Vaşinqton Moskvanın planına qarşı: Cənubi Qafqazı istədiyin kimi şəkilləndirə bilməzsən

Dünya

20.10.2021 - 14:02

Pentaqon rəhbərinin Gürcüstana səfəri, imzalanan müqavilə və verilən bəyanatlar hansı proseslərin carçısıdır?

Gürcüstan mətbuatı xəbər verir ki, bu ölkənin müdafiə naziri Cuanşer Burçuladze və Pentaqonun (ABŞ) rəhbəri Lloyd Ostin Tbilisidə dövlətlərarası əməkdaşlıq memorandumu imzalayıblar. Sənəd Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsini nəzərdə tutur.

Burçuladze brifinqdə bildirib ki, saziş Tbilisi ilə Vaşinqton arasında münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırır.

Öz növbəsində, Ostin həmkarına səmimi qəbula görə təşəkkür edib və ABŞ-ın Gürcüstana dəstəyini davam etdirdiyini bir daha bəyan edib: “Gürcüstana səfərim tərəfdaşlığı təsdiqləyir və tanıyır, bu, bizim üçün vacib bir bölgədir. Ortaq dəyərlərimiz var, təhlükəsizlik sektorunda əməkdaşlığı davam etdirmək üçün yaxşı imkanlar görürük”.

O, imzalanan memorandumun Gürcüstanın müdafiə qabiliyyətinin gücləndirilməsinə və potensialının artırılmasına xidmət etdiyini deyib.

Amma ən maraqlı məqam Ostinin Gürcüstanın Cənubi Qafqazda "3+3" təşəbbüsündə (Keçən il "Altılıq Platforması" və ya "Qafqaz Platforması" adlandırılan) iştirak ehtimalını necə şərh etməsidir. Pentaqon başçısı Rusiyanı 2008-ci il atəşkəs razılaşmasını yerinə yetirməyə çağırıb: “Hər hansı yeni bir platformadan danışmazdan əvvəl Gürcüstan ərazisinin 20 faizini işğal edən Rusiya 2008-ci il atəşkəs razılaşmasını yerinə yetirməlidir ABŞ-ın Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstək qətiyyətli və dəyişməzdir”.

Bu sözlər nə anlama gəlir? Göründüyü kimi, bu, Moskvaya birmənalı mesajdır ki, Vaşinqton işğalçı Rusiya ilə əməkdaşlığa sövq edilməsi məqsədi ilə Tbilisiyə edilən hər hansı bir təzyiqin qarşısını almaq üçün hər cür səy göstərəcək.

Oktyabrın 6-da İranın xarici işlər naziri Abdollahianla danışıqlardan sonra keçirilən mətbuat konfransında Rusiya xarici işlər naziri Lavrov iranlı həmkarı ilə “3+3” dialoq formatının yaradılması təşəbbüsünü müzakirə etdiyini söyləmişdi: “Ümid edirik ki, yaşadığı problemlərə baxmayaraq, Gürcüstan bu formatda öz marağını da görəcək və burada davam edən münaqişələr səbəbiylə uzun müddət inkişafına əngəllər yaranan bölgənin sürətli inkişafı ilə bağlı məsləhətləşmələr və qərarlar qəbul etmək üçün razılıq verəcək”.

Pentaqon rəhbərinin kifayət qədər sərt məzəmmətinə Moskva nə dərəcədə reaksiya verəcək? Və baş verənlər, bu qədər potensial iştirakçının olduğu "3+3" formatının keçmişdə qalması demək deyilmi? Həm də, yalnız buna görə deyil. Reallıqlar göstərir ki, əsasən İranın dözümsüzlüyü və Ermənistandakı müharibədən sonrakı fobiyalarına görə digər dörd iştirakçı arasında sıx əməkdaşlığı proqnozlaşdırmaq hələ tezdir.

AYNA mövzunu tanınmış gürcüstanlı ekspertlərə müzakirə edib.

Gürcüstan Prezidentinin təhlükəsizlik məsələləri üzrə keçmiş müşaviri, politoloq Tengiz Pxaladze:

“Pentaqon rəhbərinin səfərindən başlayaq. Təbii ki, bu, çox vacib idi, çünki Ostinin Gürcüstana ilk səfəridir. Və eyni zamanda, məqsədi Qara dəniz bölgəsinin təhlükəsizliyini gücləndirmək olan regional bir turdur. Bundan sonra Ostin Brüsselə gedir və burada NATO üzrə həmkarları ilə görüşəcək.

Tbilisidə imzalanan müqavilə ABŞ-Gürcüstan münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırır. Gürcüstanla ABŞ arasında hərbi sahədə əməkdaşlıq bir neçə onilliklər ərzində inkişaf edir və çox uğurla davam edir.

"3+3" platformasına gəldikdə, Rusiya Gürcüstan ərazisində işğalçı olduğu və Gürcüstan ərazisinin 20%-nin Rusiya Federasiyası tərəfindən qanunsuz olaraq işğal edildiyi müddətdə belə bir təşəbbüsün real olmadığını söyləmişik. Diplomatik münasibətlərimiz yoxdur və buna görə də Gürcüstanın Rusiyanın olduğu hər hansı bir yeni formatda iştirakı mümkün deyil. İşğal barədə danışmamaq həm hökumət, həm də Gürcüstan cəmiyyəti üçün qəbuledilməzdir. Pentaqon başçısının yeni formatlar təklif etməzdən əvvəl Rusiyanın öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsi lazım olduğunu və ilk növbədə bunun de-okkupasiya olduğunu söyləməsi olduqca düzgün idi”.

Beynəlxalq Qara Dəniz Universitetinin professoru, politoloq Nika Çitadze:

“Bəli, Amerika Gürcüstanın digər üzvlərin Rusiya və İran olduğu "3+3" formatına daxil edilməsinin əleyhinədir. Gürcüstan Xarici İşlər Nazirliyi artıq ölkənin Rusiyanın iştirak etdiyi təşəbbüslərə qoşulmayacağı ilə bağlı açıqlama verib.

Amma Amerika Gürcüstanın bu formata qoşulmayacağından əmin olmaq istəyirdi. Əlbəttə ki, bu platformanın Rusiya və Gürcüstan, Azərbaycan, Türkiyə və Ermənistan, indi də İran və Azərbaycan arasındakı gərgin münasibətlərə görə heç bir perspektivi yoxdur. Bu gün bu təşəbbüs utopik görünür”.

Gürcüstan Texniki Universitetinin professor, konfliktoloq, beynəlxalq münasibətlər üzrə elmlər doktoru Amiran Xevtsuriani:

“Lavrovun "3+3" formatı ilə bağlı məlum açıqlamasından və eyni zamanda Gürcüstanın xarici işlər nazirinin qəribə cavabından sonra bütün əhvalatın bu qədər asan bitə bilməyəcəyinə daxili olaraq əmin deyildim. Gördüyünüz kimi, Qərbin, xüsusən də ABŞ-ın reaksiyası gecikmədi və Pentaqon rəhbəri bizi ziyarət etdi. Bu səfər bir daha göstərdi ki, ABŞ-ın Gürcüstandakı və bütövlükdə bölgədəki maraqları prinsipial əhəmiyyət kəsb edir.

Səfər o mənada da əhəmiyyətli idi ki, böyük bir çoxluq təşkil edən qərbyönümlü gürcü cəmiyyəti, Gürcüstanın ən əhəmiyyətli strateji tərəfdaşı olaraq ABŞ-ın əməkdaşlıqda maraqlı olduğuna dair açıq bir müsbət siqnal aldı.

Digər tərəfdən, bu səfər həm də son vaxtlar çox aktivləşən və cəmiyyətə daim Qərblə bağlı nihilizm səpən Tbilisidəki rusiyapərəst qüvvələrə əhəmiyyətli bir siqnal idi. Beləliklə, ikitərəfli münasibətlərdə heç bir əsaslı dəyişiklik yoxdur: Gürcüstan ABŞ-ın strateji tərəfdaşı olaraq qalır və ərazi bütövlüyü tərəfdaşımız üçün prioritetdir.

Burada daha bir vacib məqama toxunmaq istərdim: Əminəm ki, cənab Ostinin protokoldan və üzdə xoş bəyanatlardan başqa, Gürcüstan hakimiyyəti ilə olduqca çətin bir söhbəti olub - hansının ki, məzmunu sonradan məlum olacaq.

Bu gün Gürcüstan hökumətinin əsas qayğısı ölkənin Avroatlantik gələcəyini təmin etmək deyil, həm öz sərhədləri daxilində, həm də xaricində ölkənin maraqlarına əhəmiyyətli dərəcədə zərər vuran öz hakimiyyətini qorumaq cəhdləridir. Əlbəttə ki, tərəfdaşlar bu cür özbaşınalıqlara dözməyəcəklər və düşünürəm ki, Pentaqon rəhbərinin birbaşa səfəri bunun bariz nümunəsidir. Yalnız hadisələrin inkişafını gözləmək və həm Gürcüstanda, həm də bütövlükdə bölgədə sülh və sabitliyin bərqərar olacağına ümid etmək olar”.

Müəllif: Rauf Orucov