Ukraynada fəlakət: Moskva hər vasitəyə əl atır, bircə qalır nüvə silahı

Aktual

12.10.2022 - 10:22

Deputat: “2023-cü ilin yayına qədər Ukrayna duruş gətirə bilsə, Krım xaric, digər ərazilərindən rus ordusunu uzaqlaşdıracaq”

Nazirin müşaviri: “Səhər saatlarında Kiyevdə çox ciddi patlayışlar oldu, əhali təşviş içindədir”

Rusiya ordusu Ukraynanın paytaxtı Kiyevə və bir neçə digər şəhərə raket zərbələri endirib. Təkcə oktyabrın 10-da paytaxtda 4 güclü partlayış səsinin eşidildiyi bildirilir. Dneprdə isə azı 3 partlayışın baş verdiyi qeyd olunur.

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenkonun sözlərinə görə, Kiyevə atılan raketlərdən biri Vladimirskaya küçəsinə düşüb. Bildirilir ki, Ukrayna Təhlükəsizlik Xidmətinin ofisi məhz bu küçədə yerləşir. Həmçinin Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisi də həmin əraziyə yaxın məsafədədir.

Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının üzvləri ilə keçirdiyi müşavirə zamanı bildirib ki, rəsmi Kiyevin “cinayətlərini” cavabsız qoymaq mümkün deyil: “Səhər yüksək dəqiqlikli silahlarla Ukraynanın enerji, hərbi və rabitə infrastrukturlarına kütləvi zərbələr endirilib. Ukrayna terror aktlarını Rusiya ərazisində davam edəcəyi halda bizim cavabımız sərt və öz miqyasına görə həmin təhdid səviyyəsinə müvafiq olacaq”.

Krım körpüsünün partladılması ilə bağlı danışan Putin vurğulayıb ki, "Kiyev özünü ən təhlükəli terrorçu qruplarla bir cərgəyə qoyub".

Qeyd edək ki, Moskva işğal və ilhaq etdiyi Krım, Donetsk, Luqansk, Xerson və Zaparojye bölgələrini özünün “qırmızı xətti” elan edib və bildirib ki, həmin ərazilərə qarşı hər hansı hücum, akt baş verərsə, istənilən bütün vasitələrə əl atılacaq.

Bu təhdid özlüyündə nüvə silahından istifadəni də ehtiva edirmi? Ukraynada baş verənlər Üçüncü Dünya müharibəsinə və bəşəriyyətin böyük faciəsinə səbəb ola bilərmi?

Milli Məclisin üzvü, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rüfət Quliyev mövzuya dair AYNA-ya açıqlamasında deyib ki, Rusiya-Ukrayna müharibəsi çox gərgin fazaya qədəm qoyub: “Elə bir vəziyyət yaranıb ki, artıq nə Qərb, nə də Rusiya geri çəkilə bilir. Ukrayna sadəcə platsdarm rolunu oynayır. Ukraynada infrastrukturun 75 faizi məhv olub. On minlərlə ev dağıdılıb. Müharibəyə görə bu ölkəyə bir 1 trilyon dollardan çox ziyan dəyib. Düzdür, Qərb Ukraynaya yardım edir. Amma bu yardımların əksəriyyəti kreditdir. Yəni, Ukraynanın üzərinə maliyyə məsuliyyəti qoyur. Müharibənin bir günü Ukrayna üçün 200 milyon dollara başa gəlir”.

“Rusiya isə bu müharibədə hər gün 900 milyon dollar itirir. Getdikcə müharibənin miqyası böyüyür. Münasibətlər gərginləşir və tərəflər güzəşt siyasətindən birmənalı şəkildə imtina edir. Krımda körpünün partladılması, ardınca paytaxt Kiyev və digər şəhərlərə Rusiyanın raket zərbələri endirməsi bunun bariz nümunəsidir. Hesab edirəm ki, gələn ilin yayına qədər Ukrayna dözüm nümayiş etdirə bilsə, Krım istisna olmaqla, digər şəhərlərdən rus ordusunu çıxarmağa müvəffəq olacaq. Lakin bu barədə qəti proqnoz vermək mümkün deyil”, - deyə deputat bildirib.

Onun fikrincə, nüvə müharibənin başlayacağı barədə ehtimallar səsləndirilsə də, bu, real deyil: “Əvvəla, ona görə real deyil ki, Rusiya nüvə silahından istifadə etsə, NATO da bu silahdan ona qarşı istifadə edəcək. Nəticədə dünyada nüvə müharibəsi başlayacaq və bu, bəşəriyyətin sonunu gətirəcək. Nə qərblilər, nə də ruslar yaşamaq üçün digər planetlərə üz tutasıdırlar. Ona görə də hər bir tərəf “qırmızı cizgiləri” bilir və dayanmaq lazım olduğu yerdə dayanacaqlar. Çünki nüvə müharibəsinə başlamaq intihar etməkdir. Buna isə, yəqin ki, nə Qərb, nə də Rusiya gedəcək”.

“Bu gün Rusiya elitasında təmsil olunan məmurlarının çoxunun övladları Avropada yaşayır, orada biznes qurublar. Digər yandan, Rusiya iqtisadiyyatı müharibənin fonunda sürətlə kiçilir. Büdcəni doldurmaq lazımdır. Bu isə asan məsələ deyil. Qərbdə də ciddi inflyasiya hökm sürür. Dünya iqtisadi böhranını şərtləndirən əsas səbəblərindən biri Ukrayna ilə bağlıdır. Təkcə İspaniyada 42 faiz inflyasiya qeydə alınıb. Bu, dəhşətli bir rəqəmdir. Avropa Rusiya qazından asılıdır və qış aylarında donmamaq üçün Moskva ilə hesablaşmağa məhkumdur. Kreml də Qərblə hesablaşmağa məcburdur. Ortada təbii bir asılılıq var və bütün bunların fonunda nüvə müharibəsinin başlaması inandırıcı deyil”, - deyə Quliyev vurğulayıb.

Azərbaycanın Ukraynadakı sabiq səfiri, Ukrayna maliyyə nazirinin müşaviri, Harvard Universitetinin analitiki Azər Xudiyev baş verənləri AYNA-ya şərh edərkən söyləyib ki, oktyabrın 10-u səhər saatlarında Kiyevdə çox ciddi patlayışlar olub: “Əhali təşviş içindədir, paytaxta yenidən raket zərbələrinin endiriləcəyi gözlənilir. Dövlət qurumları fəaliyyət göstərsə də, bəzi qurumlar, tədris və özəl müəssisələr fəaliyyətini dayandırıb. Hazırda nisbi sakitlik yaransa da, yenidən hücumların olacağı ehtimalı var. Bu barədə rəsmi Kiyev əhaliyə xəbərdarlıq da edib”.

“Yəqin ki, bu hücumlar bir neçə gün ərzində davam edəcək. Ukraynanın Krım körpüsünü vurmasından sonra Moskvanın bu cavabı gözlənilən idi”, - deyə həmsöhbətimiz qeyd edib.

Lakin Xudiyev hesab edir ki, ruslar bununla heç nəyə nail ola bilməyəcəklər: “Ukrayna ordusu döyüş əzmini qoruyur və istənilən təxribata cavab vermək iqtidarındadır. Artıq Kremldə də başa düşürlər ki, gözlədikləri effekti əldə etmirlər və bu səbəbdən mülki əhalini hədəfə almağa çalışırlar. Paytaxtın bəzi yerlərində elektrik enerjisi kəsilib. Poçtlar isə işləmir”.

Müəllif: Azər Niftiyev