Sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində 8 kiloqram marixuana aşkarlanaraq götürülüb
Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində ümumi çəkisi 8 kiloqram narkotik vasitənin qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən alınıb, “Göytəpə” və “Xudat” sərhəd dəstələrində dövlət sərhədini pozmağa cəhd göstərən iki nəfər sərhəd pozucusu və bir nəfər bələdçi sərhəd naryadının sayıqlığı nəticəsində saxlanılıb.
DSX-nin Mətbuat Xidmətindən AYNA-ya verilən məlumata görə, mayın 9-da saat 07:00 radələrində Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində, Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən Əlcəzair Xalq Demokratik Respublikası vətəndaşı 1997-ci il təvəllüdlü Merrouche Ebdelouahab saxlanılıb.
Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsə bələdçilik edən Azərbaycan vətəndaşı 1976-cı il təvəllüdlü Məmmədov İlham İsaxan oğlu müəyyənləşdirilərək istintaqa cəlb edilib.
Mayın 10-da saat 01:40-da Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində, dövlət sərhədini pozaraq qanunsuz yolla İran İslam Respublikasından Azərbaycan Respublikasına keçməyə cəhd göstərən Azərbaycan vətəndaşı 1988-ci il təvəllüdlü Şirəliyev Aqil Məhəmməd oğlu saxlanılıb.
Mayın 11-də saat 21:45-də Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində naməlum şəxsin İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozması müşahidə olunub. Sərhəd naryadı tərəfindən “Dayan” əmrinin verilməsinə və havaya xəbərdarlıq atəşinin açılmasına baxmayaraq relyefin mürəkkəbliyindən istifadə edən sərhəd pozucusu geriyə, İran ərazisinə qaçıb.
Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 8 kiloqram narkotik vasitə marixuana aşkarlanaraq götürülüb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri dаvаm еtdirilir.


