Xankəndinin nəzarətə götürülməsi ili, başağrısına çevrilən Vardanyan və... - “QİSAS”

Aktual

16.01.2023 - 14:19

Üzeyir Cəfərov: “Vardanyan məhv edilməlidir...Bu şəxs ordumuz üçün hərbi legitim hədəfdir”

Bu il Azərbaycan Ordusunun Qarabağı bölgədə qalmış erməni separatçı tör-töküntülərindən təmizləyəcəyi gözləntiləri var. Beynəlxalq Böhran Qrupunun analitiklərinin ötən ilin sonunda yaydığı hesabatında dünyanın 2023-cü ildə ən qaynar nöqtələri ola biləcək ərazilərdən biri kimi Qarabağı göstərməsi, müharibə proqnozu Qarabağın dağlıq hissəsində hərbi əməliyyatlar gözləntisini bir qədər də artırır.

Bununlıa yanaşı, Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik çıxışında hərbi qüdrətimizin artırılacağı ilə bağlı fikirləri olmuşdu. Daha sonra ölkə başçısı yerli telekanallara müsahibəsində qoşunların xüsusi təyinatlı dəstələrinin sayının artırılması haqqında verdiyi məlumatlar, Ermənistana xəbərdarlıq və çağırışlar da yeni hərbi əməliyyatların olacağı ehtimalını gücləndirir. Məlumdur ki, Prezident Azərbaycanın müharibə istəmədiyini, belə bir niyyətimizin olmadığını açıq şəkildə bildirdi. Amma qalan problemlərin də bu il həllini tapmalı olduğunu vurğuladı. Xüsusən də xüsusi təyinatlı dəstələrin sayının artırılması ilə bağlı Ali Baş Komandanın mesaj verməsi onu deməyə əsas verir ki, müharibə yox, amma antiterror əməliyyatları qaçılmaz ola bilər. Çünki belə əməliyyatlar adətən xüsusi təyinatlılar tərəfindən, komando birlikləri vasitəsi ilə aparılır.   

Bu günlərdə rus və erməni analitiklər də çıxışlarında bildirirlər ki, ötən il keçirilən “Qisas” əməliyyatları bu il də davam etdiriləcək. Onların proqnozuna görə bu il Azərbaycan hazırda Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan əraziləri – Xankənidini nəzarətə götürəcək.

Ehtimallarla bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert, ehtiyyatda olan polkovnik Üzeyir Cəfərov bildirib ki, Qarabağda əməliyyat keçirilməlidir:

- Ruben Vardanyanı Qarabağa məqsədli şəkildə göndərən Rusiya bu gün oyun oynamaqdadır. Azərbaycan fəalları suveren ərazimizdə ekoloji terrora qarşı aksiya keçirirlər, o tərəfdən “humanitar böhran” deyib dünyaya car çəkirlər ki, ölkəmizə qarşı təzyiqlərə nail ola bilsinlər. Rusiya bu oyunları ilə separatçıları orada legitimləşdirmək güdür. Azərbaycan bunun qarşısını almalıdır.

Artıq üçüncü ilə keçdi ki, Üçtərəfli Birgə Bəyanatda göstərilən müddəalar yerinə yetirilməyib. Sərhədlərlə bağlı heç nə icra olunmayıb, Zəngəzur dəhlizinin icrası ilə bağlı Ermənistan addımlar atmayıb, sülh müqaviləsinin imzalanması baş verməyib, separatçı-terrorçu erməni silahlıları hələ də ərazimizdədir. Bu halda çıxış yolu hərbi əməliyyatdan başqa nə olmalıdır?

- Dediniz ki, Rusiya oyun oynayır. Söhbət hansı oyundan gedir?

- Baxın, bu gün Moskvadan Xankəndiyə göndərilən Vardanyan axmaq-axmaq bəyanatlar verir, dünyaya çağırış edir, Qarabağdakı ermənilərin böhranda olduğunu deyir, “talon” oyunu oynayır. Birincisi, adama deyərlər ki, Laçın yolundan hər gün Rusiya sülhməramlılarınaməxsus avtomobillər humanitar məqsədli dedikləri yükləri Xankəndiyə aparırlar. Bəzi günlərdə 30-40 böyük yük maşını keçir. Əgər Xankəndidəki 15-20 min arası erməni qidasız qalıbsa, o zaman həmin avtomobillər nə daşıyırlar. Ərzaq daşınırsa, o zaman bu hay-küy nədir.

Aydın məsələdir ki, bununla vaxt uzatmağa çalışırlar. Paralel olaraq da Qarabağdakı terrorçular silahlandırılır. Bu günlərdə Azərbaycanın xarici işlər naziri ABŞ dövlət katibinin köməkçisi ilə telefon danışığında açıq şəkildə bildirdi ki, Laçın yolundan qeyri-qanuni məqsədlər üçün istifadə olunur. Hər halda nazir ərzaq daşınmasını qeyri-qanuni saymır. Deməli, Azərbaycana qarşı silah-sursat yığırlar, güc toplanmasına yardım edirlər. Mən dediyim  oyunlar məhz bunlardır. Bu oyunların qarşısını birdəfəlik almaq lazımdır.

- Hansı addım atılmalıdır?

- Dediyim kimi, sərt və qətiyyətli addım atılmalıdır. Birincisi, elə Vardanyanı fiziki cəhətdən məhv etməliyik. Bu adam qanunsuz olaraq ərazilərimizə gəlib, orada qondarma qurumun başına keçib, “dövlət-dövlət” oyunu oynayır, Azərbaycana hədə-qorxu gəlir. Azərbaycanın ərazi bütövlüyünü şübhə altına qoyan Vardanyan məhv edilməlidir. Bu şəxs ordumuz üçün hərbi legitim hədəfdir. Onu bu gün məhv etməsək, sabah Azərbaycana başağrı olacaq. Baxın, onu Qarabağa göndərən Rusiya Lavrov səviyyəsində demədi ki, vardanyanla heç bir əlaqələri yoxdur?! Lap yaxşı, o zaman sabah Vardanyanın məhv edilməsinə görə kiminsə narahatlıq dolu bəyanatı da olmayacaq. Azərbaycan qəti addımlar atmalıdır. Əks halda, Rusiya Vardanyanın əli ilə Azərbaycan Ordusuna qarşı addımlar atacaq. Onsuz da o addımlar indi hazırlanır. Biz separatçıları zərərsizləşdirməliyik. Diplomatik həll dövründən hərbi həll dövrünə qədəm qoyulmalıdır. Biz görürük ki, diplomatik yol bu dəfə də işə yaramır. Necə ki, 30 ildə diplomatik yollarla məsələ həllini tapmadı, sonunda işğala Azərbaycan Ordusu son qoydu. İndi də qalan ərazilərimizdə suverenliyin bərpası üçün Azərbaycan Ordusu hərəkətə keçməlidir.

- Növbəti “Qisas” əməliyyatı mütləqdir?

- Təbii ki, mütləqdir. Ümumiyyhətlə, “Qisas” əməliyyatı ötən il başladı, amma bitməyib. Bu il onu davam etdirib əməliyyatı uğurla sonlandırmalıyıq. Hesab edirəm ki, bu barədə ən yüksək səviyyədə mesajlar verildi. Azərbaycan Prezidenti ordunun daha da gücləndirildiyini söylədi və bildirdi ki, müharibə bitsə də, mübarizə bitməyib. Bu mübarizə amansız şəkildə davam etməlidir. Ermənistanla yanaşı, Rusiya da öhdəliklərini yerinə yetirməyib, əksinə, separatizmi çiçəkləndirməklə məşğuldur. Vardanyanın bu gün hədə-qorxu dili ilə danışması Rusiyanın silahlandırdığı separatçı ünsürlərdir, arxayınlığı Rusiyayadır. Biz isə bunun qarşısını qətiyyətlə almalıyıq. Həm də gecikmədən. Bu, bizim hüququmuzdur. Azərbaycan Ordusu cəmi 2 sutkaya Qarabağı separatçılardan tam təmizləməyə qadirdir.

- Beynəlxalq ekspertlər də, rus və erməni politoloqlar da gərginlik proqnozlaşdırırlar...

- Gərginlik ehtimalı hər zaman var. Çünki yekun həll yoxdur, hansısa addımlar atılmır. Azərbaycanın hərbi əməliyyatdan başqa sadəcə yolu qalmayıb. Biz Vardanyanın nazı ilə oynayacağıq?! Verilən proqnozlar reallığa çox yaxındır. Toqquşma olacaq. Çünki Vardanyan Qarabağdan rədd olmaq niyyətində deyil. Rusiya da münaqişənin birdəfəlik həllini istəmir. Sülhməramlı adı ilə qoşunlarının Qarabağda uzun müddət qalmasında maraqlıdır. Münaqişə olmasa, təbii ki, sülhməramlı deyilən qüvvələrə də ehtiyac qalmayacaq. Azərbaycan isə suverenliyinin bərpasını istəyir. Demək ki, toqquşmalar qaçılmaz olacaq, başqa variant yoxdur.  

Müəllif: Anar Bayramoğlu