Pekres qalib gəlsə, Azərbaycan Fransanın ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsi kimi nüfuzdan salınması üçün daha bir səbəb əldə edəcək.

Müəllif: Asif Aydınlı