Uels millisi 64 ildən sonra Dünya Çempionatının final mərhələsində iştirak edəcək

İdman

06.06.2022 - 03:45

Komandanın rəqibləri İngiltərə, İran və ABŞ olacaq

Qətərdə keçiriləcək futbol üzrə Dünya Çempionatına Avropa zonasından son vəsiqənin sahibi müəyyənləşib. AYNA xəbər verir ki, komanda pley-off mərhələsinin final qarşılaşmasında Ukrayna yığmasına qalib gəlib - 1:0. Matçın 34-cü dəqiqəsində Ukrayna millisinin futbolçusu Andrey Yarmolenko avtoqol müəllifi olub.

Qeyd edək ki, Uels millisi ilk və sonuncu dəfə 1958-ci il Dünya Çempionatında mübarizə aparıb. Həmin vaxt bu komandanın qarşısını dörddəbir finalda Braziliya yığması 1:0 hesablı qələbə ilə kəsib.

Uels yığması çempionatda B qrupunda mübarizə aparacaq. Komandanın rəqibləri İngiltərə, İran və ABŞ olacaq.

Dünya Çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Müəllif: Ayna.az