"Hərbi qanunvericilik cəmiyyətlə razılaşdırılmalıdır" təklifi dəstəklənir

Cəmiyyət

13.09.2019 - 13:06

"Qanunlar, dəyişikliklər bir nəfər üçün deyil, bütün xalq üçün nəzərdə tutulur"

 

Milli Məclis hərbi qanunvericiliyə bir sıra əlavə və dəyişiliklərlə bağlı məsələlərə baxacaq. Hərbi ekspert Üzeyir Cəfərov düşünür ki, Milli Məclis digər qanunlardan tam fərqli olaraq, xüsusən hərbi qanunvericiliklə bağlı məsələlərə adi baxacaq, çox dolaşıq vəziyyət yaranacaq.

 

Ü.Cəfərov öz fikrini misallarla əsaslandırmağa çalışıb: “Dövlət orqanlarının strukturuna daxil olan qurumlarda hərbi xidmətdə olan şəxslər və toplanışlarda olan hərbi vəzifəlilər sığorta olunması təklif olunur. Halbuki, “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” qanunun 2-ci maddəsində bu aydın şəkildə göstərilib. Və yaxud, təklifə əsasən, “Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə yaradılmış digər qoşun birləşmələrində” sözləri “hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında” sözləri ilə əvəzlənməlidir. Ancaq qanunun adında aydın şəkildə yazılmış "Hərbi qulluqçuların dövlət icbari sığortası..." sözləri elə hərbi xidmət anlayışını ehtiva edir”.

Картинки по запросу Üzeyir Cəfərov

“Qanunun 21.2.3-cü bəndinə təklif edilən dəyişikliyə görə, müddətli həqiqi hərbi xidmət və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında xidmət müddəti sığorta stajına daxil ediləcək. Halbuki bizdə hələ də "Alternativ" Xidmət haqqında qanun qəbul olunmayıb. Belə olan halda, necə olur ki, bu xidmət növu də Qanunda göstərilir? Olmayan bir şey hansı ağıl və dərrakə ilə qanunvericliyə salınır?”, - deyə ekspert qeyd edib.

 

Hərbi qanunvericiliklə bağlı Milli Məclisə təklifləri hazırlayanları savadsızlıqda ittiham edən Ü.Cəfərov məsələ ilə bağlı təklif də verib: “Qanunları hazırlayan şəxslər əvvəl ictimaiyyət arasına çıxıb, qəbul etmək istədikləri əlavə və dəyişiliklərin ictimai müzakirəsini təşkil etməli, sonra onları güc strukturlarının müvafiq idarə və şöbələri ilə birgə bir daha nəzərdən keçirməli, yalnız ümumi razılıq olandan sonra Milli Məclisin plenar iclasına çıxarmazdan əvvəl müvafiq komitədə bir daha hərtərəfli müzakirə aparmalıdırlar”.

 

AYNA-ya danışan hərbi ekspert, ehtiyatda olan polkovnik Şair Ramaldanov da açıqlamasında Ü.Cəfərovun iradları ilə razılaşıb: “Dəyişikliklərin nədən ibarət olacağı ilə hələ ki, tanış deyiləm. Düşünürəm ki, Milli Məclisdə nəsə təklif edilirsə, əvvəlcədən aidiyyəti qurumlarla bu məsələlər müzakirə olunur. Ola bilsin ki, təkliflərdə müəyyən məsələlər öz əksini tapmayıb və ya nələrisə dəqiqləşdirmək lazımdır. Çünki Üzeyir bəyin bu sahədə böyük təcrübəsi var. O, əlindəki məlumatlara əsasən mövqeyini bildirib və biz onun mövqeyinə hörmətlə yanaşırıq”.

Картинки по запросу şair ramaldanov

Ş.Ramaldanov da vurğulayıb ki, hərbi xidmətlə bağlı dəyişikliklər müəyyən şəkildə əvvəlcə ictimaiyyətə çatdırılmalıdır: “Daha geniş auditoriya öz təkliflərini verərək həmin qanunları və dəyişiklikləri daha məqsədyönlü edə bilər, düşünülmüş nəticələr əldə olunar. Biz bilmirik ki, o dəyişiklikləri təklif edənlər bu məsələdə nə qədər peşəkardır. Vaxtaşırı dəyişikliklər olur və biz onlarla ancaq qanun formasında tanış ola bilirik”.

 

“Əvvəllər ölkədə qanunları geniş auditoriyaya, müzakirəyə çıxartmağa imkan yox idi, ancaq indi bunun üçün geniş imkanlar var. Bu məsələdə ictimaiyyət də yaxından iştirak edə bilər, ehtiyata çıxan zabitlərin fikirlərini öyrənmək olar. Çünki qanunlar, dəyişikliklər bir nəfər üçün deyil, bütün xalq üçün nəzərdə tutulur. Ona görə də qanuna edilən dəyişikliklərdən də o qanuna aidiyyəti olan minlərlə insanın məlumatı olmalıdır”, - deyə polkovnik əlavə edib.

 

Hərbi ekspertin fikrincə, bu prosesdə insanların iştirak etməsi qanunvericiliyin daha səmərəli fəaliyyətini təmin edə bilər: “Təkliflər müzakirədən, təhlildən keçməli, bütün məsələləri əhatə etməlidir. Belə olan halda həmin əlavələr “bişmiş” olacaq. Bizdə isə qanun qəbul olunandan sonra cəmiyyət onunla tanış olur, səhvləri görür və narazılıqlar yaranır, müəyyən fikirlər söylənilir. Hansı ki, bütün bunlar əvvəlcədən nəzərə alınsa, belə problemlər yaranmaz. Üzeyir Cəfərovu bu məsələdə dəstəkləyirəm”.

 

“Bugünkü şəraitdə aidiyyəti şəxslər sosial şəbəkələrin imkanlarından istifadə etməklə də bu məsələləri müzakirə edə, öz təklif və tövsiyyələrini bildirə bilərlər. Bunun nətiəsində də qanunverici orqan düzgün təhlil aparar, düzgün düzəlişlər edər. Bunun üçün çox qısa zaman kifayətdir. Qanun qəbul edən orqan qanunu kimin üçün qəbul edirsə, onun fikirlərini bilərək öz qərarlarını verə bilər. Müsair dövrdə qanunların qəbul edilməsində ancaq hansısa qurumlar, qanunverici orqan yox, qanunun aidiyyəti olan cəmiyyətin nümayəndələri də müzakirələrdə iştirak etməlidir”, - deyə müsahibimiz bildirib.

Похожее изображение

Milli Məclisin Müdafiə, Təhlükəsizlik və Korrupsiya ilə mübarizə Komitəsi üzvü, deputat Hikmət Babaoğlu isə AYNA-ya açıqlamasında hər iki ekspertin təklifini təqdir edib: “İctimaiyyət tərəfindən belə təşəbbüslərin irəli sürülməsi təqdirəlayiq haldır. Təqdir edirəm ki, ictimaiyyət nümayəndələrimiz belə məsələlərdə fəal olmağa çalışırlar. Bu, şübhəsiz ki, qanunvercilik prosesinin daha da təkmilləşməsinə xidmət göstərən təşəbbüs olardı”.

 

Millət vəkili hərbi qanunvericiliyə ediləcək əlavə və dəyişiliklər barədə də danışıb: “Qanun layihəsi ilə tanış olmadığıma görə, orada nələrin olub-olmadığını dəqiq bilmirəm. Qanun layihəsi Milli Məclisdə müzakirə olunmağa başlayanda, əlbəttə ki, öyrəniləcək. Düşünürəm ki, müvafiq komissiyada da kifayət qədər zəngin təcrübəyə malik millət vəkillərimiz var. Eyni zamanda Milli Məclisin Aparatında mütəxəssislər var. Layihə ilk növbədə müvafiq komitələrə daxil olur, orada müzakirə olunur, sonra müəyyən iclaslarda tövsiyyə olunur. Yəni bu prossesdə, heç şübhəsiz ki, həmin qanun cilalanacaq”.

 

H.Babaoğlu onu da deyib ki, ekspertlər öz iradlarını komitəyə bildirsələr, irad və təklifləri nəzərə alınar: “Hər bir vətəndaş müvafiq məsələlərlə bağlı öz təkliflərini göndərə bilərlər. Və məqbul hesab olunarsa, şübhəsiz ki, həmin təklifləri nəzərə almaq mümkündür. Onsuz da Milli Məclisdə bu məsələlər ekspert qrupu tərəfindən ekspertiza olunaraq gündəmə gətirilir”.

Müəllif: Rumiyyə Miraslan