Vahid Avropa Ordusu: olsun, olmasın?

Dünya

02.04.2024 - 18:05

“Bir ordu yaratmaq üçün 27 ordunu buraxacağımıza inanmaq utopikdir”

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell CNN telekanalında çıxış edərək, Vahid Avropa Ordusunun yaradılması üçün 27 Aİ-yə üzv dövlətin silahlı qüvvələrinin buraxılması ideyasını qeyri-real adlandırıb. “Bir ordu yaratmaq üçün 27 ordunu buraxacağımıza inanmaq utopikdir”, - deyə o bildirib.

Borrell daha realist düşünməyə və Aİ ölkələri və onların vəsaitlərdən necə istifadə etdikləri arasında daha yaxşı ünsiyyət qurmağa çağırıb.

Yanvarda İtaliya Baş nazirinin müavini və xarici işlər naziri Antonio Tajani bildirmişdi ki, Aİ sülhün qorunmasında və münaqişələrin qarşısının alınmasında rol oynaya biləcək öz silahlı qüvvələrini formalaşdırmalıdır.

Martın 5-də Avropa Komissiyası silah istehsalının artırılması və üzv dövlətlər arasında daha sıx əməkdaşlığı ehtiva edən Aİ-nin yeni müdafiə sənayesi strategiyası üçün qanunvericilik təklifini təqdim edib. Strategiya üzv ölkələrdə tələbatın konsolidasiyası, ehtiyacların və mövcud imkanların davamlı qiymətləndirilməsi yolu ilə “müdafiə sənayesində (böhran vəziyyətlərinə) daimi hazırlıq mədəniyyətinin yaradılmasını” hədəfləyir.

Bununla belə, Borrell ümumavropa ordusu ideyasını qeyri-real və utopik adlandırır. Putin Rusiyasının getdikcə bütün qonşuları üçün doyumsuz iştahı olan Hitler Almaniyasının analoquna çevrildiyini nəzərə alsaq, dünyada sülhün təmin edilməsi naminə belə bir vəzifə nə dərəcədə aktualdır? Bəlkə də, əslində, Aİ-nin bütün üzv ölkələrin silahlı qüvvələrini birləşdirməsi, struktur olaraq, deyək ki, NATO daxilindəki kimi vahid komandanlıqla vahid ordu yaratması daha düzgün olardı ki, nəsə olarsa, işğalçıya müqavimət göstərə bilsin.

Burada qeyd etmək lazımdır ki, 1949-cu ildə imzalanmış Şimali Atlantika Müqaviləsini heç kim ləğv etməyib. Və onun təməl maddəsi NATO üzv ölkələrinin silahlı hücuma məruz qalan hər hansı üzv dövlətin köməyinə gəlməsini tələb edən 5-ci maddədir.

AYNA mövzunu tanınmış əcnəbi ekspertlərlə müzakirə edib.

Estoniyalı politoloq Piter Taym:

“Avropa İttifaqının Silahlı Qüvvələrı və ya Ordusu adlı hər hansı vahid strukturun yaradılmasına qətiyyən ehtiyac yoxdur. Avropa İttifaqı mövcud olduğu bütün tarix boyu suveren dövlətlərin birliyi olub, var və olacaq. Yəni heç bir mənada Aİ ölkələri hansısa federasiya və ya konfederasiyanın subyektləri deyil.

Bu, siyasi, iqtisadi, maliyyə, humanitar əməkdaşlıq birliyidir. Burada silahlı qüvvələrlə bağlı da eyni mövqe sərgilənməlidir. NATO daxilində müxtəlif ölkələrin silahlı qüvvələri ayrı-ayrılıqda mövcud olduğu kimi, onlar hər bir ölkə üçün ayrıca olmalıdır.

Yəni, söhbət Avropa İttifaqının birləşmiş qüvvələri adlandıra biləcəyimiz hansısa strukturun yaradılmasından gedirsə, mən bundan sadəcə olaraq tədbirlər kompleksini və ya NATO kimi qurulmuş hansısa strukturu başa düşürəm. Yəni, Avropa İttifaqının bütün üzvlərinin bütün silahlı qüvvələrini istifadə etmək zərurəti yaranarsa, bunun üçün artıq bəzi inkişaflar və ya strukturlar olmalıdır ki, bunun sayəsində bütün Avropa İttifaqı ölkələrinin silahlı qüvvələri koordinasiyalı və ardıcıl olaraq bəzi hərbi əməliyyatlar həyata keçirə bilər”.

Ukraynalı analitik, Dünya Siyasəti İnstitutunun direktoru Yevgen Maqda:

“Rusiyanın Ukraynaya genişmiqyaslı hücumu qlobal aktyorları necə yaşamaq və bundan sonra necə davranmaq, necə inkişaf edəcəklərini seçmək məcburiyyətində qoyub. Avropa İttifaqı öz fəallığını göstərdi, Ukrayna və digər ölkələrlə genişlənməyə dair danışıqlara hazır olduğunu göstərdi və bu, həqiqətən də vacib məqamdır.

Amma hazırda Avropa ordusunun yaradılması (yeri gəlmişkən, bu ideya yeni deyil) məncə, kifayət qədər problemlidir. Üstəlik, düşünmürəm ki, mümkün böhran vəziyyətində olan Avropa iqtisadiyyatları Ukraynaya hərbi yardımın artırılması ilə eyni vaxtda NATO-ya xərclərin artmasının və həmçinin müəyyən ayırmalar tələb edən bir Avropa ordusu yaratmağın öhdəsindən gələ bilsin.

Ona görə də məncə, Josep Borrell öz mövqeyini kifayət qədər aydın ifadə etdi. Nəzərinizə çatdırım ki, o, bir müddət Avropa İttifaqının bir sıra ölkələrində “bonsai ordularının”, yəni döyüş meydanındakı vəziyyətə həqiqətən təsir edə bilməyən orduların olduğunu etiraf etmişdi.

Orduları real təsir gücünə malik olan ölkələr - Polşa, Fransa, İngiltərə, Almaniya artıq NATO strukturlarına inteqrasiya olunub. Ona görə də başa düşməliyik ki, Aİ-də, xüsusən də Avropa Parlamentinə seçkilər ərəfəsində bu məsələdə o qədər də entuziazm olmayacaq”.

Müəllif: Rauf Orucov