Ukrayna Rusiya ilə qaz tranziti müqaviləsini yeniləməyəcək

Dünya

18.03.2024 - 12:35

“Biz heç bir əlavə saziş bağlamağı və ya bu müqaviləni uzatmağı planlaşdırmırıq”

Ukrayna 2024-cü il dekabrın 31-dən sonra Rusiya ilə qaz tranziti sazişini davam etdirməyəcək. AYNA xəbər verir ki, bunu telemarafonda Ukraynanın energetika naziri German Qaluşenko deyib.

“Təsdiq edə bilərəm ki, biz heç bir əlavə saziş bağlamağı və ya bu müqaviləni uzatmağı planlaşdırmırıq”, - deyə nazir bildirib.

Qaluşenko qeyd edib ki, ötən il Ukrayna qaz nəqli sistemi və yeraltı qaz anbarlarında stress testi keçirib və bu sistemin tranzitsiz işləmək qabiliyyətini sübut edib.

Energetika Nazirliyinin rəhbəri Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Kadri Simsonun müqavilənin müddətinin uzadılmasında maraqlı olmaması ilə bağlı bəyanatını da xatırladıb.

“Aİ-nin “RepowerEU” təşəbbüsü var ki, 2027-ci ilə qədər Avropa ölkələri Rusiya qazından – təkcə boru kəməri qazından deyil, bütün qazdan tamamilə xilas olacaq”, – Qaluşenko qeyd edib.

Nazir əlavə edib ki, bazarda Rusiya qazına kifayət qədər alternativ var.

Qaluşenkonun sözlərinə görə, Ukrayna da öz enerji təhlükəsizliyini və müstəqilliyini, xüsusən də yerli qaz hasilatını artırmaqla fəal şəkildə möhkəmləndirir.

Müəllif: Ayna.az