“Tutduqları kiçik balıqları suya buraxanlara pul ödəyirik”

Cəmiyyət

24.10.2021 - 21:39

Əfqan Əliyev: “İnsanları balıq ovu üçün qurulan torları tapmağa və hesabat verməyə təşviq edirik”

Azərbaycan balıqçılıq ölkəsinə çevrilə bilər, amma bunun üçün çox iş görmək lazımdır. Ekologiya mütəxəssislərinin və balıqçıların dediyi kimi, hazırda ölkənin balıq ehtiyatları tükənib. Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev AYNA-ya müsahibəsində mövcud problemlərdən danışıb.

- Respublikada balıq ehtiyatları nə qədər azalıb və bunun əsas səbəbi nədir?

- Haradasa 80%. İndi nərə balığı əvvəlkindən qat-qat azdır. Dənizdə və digər su hövzələrində fəlakətli dərəcədə az xəşəm var. Berj bir vaxtlar tamamilə yoxa çıxdı, indi tapılır, lakin çox nadir hallarda. Həmçinin, çay və dəniz faunasının digər nümayəndələri, xüsusən krevet daha azdır. Bu ehtiyatların azalmasını Ekologiya və Təbii Sərvətlər Nazirliyi də təsdiqləyir və bunu ilk növbədə təbii amillərlə, xüsusən dayazlaşma ilə izah edir. Amma əslində əsas səbəb insan faktoru, yəni brakonyerlikdir. Qeyd edim ki, ölkəmizdə balıqların 95 faizə yaxını qanunsuz əsaslarla ovlanır. Lakin son vaxtlar balıq ehtiyatlarının azalması səbəbindən brakonyerlərin də sayı azalıb.

- Su hövzələrəmizdə balıqların sayını necə artırmaq olar?

- Təəssüf ki, ölkədə konkret olaraq balıq ehtiyatları ilə məşğul olan dövlət qurumu yoxdur. Sovet dövründə Balıqçılıq Nazirliyi var idi. İndi bu məsələ ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğuldur, amma bu qurum bütün ekologiyaya cavabdehdir. İstəsək, təbii su hövzələrində balıqların sayı artırıla bilər, çünki Azərbaycanda bunun üçün bütün şərait, o cümlədən uyğun iqlim şəraiti var. Bununla yanaşı, sənaye yolu ilə balıq yetişdirilməsinin artırılması da mümkündür və lazımdır.

Məsələn, İranda əvvəllər faktiki olaraq balıqçılıq sənayesi yox idi, indi isə bu sahədə böyük uğurlar əldə edib, Azərbaycana və Rusiyaya balıq tədarük edirlər. Ən ucuz balıqlardan sayılan sazan kimi balıqların bizə İrandan, Rusiyadan, yəni Dağıstandan gətirilməsi balıq ehtiyatımızın tükənməsindən xəbər verir. Bizdə balıq yetişdirmək çətin deyil, amma bu fəaliyyəti stimullaşdırmaq, ona marağı artırmaq lazımdır.

- Təşkilatınız brakonyerliyə qarşı mübarizədə iştirak edirmi?

- Ötən il və bu il biz Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə brakonyerliyə qarşı mübarizə sahəsində əməkdaşlığa başladıq. Həvəskar balıqçılar və sənaye balıq ovu ilə məşğul olanlar qeyd edirlər ki, bundan sonra balıq çox da olmasa, bir az artıb. Fəaliyyətimizin nəticələri tərəfimizdən sosial şəbəkələrdə yerləşdirilir ki, hər şey şəffaf olsun. Bu cür əməkdaşlığa dəstək verdiyi üçün nazir Muxtar Babayevə təşəkkürümü bildirirəm. Biz müxtəlif su hövzələrinin dibində yatan sintetik torlardan təmizlənməsinə kömək etdiyimiz reydlərdə iştirak edirik. Onlar məhv edilməlidir. Bu cür torlar kütləvi balıq ölümünə səbəb olur və ümumiyyətlə ətraf mühitə mənfi təsir göstərir. Bir vaxtlar ölkəyə çoxlu sayda Çin sintetik torları gətirilirdi ki, bu da çox ucuz idi. Xoşbəxtlikdən, onları idxal etmək, satmaq və istifadə etmək qadağan edildi. Çoxlu su hövzələrimiz boşdur, oradakı balıqlar vaxtında torlarla, elektrik cərəyanı ilə məhv edilib, kimyəvi maddələrlə zəhərlənib.

Brakonyerlərin balıqları öldürmək üçün istifadə etdikləri elektrik cihazlarını da aradan qaldırırıq. Ən böyük problem Xəzərə tökülən su axarlarının vəziyyətidir. Qazanlar deyilən çuxurlara görə balıqlar kürü tökmək üçün içəri girə bilmirlər. SSRİ-nin dağılmasından uzun müddət sonra bütün bu məqamlara lazımi diqqət yetirilmədi ki, bu da kədərli nəticələrə gətirib çıxardı. Birliyimizin 30 min nəfər üzvü var və hazırda fəaliyyətimizi öz gücümüzlə idarə edirik, lakin bu, çətindir. İşimizdə tez-tez lazım olan imkanlarımız yoxdur. İndi təşkilatımızı assosiasiya kimi rəsmiləşdirmək üçün sənədlər toplayırıq və ümid edirik ki, gələcəkdə dövlət bizə dəstək verəcək.

- Vətəndaşları balıq ehtiyatlarının mühafizəsinə cəlb edirsinizmi?

- Qeyd etmək istərdim ki, su obyektlərinin təmizlənməsi ilə məşğul olanların sayı daha çoxdur və tutulan balıqları kiçik olduqları təqdirdə yenidən suya buraxırlar. Əvvəllər belə deyildi. Biz insanları balıq ovu üçün qurulan torları tapmağa və hesabat verməyə təşviq edirik və 400 nəfərə torlardan istifadə etməmək üçün spininqlər payladıq. Əgər kimsə, deyək ki, kürüvermə dövründə çəkisi 8 kq-dan çox olan sazan balığı tutub, onu suya buraxıb bizə müvafiq video təqdim edibsə, biz ona bunun üçün satışdan alacağı məbləğdən qat-qat çox pul ödəyirik. Artıq beş ildir ki, hətta çox kiçik nərə balığının buraxılması üçün 50 manat ödəyirik. Hamı başa düşməlidir ki, təbiətin mühafizəsi ilə təkcə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olmamalıdır. Təbiət hər kəsə məxsusdur və hər birimiz onun mənafeyini qorumalıyıq.

Müəllif: Elya Belskaya