Haqq sahibləri mandat sahiblərindən yardım istəyir – Millət vəkillərindən hökumət orqanlarına çağırış
Keçən əsrin sonlarında dövlətin verdiyi qiymətli kağızları - özəlləşdirmə payları (çeklər) əllərində qalan yüzminlərlə vətəndaş adından Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlananan müraciətə deputatlar tərəfindən reaksiyalar davam etməkdədir. Milli Məclis üzvləri vətəndaşların tələblərinin haqlı olduğunu və problemin qısa müddətdə yerinə yetirilməsini zəruri hesab edirlər və bu yöndə hökumətə çağırışlar ünvanlayırlar.
Qeyd edək ki, dövlətin qiymətli kağızının dövriyyədə ödəmə vasitəsi kimi müddətinin qanunsuz olaraq 2011-ci ildə dayandırılmasından narazı qalan vətəndaşlar pozulan hüquqlarının bərpasını tələb edirlər.
Çek sahiblərinin deputatlara müraciətində bildirilir ki, yüzminlərlə vətəndaşın hüquqlarının əlindən alınmasına təcili diqqət yetirilməli və yardım olunmalıdır. Haqqı pozulan vətəndaşlar Milli Məclis üzvlərinə müraciətlərində özəlləşdirmə çeklərinin tədavül müddətinin bitməsinin niyə qanunsuz olduğunu hüquqa uyğun şəkildə izah edirlər.
Deputatlardan xahiş olunur ki, Prezidentə məsələni doğru-düzgün formada çatdırsınlar, Nazirlər Kabinetindən, Konstitusiya Məhkəməsindən, bütün aidiyyəti dövlət orqanlarından vətəndaşların hüquqlarının bərpasını tələb etsinlər: “Hörmətli spiker və deputatlar, onların adından sizdən xahiş edirik: bu problemi Milli Məclisdə müzakirə edəsiniz, öz fikirlərinizi ictimayətlə bölüşəsiniz və cənab Prezidentə düzgün məlumat verilməsinə yardım edəsiniz. Sizə müraciət edərək, Müzəffər Ali Baş Komandan Cənab Prezidentin siyasətinə kölgə salmağa, onun nüfuzuna xələl gətirməyə çalışan bəzi məmurlara qarşı təcili cinayət işi açılmasına, korrupsiyaya və xalqa qarşı düşmənçiliyə son qoyulmasına yardımçı olmağınızı xahiş edirik”.

Çek sahibləri vurğulayırlar ki, son illərdə 40-a qədər deputat, yüzlərlə hüquqşünas alim, iqtisadçı ekspert, YAP ağsaqqalı, ümumilikdə müxtəlif sahələr üzrə tanınmış şəxslər xalqa qarşı olan bu haqsızlıqlar barədə mətbuat və “Youtube” kanalları vasitəsilə müraciətlər ediblər: “Ancaq nə Milli Məclisdə açıq müzakirələr aparılır, nə də Ali rəhbərliyə, qalib Azərbaycanın qalib lideri, cənab Prezident İlham Əliyevə birbaşa çıxışı olan Milli Məclis üzvləri ölkə rəhbərinə məsələ barədə tam və aydın məlumat verirlər. Özəlləşdirmə Payı və Çeklər kapitalizmə dinc keçid üçün dövlətin Tarixi Sosial Ədalət siyasətinin əsas prinsipinə əsaslanaraq Ulu Öndər Heydər Əliyev tərəfindən xalqa Qanunla verilib. Özəlləşdirmə başlayan andan Ulu Öndərimiz Heydər Əliyev müddətə tabe olmadan, yəni 10-15-20 il keçməsindən aslı olmayaraq, bütün ölkə vətəndaşlarının ata-babalarının qanı-canı bahasına qurulmuş dövlət əmlakına sahib çıxmalarının, öz MİRAS əmlak paylarını mütləq şəkildə almalarının və ondan istədikləri kimi istifadə etmələrinin vacibliyini bəyan edib, bunun təmin olunmasının bir dövlət öhdəliyi olduğunu dəfələrlə yüksək tribunalardan səsləndirib”.
“Hörmətli deputatlar! Bu, sadəcə Konstitusiya və qanunların pozulması deyil – korrupsiya və dövlət cinayətidir! Xalqa və Prezidentə qarşı düşmənçilikdir. Sizlərdən həm qanunverici orqanda xalqı təmsil edən millət vəkili, həm də bir vətəndaş kimi xalqa kömək etməyinizi xahiş edirik. Sizlərdən bu müraciətdə olan rəsmi dövlət orqanlarının sənədlərini və bəzi məmurlar tərəfindən böhtan-cinayət xarakterli hüquq pozuntularını diqqətlə oxumağınız, cənab Prezidentə və xalqa qarşı düşmənçiliyə son qoyulması üçün, hüquqi səhvlərin aradan qaldırılmasının təmin edilməsi üçün Xalqa yardımçı olmağınız xahiş olunur. Oliqarx məmurların bu hərəkətləri Prezidentə qarşı sadə böhtan deyil”, - deyə müraciətdə bildirilir.
Xatırladaq ki, ötən il özəlləşdirmə çekləri sahiblərinin müraciətləri əsasında Prezident İlham Əliyevin adından problemin aradan qalxması, tarixi ədalətin bərpası üçün Konstitusiya Məhkəməsinə məktub ünvanlanmışdı. Amma Konstitusiya Məhkəməsi haqqı tapdanmış yüzminlərlə vətəndaşın problemi ilə bağlı müsbət qərar vermədi.
Vətəndaşlar deputatlara ünvanladıqları müraciətdə Milli Məclis üzvlərindən problemin həllinə yardımçı olmalarını xahiş edirlər. Müraciətə reaksiya verən millət vəkilləri əhalinin tələbini qanuni sayır və hökumətə, müvafiq qurumlara çağırışlar ünvanlayırlar ki, problem tezliklə və ədalətli şəkildə həll edilsin. Həmçinin, vətəndaşlara məsləhət görürlər ki, dələduzlara aldanaraq, əllərindəki özəlləşdirmə çeklərini dəyər-dəyməzinə “qara bazar”da satmasınlar.
(1-ci MÜRACİƏT, 2-ci MÜRACİƏT, 1-ci YAZI, 2-ci YAZI, 3-cü YAZI, 4-cü YAZI, 5-ci YAZI, 6-cı YAZI, 7-ci YAZI)
AYNA.AZ Milli Məclis rəhbərliyinə və üzvlərinə ünvanlanmış müraciətə deputatların münasibətini öyrənməyə davam edir.
Yeni Azərbaycan Partiyasından deputat Naqif Həmzəyev:

“Zamanında Ulu Öndər Heydər Əliyev tərəfindən vətəndaşların özəlləşdirmə prosesində iştirakının təmini üçün mütərəqqi qərar verildi. Əhaliyə çeklər paylandı ki, özəlləşdirmədə iştirak etsinlər. Həmin vaxt özəlləşdirmə prosesində iştirak edənlər də oldu, yəni çeklərindən yararlananlar da oldu və mən bildiyim qədərilə 80 faizdən çox çek istifadə edilib. Yerdə qalan çeklərdən vətəndaşların istifadə etməsi üçün bir neçə dəfə tədavül müddəti artırılıb.
Bu və ya digər səbəbdən çeklərdən istifadə edə bilməyənlərin narazılığı anlaşılandır. Onlar istəyirlər ki, qiymətli kağızlarından faydalansınlar. Bu baxımdan, düşünürəm ki, aidiyyəti dövlət qurumları narazıların müraciətinə yenidən baxa, lazımi qərar verə bilər. Bütün hallarda, vətəndaşın probleminin hüquqa uyğun həllinin tərəfdarıyam”.
Ana Vətən Partiyasından deputat Günay Ağamalı:

“Düşünürəm ki, özəlləşdirmə çekləri əlində qalan vətəndaşların dövlətin onlara ayırdığı paydan yararlanmaları üçün şərait yaradılsa, yaxşı olardı. Narazı vətəndaşlar bildirirlər ki, bu çeklərin üzərində tədavül müddəti göstərilməyib. Dövlət orqanları da qiymətli kağızlardan istifadə edilməsi üçün vətəndaşlara yetərincə zaman verildiyini bildirir.
Hesab edirəm ki, müraciətə baxılması, vətəndaşlarımızın narazılığına son qoyulması üçün lazımi addım atılması zərurəti var. Bir deputat olaraq, müvafiq qurumları məsələnin hüquqa uyğun şəkildə həllinə çağırıram”.
REAL Partiyasından deputat Erkin Qədirli:

“Əllərində çekləri qalan vətəndaşların müraciətlərinə rast gəlmişəm. Deputat həmkarlarımız da bir neçə dəfə məsələni qaldırıblar. Bu problemin neçə həll olunmasını iqtisadçılar daha yaxşı bilərlər. Hesab edirəm ki, vətəndaşın narazılığı, şikayəti, tələbi varsa, aidiyyəti dövlət qurumları onları dinləməli, qanuna uyğun şəkildə addım atmalıdır. Hansısa komissiya yaradıla, məsələ araşdırıla və müvafiq qərar verilə bilər. Birdəfəlik məsələyə son qoyulması üçün addım atılması yaxşı olar”.
Bitərəf deputat Soltan Məmmədov:

“Əllərində çekləri qalan vətəndaşların müraciətləri barədə məlumatlıyam. Bir neçə dəfə aidiyyəti qurumlara da çağırışlar edilib. Məlumdur ki, özəlləşdirmə çekləri 1996-cı il yanvarın 1-dən dövriyyəyə buraxıldı və nəzərdə tutulan müddət ərzində vauçerlərin çox az hissəsi özəlləşdirmə prosesində istifadə olundu. Bundan sonra çeklərdən daha geniş istifadənin təmin olunması məqsədi ilə tədavül müddəti bir neçə dəfə uzadıldı. 2009-cu il dekabrın 23-də imzalanan Prezident fərmanı ilə sonuncu dəfə çeklərin tədavül müddəti uzadıldı və dövriyyəsi 2011-ci il yanvar ayının 1-də başa çatdı.
Artıq həmin vaxtdan 15 il keçir və əllərdə istifadə edilməmiş çeklər qalıb. Hər halda düşünürəm ki, vətəndaşların müraciətinə reaksiya verilməlidir və qəti söz deyilməlidir. Yəni ki, bu məsələyə yekun vurulmalıdır. Hər halda etiraz varsa, haqq tələbi varsa, buna reaksiya verilməlidir”.
Bitərəf deputat Elşən Musayev:

“Çek sahiblərinin müraciətindən xəbərdaram. Deputatlara olunan vətəndaş müraciətləri Milli Məclis tərəfindən qanunlara uyğun şəkildə aidiyyəti dövlət qurumlarına yönləndirilir. Yəni ki, vətəndaşların bizə olan müraciətlərini dinləmişik və aidiyyəti orqana yönləndirmişik.
Səhv etmirəmsə, Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirmə payları ilə bağlı müraciətə cavab verib və çeklərin yenidən dövriyyəyə qəbul edilməsinin mümkünsüz olduğunu bildirib. Hesab edirəm ki, istənilən halda, bütün problemlərin hüquqi yolla həlli lazımdır”.
QEYD
Ötən əsrin sonlarında, konkret desək, 1996-cı ildə Ulu Öndər Heydər Əliyevin fərmanı ilə vətəndaşlara mülkiyyət sahibi olmaq üçün paylanmış qiymətli kağızlar 2011-ci ildən bu yana tədavüldə deyil. Əllərində qiymətli kağız olan vauçerləri qalmış yüzminlərlə vətəndaş tədavül müddətinin bitməsinin qanunsuz olduğunu, hüquqlarının bərpa olunmasını istəyir.
Zaman-zaman özəlləşdirmə çekləri ilə bağlı müxtəlif sahələrin ekspertləri, hüquqşünaslar, deputatlar, ziyalılar hökumətə pozulan hüquqlarının bərpası ilə bağlı müraciətlər edirlər. Müraciət edən şəxslər konkret arqumentlərlə çıxış edir ki, SSRİ dövrü və ya ondan əvvəlki illərdə ölkə daxilində yaranmış sərvətlərin 65 faizinin özəlləşdirmə çekləri vasitəsilə aparılması çeklərin üzərində yazılan “Bu özəlləşdirmə çekləri Azərbaycan Respublikasının dövlət mülkiyyəti ilə təmin edilir” sözləri ilə düz mütənasibdir.
Çeklərin hər birinin dəyəri eynidir və 1 pay 4 çekdən ibarətdir. Bu hissəyə düşən əmlak ekvivalenti payı qanunda inflyasiyadan qorunan əmlak ekvivalenti payı kimi göstərilib. Eyni zamanda, çeklərin etibarlılıq müddəti kimi bir anlayış və göstəriş yoxdur. Əllərində çekləri qalmış vətəndaşlar özəlləşdirmə prosesində iştirak edə bilmədikləri səbəbindən o çekləri hələ də saxlamaqdadırlar.
Vurğulanır ki, tədavüldən çıxarılan özəlləşdirmə çekləri qiymətli kağızlar hesab olunsa da, bu çeklərlə bağlı verilən qərarlar qanunvericiliklə düzgün aparılmayıb. Belə olan təqdirdə əlində özəlləşdirmə payları qalan şəxslərlə bağlı konkret addımlar atılması tələb olunur.
Əlavə qeyd
Hamı bilməlidir ki, Ulu Öndər Heydər Əliyev tərəfindən verilən miras özəlləşdirmə payı mülkiyyət hüququ və bu hüququ təsdiq edən dövlət qiymətli kağızı olan özəlləşdirmə çekləri qanunla verilib!
Heydər Əliyevin özəlləşdirmə qanununun icrası üçün verdiyi və imzaladığı 450 nömrəli Fərman isə qanunla müəyyən edilmiş qaydada hər bir vətəndaşa düşən miras özəlləşdirmə paylarını təsdiq edən özəlləşdirmə çeklərinin dövlət öhdəliyi olaraq vətəndaşlara paylanılması və birincili olaraq yerləşdilməsini icra etmək üçün verilib. Bu gün də qüvvədə olan bu Fərmanla təsdiq olunmuş özəlləşdirmə çekləri haqqında Əsasnamənin 5-ci bəndi ilə bütün özəlləşdirmə dövründə özəlləşdirmə çeklərindən ödəmə vasitəsi kimi qəbulundan imtina etmək qəti qadağan olunub.
Fərman nə hüquq verir, nə də qanunun verdiyi hüququ ala bilər! Kompensasiya ödəmədən, məmurların hiyləsi ilə Fərman əsasında özəlləşdirmə çeklərini dövriyyədən cıxarmaqla aparılan özəlləşdirmə qanunsuzluq, xalqa qarşı ədalətsizlik və dövlətə qarşı təxribatdır!

Konstitusiya Məhkəməsinin ekspertləri olan hüquqşünas alimlərin 2022-2023-cü illərdə apardıqları elmi-praktik araşdırmaların nəticəsi kimi, 10-dan çox alimin rəyi əsasında yazılmış, Prezidentin nəzarətində olan Ali Attestasiya Komissiyasının “Qanun” jurnalında dərc olunmuş 4 məqalədə təsdiqlənmiş hüquqi faktlardan sonra, artıq hüquqşünaslar və ziyalılar mətbuatdakı çıxışlarında 13 ildir çeklərsiz aparılan özəlləşdirmənin xalqa qarşı cinayət və dövlətə qarşı təxribat olduğunu açıq-aşkar səsləndirirlər. Bu isə öz növbəsində tarixi ədalətin bərpa ediləcəyinə böyük ümidlər yaradır.
Alimlərin araşdırmasından məlum olur ki, qanunla inflyasiyadan qorunuan hər özəlləşdirmə payına düşən əmlak payı dəyəri bu gün üçün ən azı 20 000 ABŞ dolları dəyərindədir və Ulu Öndərin xalqa vədinə əsasən, tarixi ədalət naminə bu gün qanunvericiliklə Azərbaycan İnvestisiya Holdinqindəki bütün müəssisələrin və gələcəkdə özəlləşdiriləcək bütün orta və iri müəssisələrin əmlak dəyərinin ən azı 65%-i özəlləşdirmə çekləri ilə əvəzləndirilməlidir.
Qanunla bütün investorlar kollektivə məxsus 15%-dan qalan səhmlər və 50%-in üstünə gələrək ancaq özəlləşdirmə çekləri ilə ödəməlidir. Dövlət qanunla belə müəssisələrin ancaq ona məxsus olan 35%-nin pulla satışını həyata keçirə bilər. Ulu Öndərin imzaladığı qanunlar və Konstitusiya yeni ictimai sistemə keçid üçün sosisal tarixi ədalət naminə ölkənin ən kasıb vaxtında dövlətin iqtisadi və sosial siyasətinin əsası kimi qəbul olundu. Ümummilli Lider qanunla bütün özəlləşdiriləcək orta və böyük müəssisələrin 50+15%-nin özəlləşdirmə çekləri ilə aparılacağını dünyaya elan etdi. Hətta icarəyə verilmiş müəssisələrin gələcəkdə özəlləşdirilməsi və investisiya müsabiqələrinin özəlləşdirilməsi ancaq qanunun qoyduğu bu qayda ilə aparılmalı idi. Dövlət öhtəliyi kimi qanunla qoyulmuş bu qaydaları heç bir Fərman və hətta sonradan qəbul olunacaq hec bir qanun Konstitusiyaya zidd olaraq dəyişə bilməz!
Mövzuya dair daha ətraflı məlumatla bu KEÇİDə daxil olmaqla tanış ola bilərsiniz.