Vardanyanın müharibə elanı və ya “Ruben artıq ordumuz üçün legitim hədəfdir”

Aktual

26.12.2022 - 18:11

Hərbi ekspert: “Terrorçuya vaxt verilir, həmin vaxt ərzində hüquq-mühafizə orqanlarına təslim olmursa, məhv edilməlidir”

Dünən Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında olan Azərbaycanın Xankəndi şəhərində erməni separatçı qurumun tör-töküntüləri mitinq keçirdilər. Bir müddət öncə Rusiyadan Qarabağa gələn, hazırda isə qondarma qurumun “dövlət naziri” olan Ruben Vardanyanın təşkilatçılığı ilə baş tutan mitinqdə təxminən 15-17 min adam iştirak edib. Azyaşlı uşaqların, yaşı 80-i ötmüş qocaların da iştirak etdiyi mitinqdə separatçı Vardanyan çıxış edib.

Qondarma qurumun “dövlət naziri” Qarabağ ermənilərinin 3 yolu olduğunu bildirib: “Birincisi – Azərbaycana inteqrasiya olunuruq, ikincisi, burdan köçüb gedirik, üçüncüsü, savaşırıq. Mən 2 sentyabrda qərar vermişəm ki, Azərbaycana tabe olmayacam, burdan getməyəcəm, mübarizə aparacam. Hər şeyimi müstəqilliyə qurban verəcəm. Möcüzə gözləməyin, möcüzə olmayacaq, qarşıda bizi olduqca çətin yol gözləyir”.

Proseslərlə bağlı AYNA-nın suallarını cavablandıran hərbi ekspert Ədalət Verdiyev deyib ki, Vardanyanın dünənki və ondan əvvəlki günlərdə verdiyi bəyanatlar Azərbaycana qarşı birmənalı müharibə elanıdır:

- Biz deyirik ki, müharibə bitib, Üçtərəfli Birgə Bəyanatın şərtlərinə uyğun Bakının sülh gündəliyi var və bu gündəlik rəsmi İrəvana təqdim edilib. Müharibə iki ildən çoxdur ki, bitib. Amma bu müddətdə Ermənistan tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmir. Əslində bu, Azərbaycana daha təsirli variantlara əl atmaq əsası verir. Ermənistanın və separatçı-terrorçuların anlayacağı dildən davranmağımıza tamamilə imkan yaradır. İki il müddətində Azərbaycan Ordusu bəzi əməliyyatlar keçirib. Vardanyanın indiki açıqlamaları isə bir daha ondan xəbər verir ki, bunlar sülh gündəliyini, sülh prosesində maraqlı deyillər. Belə olan halda biz nəyi gözləməliyik?

-Təsirli tədbir dedikdə yeni əməliyyatları nəzərdə tutursunuz?

- Əlbəttə. Çünki qarşı tərəf dinc vasitələrdə maraqlı olmadığını göstərir. Xüsusilə də, Qarabağa məqsədli şəkildə göndərilən Vardanyan bəyanatları ilə Azərbaycanın hərbi vasitələrə əl atmasından başqa yol qoymur. Separatçılar, Qarabağa Azərbaycana qarşı təxribat məqsədilə göndərilən Vardanyan Azərbaycanın hərbi qələbəsini qəbul etmədiyini bəyan edir. Əksinə, yerli əhalini növbəti təxribatlara, Azərbaycana qarşı müharibəyə hazırlayır. Məlum məsələdir ki, Vardanyan Xankəndidə yaşayan ermənilərə firavanlıq gətirmək üçün gəlməyib. Baxın, təxminən bir ay qabaq Vardanyan bildirirdi ki, Qarabağı guya ki, dünyanın cazibədar yerinə çevirmək üçün gəlib. İndi isə deyir ki, hərbi vəziyyətdir, döyüşməlidirlər və s. Bu, birbaşa əhalini müharibəyə səsləməkdir.Təbii ki, Vardanyanın dünənki və ondan əvvəlki açıqlamaları Azərbaycan üçün qətiyyən qəbuledilməzdir. Faktiki olaraq bu gün Vardanyan Azərbaycan Ordusunun legitim hədəfidir. Azərbaycanın ərazi bütövlüyünə qarşı verilən bəyanatla ərazimizə raket atılması arasında heç bir fərq yoxdur.

Əgər bir separatçı bizə qarşı müharibəyə səsləyirsə, ordumuza qarşı təhdid törədə biləcək addımlara meyillidirsə, o zaman onun məhv edilməsi labüddür. Vardanyan unutmasın ki, ondan qabaq da belə bəyanatlar səsləndirənlər olub, aqibətləri də bəllidir.

- Yaxınlarda antiterror əməliyyatları gözlənilirmi?

- Biz “Qisas” əməliyyatını əslində başlatmışıq. Fərrux istiqamətində Azərbaycan Ordusuna açılan mərmi ilə əməliyyat başladı. Daha sonra Buzluq istiqamətində bu həyata keçirdi. Yəni Azərbaycan Ordusu hədəflədiyi ərazilərdə istədiyi an əməliyyata hazırdır. İstənilən yerdə, istənilən formada ordumuz əməliyyatını keçirə bilər, lazımi tədbirlər həyata keçirər. Buna nə sülhməramlılar, nə də erməni silahlıları mane ola bilər. Azərbaycan tərəfi prosesin daha ağrısız, itkisiz həyata keçirilməsinin tərəfdarıdır. Amma bizə qarşı müharibə elan ediləcəksə, bu ağrı-acını Vardanyan və onun kimi düşünənlər öz  dərisində hiss edəcək.

- Dediniz ki, Vardanyan Qarabağa məqsədli göndərilmiş şəxsdir. Məlumdur ki, o, Rusiyadan gəlib. Rusiya isə rəsmən Vardanyandan imtina etdiyini açıqladı...

- Rusiyanın niyyəti o idi ki, Vardanyanla Azərbaycan danışığa getsin, nələrsə razılaşdırılsın və s. Amma Azərbaycan tərəfi bunu qəbul etmədi. Cənab Prezident hələ bir müddət öndə bu haqda qəti bəyanat səsləndirdi.

Dünyanın heç bir ölkəsində separatçı ilə, terrorçu ilə danışıqlar aparılmır. Terrorçuya vaxt verilir, həmin vaxt ərzində hüquq-mühafizə orqanlarına təslim olmursa, məhv edilməlidir. Vardanyanın bizim ərazilərimizə gəlişi belə qeyri-qanunidir.

- Yeri gəlmişkən, Xankəndidə Vardanyanın düzənlədiyi mitinq şousundan əvvəl belə məlumatlar vardı ki, mitinqdən sonra Şuşa-Xankəndi yoluna, azərbaycanlı fəalların keçirildiyi əraziyə yürüş edəcəklər. Bunun qarşısını Rusiya sülhməramlıları kəsdi, yoxsa?

- Birincisi, mitinqin kadrlarına baxanda hər şey aydın olur. Vardanyan körpə uşaqları belə Xankəndidə meydana toplamışdı. Azərbaycanlıların aksiya keçirdiyi əraziyə yürüş haqda bəyanatları da mənasızdır. Sonra iddia etdilər ki, bizim fəalların Şusa-Xankəndi yolundakı aksiyası Rusiya sülhməramlıları tərəfindən dağıdılacaq. Amma aksiya bu gün də davam edir. Yürüş etmək, azərbaycanlıların Laçın yolundakı aksiyasının dağıdılmasına dair əks tərəfin məlumatları daha çox ermənilərin “Xocalı aeroportundan istifadə ediləcək” kimi saxta xəbərlərdən biridir. Ümuumiyyətlə, vətəndaşlarımız ermənilərin hər sözünə inanmamalıdırlar. Belə yalan xəbərlərdən stresə düşmək lazım deyil.

Nəzərə almaq lazımdır ki, hazırda erməni separatçıları əlacsızlıqdan küncdən-küncə çırpınır, uşaq və yaşlıları belə mitinqə çıxarmaqla yeni sahib axtarırlar. Amma güclü Azərbaycan-Türkiyə birliyi qarşısında kimsə Xankəndinə yaxınlaşmağa ciddi cəhd etmir. Müharibə vaxtı qəhrəman Azərbaycan Ordusunun, əsgərimizin qarşısından tülkü kimi fərarilik edənlərin mitinqi nəyisə dəyişə bilməz.

Müəllif: Anar Bayramoğlu