Ukraynalı briqada komandiri: "Azərbaycan öz torpaqlarını qaytardı, biz də belə edirik"

Dünya

29.08.2022 - 14:22

Oleq Uminski: "Rusiyada həmişə fərqli bir prinsip olub və qalır - insan həyatına açıq nifrət. Çünki “qadınlar yenilərini doğacaq” deyə düşünürlər"

Ukrayna Silahlı Qüvvələrinin İvan Boqun adına Birinci Əlahiddə Xüsusi Təyinatlı Qüvvələr Briqadasının briqada komandiri Oleq Uminskinin AYNA-ya müsahibəsini təqdim edirik:
 
- Cəbhədə vəziyyət tez-tez dəyişir. Ümumiyyətlə, onun hazırkı mövqeyini və xidmət etdiyiniz istiqamətdəki gedişatı necə qiymətləndirirsiniz?

- Təbii ki, cəbhədəki hazırkı vəziyyətlə bağlı fikir ayrılığı var. Mən bu məsələ ilə bağlı şəxsi, subyektiv fikrimi bildirəcəyəm. Hesab edirəm ki, fevralın 24-də Rusiya Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlayandan bəri Ukrayna Silahlı Qüvvələrində qüvvələrin toparlanması prosesi gedir. Ordumuz güclənir, güc toplayır. Eyni zamanda, “üç günə Kiyevi ələ keçirməyə” can atan Rusiyanın planlarının iflasa uğradığı da tamamilə göz qabağındadır. Və ümumiyyətlə, rus işğalçı qoşunlarının hücumu dalana dirənib, onlar bataqlığa düşüblər və həm canlı qüvvə, həm də texnika cəhətdən, o cümlədən mənim xidmət etdiyim istiqamətdə böyük itkilər verirlər.

- Ukrayna Rusiya ilə genişmiqyaslı müharibəyə nə dərəcədə hazırdır?

- Yenə də hər şey hansı dövrlə - 1991-ci illə, 2014-cü illə və ya 2022-ci il fevralın 23-dək olan dövrlə müqayisə olunacağından asılıdır. 1991-ci illə müqayisədə Ukrayna ordusu say cəhətdən azalıb. Amma 2014-cü illə müqayisədə ordumuz xeyli güclənib, döyüşə hazır olub, həvəsləndirilib. Rusiya ilə genişmiqyaslı müharibə indi deyil, 2014-cü ildə baş versəydi, biz daha çətin günlər keçirərdik. Bəli, son iki-üç ildə ordu il bağlı nələrin edilə biləcəyi, lakin edilmdəiyi ilə bağlı müxtəlif fikirlər var. Amma bütün bunlar Ukraynanın qələbəsindən sonra müzakirə oluna bilər və edilməlidir.

- Ukrayna ordusunun hazırkı döyüş ruhunu və texniki təchizat səviyyəsini necə qiymətləndirirsiniz, müharibənin gedişatını dəyişmək üçün hansı silahlar tələb olunur?

- Ukrayna ordusunun döyüş ruhu və motivasiyası ən yüksək səviyyədədir. Məhz onun sayəsində ölkəmizdə qarşılaşacaqları müqavimətin miqyasını açıq-aşkar qiymətləndirməyən rus işğalçılarının ilkin planlarını puça çıxara bildilər. Bildiyiniz kimi, müharibənin ilk həftələrində və aylarında Ukraynaya Qərb silahlarının tədarükü indiki həcmdə deyildi. Ona görə də daha çox sayda və daha yaxşı təchiz olunmuş rus ordusuna qarşı müqavimət yalnız əsgərlərimizin yüksək mənəviyyatı, vətənpərvərliyi, fədakarlığı və komandirlərimizin istedadı hesabına lazım idi. Müharibə aylarında yavaş-yavaş ordumuzun təminatı ilə bağlı problemlər öz həllini tapdı. İndi bizim istədiyimiz kimi sürətlə olmasa da, müharibədə köklü dəyişiklik üçün lazım olan ordunun bütün növ silahlarla təchiz edilməsi problemi də həll olunur.

- Bəs yenə də ən böyük ehtiyac nəyədir?

- Bunlar zirehli texnika, zirehli transportyorlar və piyadaların döyüş maşınları, tanklar, həmçinin hava hücumundan müdafiə sistemləridir. Bütün bunlar ordumuzun daha güclü manevr qabiliyyətinə malik olmasına, düşmənin hava zərbələrindən qorunmaqla, döyüş meydanına tez yerləşdirilməsinə imkan verəcək. Eyni zamanda, Ukraynaya müasir aviasiya növlərinin tədarükü, əlbəttə ki, çox vacibdir. Bu cür silahlar nə qədər çox olarsa və nə qədər tez gələrsə, taktiki səviyyədə qələbələr bir o qədər tez olar.

- Hansı silah növləri indiki müharibənin göstərdiyi kimi özünü doğrultmadı, köhnəldiyini göstərdi?

- Demək olar ki, sovet tipli hər növ silahlar. Bunlar müasir müharibələr şəraitində hətta dünən deyil, srağagünün silahlarıdır. Niyə indiki müharibənin əvvəlində ordumuz bir çox cəhətdən məhz belə silahlarla silahlanmışdı - bu, qələbəmizdən sonra uyğun olan ayrı, böyük söhbətin mövzusudur. Bircə onu deyim ki, indiki irimiqyaslı müharibə başlayanda ordumuz çox az miqdarda Ukrayna istehsalı olan müasir silah nümunələri ilə təmin edilmişdi. Bəli, o vaxt ruslar da o qədər də yaxşı təchiz olunmurdular. Ancaq yenə də onların silahlarının sinfi daha müasir idi. Bu, Avropa keyfiyyətli cihazlarlarla təmin edilmiş Sovet-Rusiya silahı idi. Bütün çatışmazlıqlarına baxmayaraq, könüllülərin bizi verdiyi ciplərdən daha yaxşı idi. Xoşbəxtlikdən, indi vəziyyət dəyişdi. Ukrayna ordusu müasir Qərb silahları ilə silahlanıb və bu, müharibənin gedişinə daha da böyük təsir göstərəcək.

- Müharibə zamanı ümumilikdə Ukrayna ordusu və xüsusən sizin bölməniz hansı taktiki bacarıqlara yiyələnə bildi?

- Burada bütövlükdə ordunun və ümumilikdə döyüş hissələrinin komandanlıq və idarəetmə sistemindən danışmaq yerinə düşər. Bizim rus ordusundan əsas və şübhəsiz müsbət fərqimiz üfüqi deyil, şaquli münasibətlər sistemindədir. Rus işğalçı ordusunda yerli təşəbbüs kimi bir şey tamamilə yoxdur. Orada ali hərbi hakimiyyətin göstərişi yuxarıdan enir və bu göstərişin yanlışlığı və axmaqlığı açıq-aşkar görünsə belə, sorğu-sualsız icra olunur. Ruslar sırf pul naminə döyüşürlər. Sadəcə olaraq onların başqa motivasiyası yoxdur. Onlar üçün maddi dəyərlər, bizim üçün isə mənəvi dəyərlər daha önəmlidir. Ona görə də biz insanıq, onlar isə qeyri-insandır demək düzgün olar. Buçada Ukraynalıların soyqırımını təşkil edənlərə başqa nə ad vermək olar? Bundan əlavə, ordumuzda hər şeyin daha demokratik olması təbiidir. Obrazlı desək, yerli bölmələrin rəhbərlərinə indiki məqamda həqiqətən mövcud olan situasiyaya uyğun hərəkət edərək öz qabiliyyətlərini tam nümayiş etdirmək imkanı verilir. Ordumuzda 25 yaşlı kiçik leytenant 50 yaşında bir əsgərin məsləhətinə qulaq asa bilər. Hamımız birik. Bizim bir ümumi məqsədimiz var. Və bilirik ki, biz Vətənimiz uğrunda vuruşuruq. Bəlkə də, elə ona görə ordumuz indi döyüş meydanında möcüzələr nümayiş etdirir.

- Ukrayna ordusunun zabit, çavuşlarının hazırlanması baxımından nəyi dəyişərdiniz və Ukrayna hərbi ali məktəblərində kadr hazırlığı üçün hansı dəyişikliklərə ehtiyac var?

- İlk növbədə təhsilin fəlsəfəsi. Amerika ordusunda, ABŞ-ın hərbi universitetlərində gələcək liderlər kimi çox tankçı, topçu, pilot və xüsusi təyinatlılar yetişdirirlər. Qalanlara rəhbərlik edəcəklər, gələcək komandirlərdir. Onlar ordunun və dövlətin qüdrətinin təminatıdır. Ona görə də ABŞ-da orduda şəxsiyyət faktoruna bu qədər diqqətlə yanaşılır. Rusiyada isə həmişə fərqli bir prinsip olub və qalır - insan həyatına açıq nifrət. Çünki “qadınlar yenilərini doğacaq” deyə düşünürlər. Ukrayna artıq müharibə üsullarına məhz Qərbin münasibət fəlsəfəsini qəbul edir. Gələcəkdə ordumuzun və dövlətimizin uğurlarının açarı yeni rəhbərlərin yetişdirilməsi kursu olacaq.

- Azərbaycanla Ermənistan arasında 44 günlük müharibənin gedişatını izlədinizmi və belədirsə, qələbəmizin əsas sirri nədədir?

- Azərbaycanla Ermənistan arasında müharibə olduğu 44 gün ərzində onun gedişi ilə bağlı xəbərləri izləmişəm. Etiraf edirəm ki, o müharibədən əvvəl mən Qarabağ münaqişəsini xüsusi izləmirdim, onun səbəb və nəticələrini öyrənmirdim. Amma 44 günlük müharibə başlayandan sonra mən bu məsələnin təfərrüatlı tədqiqi ilə məşğul oldum və başa düşdüm ki, bu münaqişə həm Bakıya, həm də İrəvana eyni vaxtda təzyiq rıçaqlarına malik olmaq üçün Rusiya tərəfindən yaradılıb. Azərbaycan öz torpaqlarını geri qaytara bildi. Biz də eyni şeyi edirik. Və yəqin ki, 44 günlük müharibədə Azərbaycan ordusunun qələbə qazanmasının sirri bizim qələbələrimizin sirri ilə eyni idi. Bu, aydın motivasiyadır, əsgərdən tutmuş zabitə qədər hərbçilərin hər birinin həyatını təhlükəyə ataraq döyüşə getməsinin səbəblərini dərk etməkdir. Hər şey Vətənin bütövlüyü, ata və analarımızın, qardaş-bacılarımızın, oğul-qızlarımız naminə edilir.

Müəllif: Əkbər Həsənov