Vaşinqtondan F-35 sürətli qərar

Dünya

10.08.2022 - 21:13

Yunanıstan ABŞ-dan aldığı qırıcıları Türkiyədən aralı tutacaq

Souda, Andravida və Araxos - bunlar Yunanıstan Hərbi Hava Qüvvələrinin ABŞ-dan öz infrastrukturunun F-35 qırıcılarının yerləşdirilməsi üçün uyğunluğunu yoxlamağı xahiş etdiyi aviabazaların adlarıdır.

Bu, texniki məlumatdır, lakin F-35-ə sahib olan hər bir ölkənin bu təyyarələrin yerləşdiriləcəyi hərbi bazası olmalıdır. Türkiyə proqramdan çıxarılmasaydı, aldığı F-35-ləri ilk olaraq Malatyada yerləşdirəcəkdi və buna uyğun olaraq hərbi bazanın infrastrukturu yenidən qurulmuşdu.

Biz artıq Kritdəki Souda bazası haqqında bilirik, lakin alternativ olaraq təyin olunan digər iki yer maraqlıdır - hər ikisi Yunanıstanın qərbində, İon dənizi və arxasında İtaliya olan bazalardır.

Maraqlıdır ki, Fransadan aldığı “Rafale” döyüş təyyarələrini İzmirə paralel Tanagra bazasına yerləşdirən Yunanıstan F-35-lər üçün Egeydən uzaqda baza axtarır.

Bu qərarın müxtəlif səbəbləri ola bilər, xüsusən də Türkiyəyə məxsus S-400 hava hücumundan müdafiə sistemi ilə bağlı narahatlıqlar… Bunu zamanla görəcəyik.

Ancaq mütləq görməli olduğumuz başqa bir fakt var ki, bu da Vaşinqtonun 2023-cü ildə keçiriləcək seçkilərdə Baş nazir Mitsotakisin qalib gəlməsi üçün əlindən gələni etməsidir.

“Ağ Ev Mitsotakisin qələbəsi üçün və bu yolda F-35-lərdən təbliğat vasitəsi kimi istifadə edə bilməsi üçün ildırım sürəti ilə bir təsdiq prosesi həyata keçirdi”, - deyə yunan mediası yazır.

Bayden haqsız da deyil. Çünki ölkəsini ABŞ-a peşkəş edən bir Baş nazir tapıb və itirmək istəmir.

Təsəvvür edin ki, Mitsotakis xarici siyasətə dair bütün qərarları Vaşinqtonla razılaşdırır, Ağ Evdən iznsiz heç bir addım atmır. Az qala, ölkəsinin daxili siyasətini belə, Amerika müəyyənləşdirir.

Yunanıstandan Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edən ABŞ-ın qarşısında Mitsotakis kimi müti bir Baş nazir varsa, bundan niyə maksimum yararlanmasın ki?! Və onun yenidən hökumət başçısı olması üçün əlindəki imkanlardan niyə istifadə etməsin?!

Göründüyü kimi, ABŞ-ın Yunanıstanı F-35 ilə təmin etmək qərarının görünməmiş bir sürətlə icra olunması əbəs deyil. Ağ Evin dirijor çubuğu ilə oturub-duran, “Türkiyənin üzərinə get” deyildiyində heç tərəddüd etmədən tapşırığı yerinə yetirən Mitsotakisin növbəti dəfə yunan hökumətinə rəhbərlik etməsi amerikalıların marağındadır.

Əslində, Yunanıstana başqa bir şəxsin rəhbərlik etməsi heç də o demək deyil ki, bu ölkə ABŞ-ın vektorundan çıxacaq. Lakin istənilən halda, Bayden administrasiyası münasibətləri və Yunanıstanın “qulluğunu” riskə atmaq istəmir. Odur ki, Mitsotakis hazır buyruq quluykən, yeni kölə axtarmağa nə ehtiyac?...

Müəllif: Özay Şendir

Mənbə: "milliyet.com.tr"

Tərcümə AYNA-ya məxsusdur

Müəllif: İsmayıl Məmmədli