Podolyak: "Hazırda ən böyük problem müharibənin daha da qızışmasıdır"
Araxamiya: “Mən dərhal deyirəm ki, biz heç nəyə imza atmırıq"
Ukrayna Prezidentinin ofisinin rəsmi nümayəndəsi Mixail Podolyak Türkiyənin İstanbul şəhərində Rusiya ilə Ukrayna nümayəndə heyətinin danışıqları barədə ilkin məlumatları açıqlayıb.
AYNA UNİAN-a istinadən bildirir ki, Podolyak bir sıra mühüm məsələlər üzrə məsləhətləşmələr aparıldığını qeyd edib.
"Hazırda bir neçə mühüm məsələ üzrə məsləhətləşmələr aparılır. Əsas məsələ Ukrayna üçün beynəlxalq təhlükəsizlik təminatlarına dair razılaşmadır. Məhz onunla biz müharibəyə son qoya bilərik. İkinci məsələ, heç də az əhəmiyyətli olmayan humanitar problemlərin həlli üçün atəşkəsdir”, - deyə Podolyak vurğulayıb.
Ukrayna rəsmisi bildirib ki, hazırda ən böyük problem müharibənin daha da qızışmasıdır: "Bu günün əsas problemi müharibənin getdikcə böyüməsidir. Eyni zamanda, əsirlərə qarşı kobud münasibət var. Əsirlərin çəkilən videolarından görünür ki, bu, Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Belə halların təkrarlanmaması üçün birgə səylərin aparılması müzakirə olunub”.
Ukrayna nümayəndə heyətinin üzvü David Araxamiya Türkiyədə Rusiya-Ukrayna danışıqlarının yekunları barədə brifinqdə bildirib ki, Ukraynanın Rusiya ilə danışıqlarda ilk qələbəsi nümayəndə heyətinin görüşünün Belarusdan Türkiyəyə keçməsidir: “Bu gün növbəti danışıqlarımız oldu. İlk qələbəmizi əyani danışıqlar yerinin Belarusdan Türkiyəyə keçməsi hesab edirik. Çünki Türkiyə bizim dostumuz və tərəfdaşımızdır və biz bu ölkəni təhlükəsizlik zəmanətçilərimizin sırasında görürük”.
Araxamiya danışıqlar zamanı Ukrayna tərəfinin rəsmi təkliflə çıxış etdiyini vurğulayıb: “Mən dərhal deyirəm ki, biz heç nəyə imza atmırıq, ancaq Ukrayna üçün yeni təhlükəsizlik zəmanətləri sistemi ilə bağlı təklif veririk. Bu, zaminlər tərəfindən imzalanacaq beynəlxalq müqavilə olmalıdır. Ona görə ki, o, ratifikasiya olunsun və Budapeşt Memorandumunda olduğu kimi səhvə yol verməyək”.
Qeyd edək ki, bu gün iki ölkənin nümayəndə heyətləri Türkiyənin İstanbul şəhərində müzakirələr aparıblar.